Qəssabların dinə zidd fırıldağı: Yığışıb ət almaq qurbanı əvəz edirmi?


Son illər Azərbaycanda Qurban bayramı ərəfəsində bəzi məhəllə qəssablarının tətbiq etdiyi “paylı ət satışı” üsulu müzakirələrə səbəb olub. Belə ki, ayrı-ayrı satıcılar bir heyvanın kəsilərək ətinin hissə-hissə, məsələn, 2 kiloqramlıq paylarla satılmasını “qurbana pay sahibi olmaq” kimi təqdim edirlər.

Turkustan.az xəbər verir ki, bu yanaşma sosial şəbəkələrdə tənqid edilir, bir sıra ilahiyyatçılar bu cür halların qurban ibadətinin mahiyyətinə uyğun olmadığını bildirirlər.

Mövzu ilə bağlı Bakupost.az -a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, bu praktika yanlışdır və daha çox kommersiya məqsədi daşıyır. Onun sözlərinə görə, bunu əsasən öz ət məhsullarını satmaq istəyən işbazlar həyata keçirir:

BakuPost

“İnsanlar isə kifayət qədər məlumatlı olmadıqları üçün bunu məqbul hesab edərək gedib “qurban əti” alırlar.

Ramazan bayramı ərəfəsində də iftar süfrələrini pulla satırdılar, bu da doğru deyil. Ümumiyyətlə, İslam dininə görə, iri buynuzlu heyvanları 7 nəfərə qədər şəxs özləri alıb şərikli şəkildə kəsə və sonra da razılıqla bölə bilərlər. Məsələn, inək və dəvə kimi heyvanları. Çünki bunlar böyük heyvanlardır, ətləri çox olur. Bu mümkündür. Ancaq xırda - qoyun və keçi kimi heyvanların bir neçə adam tərəfindən şərikli alınıb bölünməsi qətiyyən mümkün deyil. Xüsusilə bunu qəssab yox, insanların özləri könüllü şəkildə həyata keçirməlidir. Çünki bu, qurbandır. Qurbanın ibadət olaraq öz şərtləri və qaydaları var.

Ümumiyyətlə, bəziləri deyir ki, qurban kəsməyə imkanım yoxdur, onda mən nə edim? Onlar adi şəkildə bazardan ət alıb bişirə bilərlər, amma qəssabın kəsdiyi və “qurban əti” adı ilə satılan əti almağın özü də günahdır. Çünki bu, ibadətə yenilik gətirmək, İslam dinini təhrif etmək və ənənəvi bayramın mahiyyətini pozmaq deməkdir. Bu işdə həm satan, həm də alan şəxslər günahkardır”.

Lalə Novruz, BakuPost


MANŞET XƏBƏRLƏRİ