Normadan 300 faiz çox yağış – Azərbaycanda nə baş verir?


Hazırda Bakı, Abşeron yarımadası və Sumqayıtda müşahidə olunan leysan yağışları və dolu may ayı üçün xarakterik hesab edilmir. Son illər havaların qəfil dəyişməsi, intensiv yağıntılar və qeyri-sabit atmosfer şəraiti isə iqlim dəyişiklikləri ilə bağlı narahatlıqları artırır.

Bəs mayın son günlərində müşahidə olunan bu kəskin hava şəraiti nədən xəbər verir?

Mövzu ilə bağlı Musavat.com-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, meteorologiyada və təbiətdə bir qayda var: hər il eyni yağıntılar düşmür. Daim “bolsulu” və “qıt sulu” il anlayışları var. Bu il bolsulu ildir:

“Bu illər bir-birini daim əvəz edir. Elə illər olur ki, heç yağış yağmır, elə illər də olur ki, çox yağır. Bununla yanaşı, bolsulu və qıt sulu dövrlər də var. Məsələn, 10 il yağıntı az olur, 10 il isə çox olur. Bu, təkcə yağıntılara deyil, temperatur dəyişikliklərinə də aiddir. Məsələn, tarixi məlumatlara baxsaq, Avropada “kiçik buzlaşma dövrü” olub. 1250-1850-ci illər arasında hava çox ciddi şəkildə soyuq keçib. İndi isə istiləşmə gedir. Hazırda qlobal istiləşmə prosesi yaşanır. Əlbəttə ki, burada insan fəaliyyəti də mühüm rol oynayır. Bu qlobal istiləşmə yağıntıların il ərzində paylanmasına çox ciddi təsir edir. Məsələn, ilboyu düşməli olan yağıntı qısa müddət ərzində düşür. Bəli, bu il normadan artıq yağıntı müşahidə olunur. Artıq may ayında normadan dəfələrlə çox yağış yağıb. Məsələn, may ərzində düşən yağış normanın 300 faizi qədər olub. Paralel olaraq, aprel ayında da eyni vəziyyət yaşanıb. Yəni ekstremal hadisələrin sayı artır. Bütün bunlar nəzərə alınmalı və hesablanmalıdır. Amma bunlara normal yanaşmaq lazımdır. Bunun müsbət tərəfləri də var. Müsbət tərəfi ondan ibarətdir ki, bu il su bol olacaq. Su anbarları doludur”.

ROVSEN SON.jpg (237 KB)

R. Abbasovun sözlərinə görə, hər il bizdə müəyyən problemlər yaşanırdı, su çatışmazlığı ilə bağlı narahatlıqlar olurdu:

“Bu il isə belə problem olmayacaq. Yəni əkin-biçin üçün kifayət qədər su var. Bu da məhsul bolluğuna səbəb ola bilər. Doğrudur, dolu yağması və digər təbiət hadisələri müəyyən çətinliklər yaradır. Xüsusilə də dolu kənd təsərrüfatı məhsullarına ciddi təsir göstərə bilər. Amma mən buna bir qədər ehtiyatlı yanaşıram. Sadəcə, hər yerdə belə hallara daim hazır olmaq lazımdır. Nədənsə insanlar Bakı və ətraf ərazilərdə kanalların üstünü bağlamağa meyillidirlər. Kanallar bağlanır, qamışlıqlarda evlər tikilir. Bu isə təbii axın yollarını bağlayır. Yağış sularının toplanma sistemləri də düzgün işləməyəndə belə hadisələr baş verir. Normalda bu cür hadisələrə hazır olmaq lazımdır. İnfrastruktur sahəsində yaxşı iş aparılmalıdır”.


MANŞET XƏBƏRLƏRİ