ABŞ dövlət katibi Marko Rubio 12 günlük müharibə zamanı İranın üç nüvə obyektinin cəmi 24 saat ərzində məhv edildiyi əməliyyatın detalları haqqında danışıb.
Turkustan.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“İranın nüvə obyektləri vardı, uzun müddətdir onların nə üçün istifadə edildiyini bilirdik. Prezident (Donald Tramp) dəqiq bir kampaniya apardı, bu, uzunmüddətli müharibə deyildi. Uzunmüddətli qarşıdurma olmadı, quru qoşunları da göndərilmədi. Məqsəd sadə idi: nüvə obyektlərini məhv etmək. Məqsədimizə çatdıq. Bu məqsəd ABŞ-ni daha genişmiqyaslı münaqişəyə sürükləmədən həyata keçirildi”, - o qeyd edib.
Marko Rubio Donald Trampın göstərişindən sonra bu obyektlərə qarşı həyata keçirilən hava hücumlarını “dəqiq əməliyyat” adlandırıb:
“Bu, uzunmüddətli müharibə deyildi, 24 saatlıq əməliyyat idi. B-2 təyyarələri ABŞ-nin materik hissəsindən havaya qalxdı, müəyyən edilmiş hədəfə doğru uçdu və yükü atdı - 14 raket və ya 14 mərmi. Düz hədəflənmiş giriş nöqtələrindən vuruldu. Bunkerləri deşən bombalar paketi atıldı. Sonra geri - evə döndülər. Bu qədər”.
Dövlət katibi hücumların məqsədinin İranın nüvə obyektlərini məhv etmək olduğu fikrini bir daha təkrarlayıb: “Onları tamamilə yox etmək istəyirdik. Bu iş görüldü, çıxdıq. Hər şey bitdi”.
Rubio vurğulayıb ki, İranın nüvə proqramının silah proqramına çevrilməməsi və bir gün ABŞ-ni təhdid edə biləcək potensiala malik olmaması, Amerikanın milli təhlükəsizliyi üçün vacib idi.
“Prezidentin bunun qarşısını almaq üçün hərəkət etmək imkanı vardı və bunu etdi”, - ABŞ dövlət katibi vurğulayıb./teleqraf