Bazarlarda heyvan yemi olan kartof insanlara satlır?


Son vaxtlar bazarlarda insan qidası adı ilə satılan, lakin əslində heyvan yemi üçün nəzərdə tutulmuş texniki kartof satıldığına dair iddialar var.

Bu kartofun haradan gəldiyi, necə saxlanıldığı və yetişdrilməsində hansı kimyəvi maddələrdən istifadə olunduğu barədə heç bir məlumat yoxdur. Ekspertlər deyirlər ki, bu kimi qida təhlükəsizliyi problemləri xərçəng kimi ciddi xəstəliklərin sürətlə yayılmasına və hətta gənc yaşlarda ortaya çıxmasına təsir göstərir.

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, bazarlarda insan qidası adı ilə satılan, amma əslində heyvan yemi və ya texniki məqsədlər üçün nəzərdə tutulmuş kartoflar real və ciddi qida təhlükəsizliyi problemidir:

“Bu cür məhsulların əsas təhlükəsi ondan ibarətdir ki, onların yetişdirilmə məqsədi, istifadə edilən kimyəvi maddələr və saxlanma şəraiti insan sağlamlığı üçün nəzərə alınmadan planlaşdırılır. Bazarlarda bəzən insan istehlakı üçün nəzərdə tutulmayan texniki və ya yemlik kartoflar satılır.

Bu kartoflar adətən yüksək məhsuldarlıq üçün yetişdirilir və onların yetişdirilməsində normadan artıq pestisid, herbisid və gübrələrdən istifadə oluna bilər. Uzun müddət saxlanması üçün isə kimyəvi maddələrlə işlənmiş ola bilərlər. Belə kartoflarda dad, qida dəyəri və təhlükəsizlik ikinci planda qalır, əsas məqsəd yalnız kəmiyyət və davamlılıqdır”.

Ekspert qeyd edib ki, texniki kartofların ən ciddi risklərindən biri yüksək nitrat və nitrit miqdarıdır:

“Nitratlar orqanizmdə nitritlərə çevrilir və qanda oksigen daşıma qabiliyyətini azaldır. Bu isə xüsusilə uşaqlarda, hamilə qadınlarda və yaşlılarda halsızlıq, başgicəllənmə və ürək-damar problemlərinə səbəb ola bilər. Uzunmüddətli istehlak mədə-bağırsaq problemlərini artırmaqla yanaşı, onkoloji riskləri də yüksəldə bilər.

Bundan əlavə, pestisid və herbisid qalıqları sinir sisteminə zərər verə, qaraciyər və böyrəklərə əlavə yük yarada, hormonal balansı poza bilər. Bu maddələr allergik reaksiyalar və xroniki zəhərlənmələrə səbəb ola bilər.

İstehlakçılar üçün ən vacib qorunma yolu mənşəyi bəlli olmayan, həddindən artıq iri, parlaq, dadı olmayan, cücərmiş və ya yaşıllaşmış kartoflardan imtina etməkdir.

Qida təhlükəsizliyinin təmin edilməsi yalnız qanunlarla deyil, həm də real nəzarət və məsuliyyətlə mümkün ola bilər”.


MANŞET XƏBƏRLƏRİ