Şəhid qəhrəmanımız: "Həyatımın ən xoşbəxt anı bu gündür"


1982-ci il, dekabr ayının 12-də Saatlı rayonunda anadan olur...

1989 / 1997-ci illərdə Saaatflı rayon 3 saylı tam orta məktəbdə;

1997 / 1999-cu illərdə Biləsuvar rayon 1 saylı tam orta məktəbdə təhsil alır...

2000 / 2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alır...

2005-ci ildə MN-in Təlim Tədris Mərkəzində təhsil alır...

20 illik xidməti müddətində polkovnik-leytenant rütbəsinə və kəşfiyyat hərbi hissəsinin kimandiri vəzifəsinə qədər yüksəlir...


Daim ön cəbhədə xidmət edən bacarıqlı kəşfiyyatçı 2016-cı ilin Aprel döyüşlərində uğurla iştirak edir...

Vətən müharibəsində əsgərləri ilə birgə Lələtəpə istiqamətində düşmənin 5 postunu darmadağın edən, kənd Horadiz istiqamətində düşmənin 100-ə yaxın xüsusi təyinatlısının məhv edilməsində xüsusi şücaət göstərən, düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobilini, 60 nəfərlik canlı qüvvəsini məhv edən, yaralı əsgər və şəhid əsgərlərini öz həyatı bahasına döyüş meydanından çıxarılmasına nail olan, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksələn Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, bacarıqlı kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərov!

Açıklama yok.
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yibiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.

Qəhrəmanımız qeyri-bərabər döyüşdə 6 silahdaşı ilə birgə müdafiəni təşkil edərək, yaralı və şəhidlərin atəş altından çıxarılmasını əmr edir. Düşmən cəbhəsini yararkən "Həyatımın ən xoşbəxt günü bu gündür" deyən komandirin ən böyük arzusu cibində gəzdirdiyi üç rəngli bayrağımızı Şuşada ilk sancanlardan biri olmaq idi.

Hələ uşaq yaşlarından hərbçi olmaq arzusu ilə yaşayan qəhrəman zabitimiz idman yarışlarında dəfələrlə uğur qazanır. Eyni zamanda, xidməti müddətində hərbçilər arasında keçirilən boks üzrə yarışların qaliblərindən olur. Fiziki cəhətdən çox sağlam olan Orxan Əkbərov sadəliyi, mehribanlığı ilə hər kəsin hörmətini, rəğbətini qazanır.

Xidməti müddətində Beyləqan, Ağdam, Füzuli rayonlarında "Kəşfiyyat rəisi" vəzifələrinin icraçısı olan zabitimiz savadı, bacarığı, çətin tapşırıqların öhdəsindən uğurla gəlməsi, nizam-intizamı, vətənə sevgisi, əsgərə qayğısı, zabit məsuliyyəti, mərdliyi, cəsarəti, igidliyi ilə seçilir.

2019-cu ildə "N" saylı kəşfiyyat hərbi hissənin komandiri vəzifəsini icra edən zaman düşmən təxribatının qarşısının uğurla alınmasında yaxından iştirak edir.

Döyüşçü yoldaşı Səxavət Qocayev: "İlk dəfə hərbi hissəyə gedəndə mənim komandirim olub. İlk tanışlığımız ordan başlayıb. Onu daha yaxından elə döyüş vaxtı tanıdım. O olan yerdə hamı can atırdı döyüşməyə. Hamı özünü onun yanında görmək istəyirdi. Döyüş zamanı Kənd Horadizdə düşmənin xeyli sayda canlı qüvvəsi yığılmışdı. Orxan Əkbərov əlində olan silahlardan profesonal şəkildə istifadə edərək düşmənə orada çox ağır zərbə endirdi. Halbuki, o silahlarla onu etmək mümkün deyildi. Sadəcə onun bacarığı, qabiliyyəti imkan verdi ki, o insan onu elədi. Düşmən artıq həmin istiqamətdə çox böyük qorxuya düşmüşdü".

Qardaşı Ənvər Əkbərov deyir ki, "Orxan daim cəbhə bölgəsində xidmət edib. Onun tapşırıqlarının sayı-hesabı yox idi. Həqiqətən də ordumuzun yetişdirdiyi mükəmməl kəşfiyyatçılardan biri idi. O elə bir kəşfiyyatçı idi ki, heç vaxt düşməni özündən zəif qəbul etmirdi. Düşməni bütün detallarına kimi, əlaqə yollarına, əlavə dəstəyinə kimi incələyirdi. Hər hansısa bir tapşırığa 1 ay əvvəldən hazırlaşırdı. O əməliyyatda uğur əldə etməmək qeyri mümkün idi".

Anası Sevil Abdullazadə: "Ailəmiz hərbçi ailəsi idi. İki oğlum hərbçi idi. Ali hərbi məktəbi bitirmişdilər. Orxan tamam fərqli idi. Vətənə, anaya, dövlətə bağlı uşaq idi. Mən ondan doymadım. Çünki, çox az görürdüm üzünü. Məzuniyyətə gələndə də heç bir həftə qalmırdı. Həmişə onunla qürur duymuşam."

Hər zaman özünə şəhidlik arzulayan, "ondan böyük zirvə yoxdur" deyib, arzu etdiyi şəhidlik zirvəsinə ucalan qəhrəmanım! Sən hər iki dünyada ən uca zirvədəsən! Hərbi hissəni özünə ev, əsgərləri övladı bilən, "Vətənimə canım qurban" deyib, vətən üçün canından keçən igidim! Qanıyla, canıyla bizə Zəfər sevincini yaşadan qəhrəman qardaşım, səni heç vaxt unutmayacağıq! Səni qəlbimizdə, vətən sevgimizdə, bayraq sevgimizdə, ruhumuzda yaşadacağıq! Ruhun şad olsun!

Sevinc Bəhmənli.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ