Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən AI Youth Camp layihəsi çərçivəsində, Bakı Mühəndislik Universitetinin tərəfdaşlığı ilə süni intellekt mövzusunda hakaton təşkil olunub.
Turkustan.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi Bakı Mühəndislik Universitetinin tələbələri arasında süni intellekt texnologiyalarına marağın artırılması, gənclərin innovativ düşüncə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların texnoloji ideyalarını real layihələrə çevirmələri üçün praktiki imkanların yaradılması olub.
Hakatona qeydiyyat mərhələsində üç nəfərdən ibarət 73 komanda olmaqla ümumilikdə 219 nəfər müraciət edib. Təqdim olunan ideyalar və müraciətçilərin təcrübələri nəzərə alınaraq 14 komanda və ümumilikdə 42 iştirakçı seçilib. Layihənin əsas hədəf qrupu Bakı Mühəndislik Universitetinin tələbələri olub.
Hakatonun ilk mərhələsində iştirakçılar üçün süni intellekt və startap mövzularını əhatə edən bir təlim təşkil olunub. Ərtuğrul Qayıbov tərəfindən keçirilən təlimdə iştirakçılar süni intellekt texnologiyalarının tətbiqi, innovativ yanaşmalar və startapların formalaşdırılması istiqamətində biliklər əldə ediblər.
Təlimdən sonra komandalar öz layihə ideyaları üzərində işləməyə başlayıblar. Hakatonun hər iki günü ərzində layihə komandası tərəfindən iştirakçılara mentor dəstəyi göstərilib. Komandalar ideyalarını inkişaf etdirib, təklif etdikləri həlləri formalaşdırıb və yekun təqdimatlarını hazırlayıblar.
Hakatonun ikinci günündə komandalar hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər. Təqdimatlar innovativlik, təqdimat bacarığı və münsiflərin suallarının cavablandırılması meyarları əsasında qiymətləndirilib.
Qiymətləndirmə prosesi iki nəfərdən ibarət münsiflər heyəti - Ərtuğrul Qayıbov və Dilarə Quluzadə tərəfindən həyata keçirilib.
Münsiflər heyətinin qiymətləndirməsinin nəticələrinə əsasən hakatonun qalibləri müəyyənləşdirilib:
• I yer - İSE Lab
• II yer - Veni vidi vici
• III yer - İNHAVATİON
Qalib komandalar mükafatlandırılıb. Həmçinin hakatonun bütün iştirakçılarına və layihənin təşkilati prosesində iştirak edən komanda üzvlərinə sertifikatlar təqdim olunub.
AI Youth Camp layihəsi çərçivəsində 219 nəfərin müraciəti arasından seçilmiş 42 tələbə süni intellekt sahəsində biliklərini praktiki fəaliyyətlə möhkəmləndirmək imkanı əldə edib. İştirakçılar komanda şəklində işləmək, ideyalarını innovativ həllərə çevirmək, layihə hazırlamaq və onları münsiflər heyəti qarşısında təqdim etmək təcrübəsi qazanıblar.
Hakaton tələbələrin texnologiya və innovasiya sahəsində potensiallarının üzə çıxarılmasına, onların yeni ideyalar ətrafında birləşməsinə və gələcək layihələr üçün əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verib.
Layihənin təşəbbüskarı və rəhbəri Zərif Salehzadə olub. Layihənin həyata keçirilməsində tərəfdaşlığına görə Bakı Mühəndislik Universitetinə, maliyyə dəstəyinə görə isə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürümüzü bildiririk.





