Mingəçevir Dövlət Universiteti Naxçıvanda I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransında fəal tərəfdaş kimi iştirak edib


Memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – NAXÇIVAN 2026) mayın 26-da öz işinə başlayıb.

Konfrans Naxçıvan Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə, Türkiyə, Macarıstan və Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrinin tərəfdaşlığı çərçivəsində keçirilir.

Turkustan.az xəbər verir ki, beynəlxalq konfransın tərəfdaşları sırasında Türkiyənin Gümüşhane Universiteti, Karadeniz Teknik Universiteti, Pamukkale Universiteti, Akdeniz Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Adıyaman Universiteti və Bayburt Universiteti, eləcə də Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti, Macarıstanın Széchenyi István Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti yer alır.

Konfransın əsas məqsədi mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı istiqamətində aparılan müasir elmi tədqiqatların müzakirəsi, Türk dünyasının ortaq mədəni dəyərlərinin elmi əsaslarla təbliği, innovativ turizm yanaşmalarının təşviqi və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsidir. Eyni zamanda, tədbir Naxçıvan və Mingəçevir şəhərlərinin zəngin tarixi-mədəni irsinin və turizm potensialının beynəlxalq səviyyədə daha geniş tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Konfransdan əvvəl Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni abidələri, turizm infrastrukturu və strateji turizm məkanları ilə yaxından tanış olub. Səfər çərçivəsində qonaqlara Naxçıvanın qədim tarixi, zəngin memarlıq ənənələri və inkişaf edən turizm imkanları barədə geniş məlumat verilib.

Naxçıvan Dövlət Universitetinin Konqres Mərkəzində keçirilən beynəlxalq konfransda MDU və NDU-nun akademik-inzibati heyəti, professor-müəllimləri, tədqiqatçıları, tələbələri, eləcə də tərəfdaş universitetlərin nümayəndələri, yerli və xarici alimlər iştirak ediblər.

Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi ziyarət olunub, dahi dövlət xadiminin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Naxçıvan Dövlət Universitetinin şəhərciyində təşkil olunan sərgi və emalatxanalara baxış keçirilib, burada tələbələrin əl işləri, yaradıcılıq nümunələri, universitetin müasir tədris infrastrukturu və maddi-texniki bazası iştirakçılarda xüsusi maraq doğurub.

Konfrans Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvanın tarixən Türk-islam sivilizasiyasının mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayaraq, Memar Əcəmi Naxçıvani kimi dünya memarlıq tarixində silinməz iz qoymuş şəxsiyyətlərin irsinin beynəlxalq elmi müstəvidə təbliğinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, konfrans mədəni irsin qorunması, dayanıqlı turizmin inkişafı və universitetlərarası əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.

Konfransda çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov tədbirin regionun iki aparıcı ali təhsil müəssisəsi arasında formalaşan strateji akademik əməkdaşlığın uğurlu nümunəsi olduğunu bildirib. Rektor qeyd edib ki, MDU və NDU-nun birgə təşkilatçılığı ilə keçirilən bu beynəlxalq konfrans yalnız elmi müzakirə platforması deyil, eyni zamanda Türk dünyasının ortaq mədəni yaddaşının qorunmasına, dayanıqlı turizm strategiyalarının formalaşdırılmasına və beynəlxalq elmi inteqrasiyanın gücləndirilməsinə xidmət edən mühüm təşəbbüsdür.

Anar Eminov vurğulayıb ki, konfrans çərçivəsində aparılan elmi müzakirələr Naxçıvan və Mingəçevirin zəngin tarixi-mədəni irsinin, turizm potensialının və regional inkişaf imkanlarının daha səmərəli şəkildə tanıdılmasına geniş imkanlar yaradır. O qeyd edib ki, xüsusilə Türkiyənin mədəni irsin qorunması, turizm idarəçiliyi və turizm marşrutlarının təşkili sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi regionun beynəlxalq turizm xəritəsində mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.

MDU rektoru, həmçinin, Naxçıvan Dövlət Universitetinin yüksək təşkilatçılığını, qonaqpərvərliyini və səmimi ev sahibliyini xüsusi vurğulayaraq, tərəfdaş ali təhsil müəssisələri arasında əməkdaşlığın gələcəkdə daha genişmiqyaslı beynəlxalq layihələrlə davam etdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Gümüşhane Universitetinin rektoru prof. Dr. Okan Yıldız, Akdeniz Universitetinin rektoru Prof. Dr. Özlenen Özkan, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Pamukkale Universitetinin rektoru prof. Dr. Mahmud Güngör və Bayburt Universitetinin prorektoru prof. Dr. Yusuf Bilgin konfransın beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirərək, bu cür elmi platformaların Türk dünyasının ortaq akademik və mədəni əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Rəsmi çıxışlardan sonra konfrans bədii proqramla davam edib. Təqdim olunan musiqi və mədəni kompozisiyalar tədbirə xüsusi estetik ovqat bəxş etməklə yanaşı, milli-mədəni irsin təbliği baxımından da iştirakçılarda zəngin təəssürat yaradıb.

Günün ikinci yarısında konfrans öz işini hibrid formatda təşkil olunan bölmə iclasları ilə davam etdirib. Yerli və xarici tədqiqatçıların iştirakı ilə keçirilən panel sessiyalarında mədəni irsin qorunması, ağıllı turizm, qonaqpərvərlik idarəçiliyi, innovasiya, iqlim dəyişiklikləri, ekoloji dayanıqlılıq, tarixi-arxeoloji irs və sosial-humanitar yanaşmalar istiqamətində müxtəlif elmi məruzələr təqdim olunub.

Qeyd edək ki, I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – NAXÇIVAN 2026) regionda mədəni irs və dayanıqlı turizm sahəsində beynəlxalq elmi dialoqun genişləndirilməsi, universitetlərarası tərəfdaşlığın inkişaf etdirilməsi və Türk dünyasının ortaq akademik dəyərlərinin təşviqi baxımından mühüm elmi platforma kimi qiymətləndirilir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ