İran Hörmüz Boğazını bağladığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları bölgəni yenidən gərginliyə sürükləyib. İranın Yaxın Şərqdəki ABŞ bazalarına və İsraili hədəf alan raket hücumlarından sonra münaqişənin yaxın zamanda sona çatmayacağı açıq görünür.
Bu kontekstdə İran İnqilab Keşikçiləri Korpusu (İİKK) regiondakı ən vacib kozırını istifadə edib: Hörmüz Boğazını bağladıqlarını açıqlayıb. İnqilab Keşikçiləri gəmilərə xəbərdarlıq ediblər ki, heç bir gəmi boğazdan keçməyəcək və beləliklə, neft marşrutlarına giriş məhdudlaşdırılacaq.
Hörmüz Boğazı qlobal enerji təhlükəsizliyi üçün kritik əhəmiyyətə malikdir. Dünya neftinin təxminən üçdə biri və dəniz yolu ilə daşınan mayeləşdirilmiş təbii qazın (LNG) əhəmiyyətli hissəsi bu dar su yolundan keçir. Oman və İran arasında yerləşən boğaz, ən dar nöqtəsində təxminən 33 kilometr enindədir və Fars Körfəzindəki nəhəng neft istehsalçılarını açıq dənizlərlə birləşdirən əsas keçiddir.
Regional gərginliyin artdığı dövrlərdə boğazın bağlanma ehtimalı qlobal enerji bazarlarında panikaya səbəb olur və qiymətlərin sürətlə artmasına gətirib çıxarır. Buna görə Hörmüz Boğazı üzərində nəzarət və naviqasiya təhlükəsizliyi təkcə region üçün deyil, bütün dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır.
Aytən Yaşar/ Turkustan.az