Xəbər verdiyimiz kimi, bu gün Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının barəsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Arkadi Qukasyan və Bako Saakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Onlar ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunsalar da və həmin ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilsə də, yekun məhkəmə qərarı çıxarılanadək hər iki təqsirləndirilən şəxsin 65 yaşına çatması səbəbindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsi mümkün olmayıb.
Bəs Arkadi Qukasyan və Bako Saakyan kimdir?
Arkadi Qukasyan 22 iyun 1957-ci ildə Xankəndidə anadan olub. O, 8 sentyabr 1997-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın ikinci “prezidenti seçilib", 2002-ci ildə isə yenidən həmin “vəzifə”yə gətirilib. Onun “prezidentlik” müddəti 7 sentyabr 2007-ci ildə başa çatıb.
1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə “Sovet Dağlıq Qarabağı” qəzetində müxbir kimi başlayıb, daha sonra baş redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ildə qondarma qurumun ilk “parlament”inə “deputat seçilib". 1992-ci ilin sentyabr ayında separatçıların yaratdığı “Dövlət Müdafiə Komitəsi”nin sədri təyin edilib və ATƏT çərçivəsində Azərbaycanla aparılan görüşlərdə qondarma rejimin “nümayəndə heyəti”nə rəhbərlik edib.
1993-cü ildən qondarma “Təhlükəsizlik Şurası”nın üzvü olub. Həmin ilin iyulun 23-də isə özünü “Dağlıq Qarabağ Respublikası”nın ilk “xarici işlər naziri” elan edib. 2000-ci ildə ona qarşı sui-qəsd cəhdi olub və o, bundan sağ çıxıb. Qukasyan müxtəlif vaxtlarda Azərbaycana qarşı əlavə ərazi iddiaları ilə çıxışlar edib. Çıxışlarının birində belə deyib: “Bakı ordumuzun gücünü yaxşı bilir və başa düşür ki, müharibə bərpa olunarsa, Azərbaycan yeni əraziləri itirə bilər”.
Bu xuntaçı 2023-cü ilin noyabr ayında törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Arkadi Qukasyanla yanaşı, həmin vaxt Bakıya gətirilən şəxslər arasında Bako Saakyan da olub.
Bako Saakyan 1960-cı ildə Xankəndidə anadan olub. 1990-cı illərin əvvəllərində separatçı hərəkata qoşulub. Həmin dövrdə o, separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsi ilə bağlı fəaliyyətə məsul şəxslərdən biri kimi tanınıb. Sonradan bu fəaliyyət zamanı maliyyə vəsaitlərini mənimsəməsi ilə bağlı iddialar ortaya çıxıb və nəticədə həmin “vəzifə”dən uzaqlaşdırılıb.
Saakyan sonrakı dövrdə separatçı strukturlarda müxtəlif mövqelərdə təmsil olunub və sadə insanların etimadını maddi yardımlar və borcların ödənilməsi yolu ilə qazanmağa çalışıb. O, qondarma rejimin üçüncü “prezidenti” olub. İlk dəfə 19 iyul 2007-ci ildə “prezident seçilib". 19 iyul 2012-ci ildə ikinci dəfə bu “vəzifə”də qalıb. 2017-ci ildə keçirilən qondarma “seçkilər”də yenidən "seçilərək" daha 3 il bu statusu davam etdirib.

Xatırladaq ki, 1988–1994-cü illərdə Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlı əhali doğma evlərindən qovulub. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin soveti Ermənistana birləşmək barədə qərar qəbul edərkən azərbaycanlı əhali bu prosesdən kənarda saxlanılıb. Bu qərar Azərbaycan SSR Konstitusiyasına zidd olub.
Müharibədən sonra isə Azərbaycan Konstitusiyasına zidd şəkildə saxta “referendum” keçirilib. Həmin vaxt artıq bölgənin azərbaycanlı əhalisi oradan didərgin salınmışdı.
30 ilə yaxın müddətdə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin nəzarətində qalıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra imzalanan üçtərəfli bəyanata əsasən həmin ərazilərə və Laçın yoluna Rusiya hərbi kontingenti nəzarət edib. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim təslim olaraq özünü buraxmağa məcbur olub.
Bu gün Bakı Hərbi Məhkəməsində oxunan hökm uzun illər davam etmiş qanunsuz fəaliyyətlərə hüquqi qiymətin verilməsi mərhələsi kimi qiymətləndirilir. /Musavat.com/