Yaponiyanın Baş naziri Sanae Takaichi cümə axşamı bildirib ki, iyul ayında Yaponiyanın neft idxalının demək olar ki, hamısı Hörmüz boğazından keçməyən alternativ mənbələr hesabına təmin ediləcək.
Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Takaichi hökumət iclasında qeyd edib ki, “iyul ayında orta aylıq tələbatın təxminən 100 faizi alternativ mənbələrdən qarşılanacaq. Əvvəllər neftimizin 90 faizindən çoxu Hörmüz boğazından keçsə də, artıq bu asılılığı aradan qaldırmağa yaxınlaşmışıq”.
O, həmçinin ABŞ-dan neft idxalının ötən illə müqayisədə on dəfədən çox artmasının gözlənildiyini bildirib.
Baş nazirin sözlərinə görə, Yaponiya nefti artıq Mərkəzi və Cənubi Amerika, Afrika və Asiya ölkələrindən də idxal edəcək. Bundan əlavə, Kanada ilə yeni tədarük planları hazırlanır, Meksikadan isə ilk neft partiyasının iyul ayında çatdırılması gözlənilir.
Bu açıqlama ABŞ və İran qüvvələri arasında bölgədə gərginliyin artdığı, Tehranın Hörmüz boğazını bağladığını elan etdiyi və ABŞ-ın isə ticarət gəmilərinin keçidinin davam edəcəyini bildirdiyi bir vaxtda verilib.
Aytən Yaşar/ Turkustan.az