20 Yanvar şəhidlərindən biri Kəlbəcər rayonundan olan 1972-ci il təvəllüdlü Firuz Vəli oğlu Cabbarovdur.
Bacısı Gülanə Cabbarova Modern.az-a şəhid qardaşı haqda danışıb:
“Biz Kəlbəcərdə idik. O Bakıda dayımla birlikdə qalırdı. Dayım müəllim idi. Qardaşım da mühasibatlıq üzrə texnikum tələbəsi.
Həmin gün Firuz tələbə yoldaşları ilə küçəyə çıxıb. O dövrdə gənclərin meydana çıxma halı oldu. Ümumiyyətlə, insanlar özlərini o fikirlə sipər etmişdilər ki, bəlkə basqının qarşısını bu üsulla ala bildilər.
Qardaşım çox vicdanlı, mehriban oğlan idi, gələcəkdə hərbçi olmaq istəyirdi.
O, doğulduğu Babaşlı kəndi üçün nəsə etməyə can atırdı. Məktəbmi tiksin, yolmu salsın... Fikirləri yaşından böyük idi. 17-18 yaşında ölkə üçün nəsə etməyi düşünürdü. Çox təəssüf ki, arzuları yarımçıq qaldı.
Çox istəyirəm ki, rayonumuzun hansısa məktəbi və ya küçəsi qardaşımın adını daşısın. Ölkədə onu yaşadacaq heç olmasa bircə xatirə istəyirəm”.
Firuz Vəli oğlu Cabbarova Azərbaycan Prezidentinin Sərəncamı ilə “20 Yanvar şəhidi” fəxri adı verilib.
Cabbarovlar ailəsi20 Yanvar şəhidlərinə verilən Prezident təqaüdü ilə təmin olunurlar.





