“Memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransının qədim tarixə, zəngin dövlətçilik ənənələrinə və böyük mədəni-intellektual irsə malik Naxçıvanda keçirilməsi olduqca mühüm elmi, mənəvi və strateji əhəmiyyət daşıyır. Bu beynəlxalq konfrans müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirən akademik platforma olmaqla yanaşı, eyni zamanda Türk dünyasının ortaq tarixi yaddaşını, mədəni kimliyini və sivilizasiya dəyərlərini vahid elmi müstəvidə birləşdirən mühüm fikir məkanıdır.
Bu fikirləri mətbuata açıqlamasında
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib.
Rektor vurğulayıb ki, Naxçıvan tarix boyu Türk-islam mədəniyyətinin aparıcı elm, sənət və memarlıq mərkəzlərindən biri kimi formalaşmış, bəşər mədəniyyətinə böyük töhfələr vermişdir. Bu torpaqda yetişən Memar Əcəmi Naxçıvani nəinki Azərbaycan memarlıq məktəbinin, o cümlədən ümumilikdə dünya memarlıq düşüncəsinin ən görkəmli simalarından biridir. Onun yaratdığı memarlıq nümunələri həm estetik kamilliyin, həm də yüksək elmi-intellektual təfəkkürün, mühəndislik dəqiqliyinin və dərin fəlsəfi düşüncənin təcəssümüdür. Bu baxımdan, böyük memarın 900 illik yubileyinə həsr olunan belə bir beynəlxalq konfransın keçirilməsi mədəni irsə münasibətdə elmi yanaşmanın gücləndirilməsi, tarixi yaddaşın qorunması və ortaq sivilizasiya dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi aktuallıq kəsb edir.
Müasir dövrdə mədəni irs məsələsi yalnız tarix və mədəniyyət kontekstində deyil, həm də milli təhlükəsizlik, ideoloji dayanıqlılıq, humanitar diplomatiya və beynəlxalq əməkdaşlıq aspektlərində strateji əhəmiyyət daşıyır. Çünki mədəni irs xalqların kimliyini yaşadan, milli yaddaşı qoruyan və onların mənəvi bütövlüyünü təmin edən fundamental dəyərlər sistemidir. Xüsusilə qloballaşma proseslərinin sürətləndiyi müasir dünyada milli-mənəvi dəyərlərin qorunması, tarixi irsin elmi əsaslarla tədqiqi və beynəlxalq səviyyədə təbliği dövlətlərin humanitar siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Anar Eminov diqqətə çatdırıb ki, bu mənada dayanıqlı turizm anlayışı da artıq yalnız iqtisadi inkişaf modeli kimi deyil, mədəni diplomatiyanın, milli irsin beynəlxalq tanıdılmasının və regionların sosial-mədəni inkişafının mühüm istiqaməti kimi qiymətləndirilir. Tarixi-mədəni irsin qorunması ilə turizm strategiyalarının uzlaşdırılması həm milli dəyərlərin yaşadılmasına, həm də regionların iqtisadi potensialının artırılmasına xidmət edir. Xüsusilə Türk dünyasının zəngin ortaq irsinin beynəlxalq turizm marşrutlarına inteqrasiyası ortaq mədəni məkanın daha da möhkəmlənməsi baxımından mühüm perspektivlər yaradır.
Rektor qeyd edib ki, Naxçıvanda keçirilən bu beynəlxalq konfrans Türk dünyasının ortaq elmi və mədəni əməkdaşlıq platformasının formalaşdırılması istiqamətində mühüm addımlardan biridir. Burada aparılan elmi müzakirələr, təqdim olunan tədqiqatlar və formalaşan akademik dialoq gələcəkdə universitetlərarası əməkdaşlığın genişlənməsinə, birgə elmi layihələrin reallaşdırılmasına və ortaq humanitar düşüncə mühitinin inkişafına ciddi töhfə verəcəkdir.
Anar Eminov xüsusi vurğulayıb ki, biz ali təhsilin yalnız peşəkar kadr hazırlığı ilə məhdudlaşmadığını, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması, elmi düşüncənin inkişaf etdirilməsi və beynəlxalq akademik inteqrasiyanın gücləndirilməsi kimi mühüm missiyalar daşıdığını hesab edirik. Bu baxımdan, Naxçıvan Dövlət Universiteti ilə birgə təşkil etdiyimiz I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı universitetlərimizin strateji əməkdaşlığının, ortaq akademik baxışının və Türk dünyasının gələcəyinə yönəlmiş elmi-mənəvi məsuliyyətinin bariz nümunəsidir.
Əminəm ki, qədim tarixə və zəngin mədəni irsə malik Naxçıvanda keçirilən bu mötəbər beynəlxalq konfrans yalnız elmi nəticələri ilə deyil, həm də Türk dünyasının ortaq mənəvi dəyərlərinin qorunmasına, mədəni inteqrasiyanın dərinləşməsinə və yeni nəsildə milli-mədəni şüurun möhkəmləndirilməsinə verdiyi töhfələrlə uzun illər yadda qalacaqdır", - deyə rektor Anar Eminov fikirlərini yekunlaşdırıb.






