Bu gün Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, itkin-şəhid hərbçi Məzahir Xalıq oğlu Kərimovdur. Onun nəşinin qalıqları iyulun 18-də Xaçmaz rayonu Usta Cəlili kənd qəbiristanlığında dəfn olunub.
Bu, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətlərinin hələ də tam açılmadığını deməyə əsas verir. Kəlbəcər rayonunun işğalından sonra Başlıbel kəndində kahalara sığınan kənd sakinlərindən də 1 nəfərin taleyi hələ də naməlumdur. Digərləri isə ermənilərin vəhşiliyinin qurbanı olub. Miqyasına görə Xocalı və Ağdaban faciələrindən sonra ən böyük soyqırımın, qətliamın şahidi olan Başlıbel sakinlərinin bir hissəsi insanlıq əleyhinə törədilən cinayətləri iliklərində hiss ediblər. Ərazilərimiz işğaldan azad edildikdən sonra ən böyük kütləvi məzarlıq da məhz Başlıbel ərazisində tapılıb.
Millət vəkili Rizvan Nəbiyevin sözlərinə görə, Başlıbel faciəsinə Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı baş verən insanlıq əleyhinə cinayət və müharibə cinayətənin bir tərkib hissəsi kimi baxaraq siyasi və hüquqi qiymət verməliyik. Ermənilər 1992-ci ilin fevralında Xocalıda ən ağır və kütləvi qırğın edərək soyqırım törədiblər. Ancaq Xocalıya qədər Malıbəyli və Quşçu kəndlərində ağır faciələr baş verib. Ardıcıllıqla saysaq, onlar bizə Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya və Başlıbeldə qətllər törədiblər:
“Ermənistan silahlı qüvvələrinin əsgərləri 1992-ci ilin fevraından 1993-cü ilin aprel ayına qədər niyyətli şəkildə etnik və dini məsubiyyəti əsas götürməklə azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər törədiblər. 1948-ci ildə qəbul edilən Soyqırım cinayəti haqqında Konvensiyanın müddəalarına əsasən, bunlar soyqırım kimi tövsif olunsa da, hazırda həmin soyqırımların beynəlxalq müstəvidə qəbul olunmasında böyük çətinliklər var. Ona görə də hesab edirəm ki, biz Başlıbel faciəsi və digər soyqırım faktlarının müharibə əleyhinə, insanlıq əleyhinə cinayət kimi tövsif olunması və bu istiqamətdə addımların atılmasına başlamalıyıq”.
Xatırladaq ki, beynəlxalq müstəvidə ilk dəfə Prezident İlham Əliyev 2021-ci ildə BMT Baş Assambleyasının iclasında Başlıbel faciəsi və orada aşkar edilən kütləvi məzarlıq haqqında danışıb. Bundan sonra ABŞ Dövlət Departamentinin hesabatında bu məsələ yer alıb.
R.Nəbiyev hesab edir ki, bu soyqırım hadisələrinin, insanlıq əleyhinə cinayətlərin tanınması və beynəlxalq müstəvidə hüquqi qiymət verilməsi istiqamətində işlər daha sistemli şəkildə həyata keçirilməlidir: “Biz işğalın nəticələrinin aradan qaldırılması mərhələsindəyik, sülh sazişi əldə etmək istəyirik. Ancaq yaxın tariximizdə baş vermiş soyqırım və müharibə cinayətlərinə hüquqi siyasi qiymət verilməyənə qədər fəaliyyətimizi dayandıra bilmərik”.
Onu da deyək ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri nəticəsində itkin düşən 4 min nəfərə yaxın soydaşımızın taleyi hələ də məlum deyil. Onların aşkarlanması istiqamətində müvafiq qurumların işləri davam etdirilir.
Turkustan.az