“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin rəhbərliyini saxtakarlıqda ittiham edib. A.Musayev sosial şəbəkədəki paylaşımında iddia edib ki, “Azərbaycan” qəzetinin redaksiyası Ümummilli lider Heydər Əliyevin təyyarədə çəkilmiş fotosunu dəyişdirib.
Onun sözlərinə görə, bu gün çap olunan “Azərbaycan” qəzetinin 10 000-ci sayında dərc edilən foto orijinal deyil:
“Təəssüf ki, "Azərbaycan" qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu öndərimizin "Yeni Azərbaycan" qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib.
Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür .
Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharbə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir? Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir.
Faktı təhrif etmək, dəyişmək isə hüquqqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”,-o deyib.
A.Musayev "niyə məhkəməyə verib müəlliflik hüququnuzu tanıtmırsınız" sualına "onu da edərik" deyə cavab verib.
Modern.az Alqış Musayevin iddiası ilə bağlı “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla əlaqə saxlayıb.
B.Sadıqov bildirib ki, "Azərbaycan" qəzetinin bugünkü sayında dərc olunan foto Ümumilli lider Heydər Əliyevin fotoqrafı tərəfindən çəkilib:
"“Azərbaycan” qəzetinin 10000-ci sayının çıxmasına sevinən də var, sevinməyən də. Mən bunu normal və təbii qəbul edirəm. “Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir. Qəzetimizdə dərc olunan fotolar üç mənbədən əldə olunur: öz fotoqrafımızın çəkdiyi fotolar, AZƏRTAC-ın xətti ilə göndərilən fotolar və arada Ulu öndər Heydər Əliyevin fotoqrafı Rafiq Bağırovdan alınan fotolar. Bəhs olunan bu foto da Ulu öndərimizin sağlığında çəkilmiş şəkildir. Fotoda onun təyyarədə olduğu və qarşısındakı qəzetlərə bir-bir baxdığı görülür. Bu fotonu biz dəfələrlə dərc etmişik”.
B.Sadıqov Alqış Musayevin hər dəfə bu foto dərc olunanda onun saxta olması ilə bağlı iddia qaldırdığını vurğulayıb:
“Qəzetimizin 10000-ci nömrəsini təbrik etməyən Alqış Musayev iddia qaldırır ki, foto saxtadır, dəyişdirilib. Mən bilmirəm necə iddia qaldırmaq olar ki, Ulu öndər Heydər Əliyev “Azərbaycan” qəzetini oxumayıb, yalnız “Yeni Azərbaycan” qəzetini oxuyub? Bunu aşkara çıxarmağın çox hüquqi və ağıllı bir yolu var. Məhkəməyə müraciət olunur, məhkəmə araşdırması başlayır və həmin fotonun müəllifi olan Rafiq Bağırov bu gün də yaşayır, dəvət olunur və o açıqlama verir. Bunun həqiqi və ya saxta olduğunu yalnız müəllif deyə bilər. “Azərbaycan” qəzeti olaraq biz heç vaxt rəsmi kanalla bizə gələn fotolardan şübhələnib ekspertizaya vermirik. Ona görə də, təklif edirəm ki, bunu hüquqi müstəvidə həll etsinlər”.

