Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakıda növbəti güzəştli mənzil satışı narazılıq yaradıb.
Turkustan.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib.
O, MİDA satışlarının 1 dəqiqədə başa çatdığını deyib.
“MİDA alıcıları satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər. Serverlərin eyni anda yüklənməsi səbəbindən bir çox istifadəçi xəta ekranı ilə qarşılaşıb. Paralel olaraq, bəzi istifadəçilərin sorğuları isə emal olunub. Eyni anda serverə daxil olan sorğuların çoxluğu platformaya girişdə çətinliklər yaradıb. İstifadəçilər seçimlərin növbəti addımına keçid edə bilməyiblər. Bəzi istifadəçilərin xəta ilə üzləşməsi və bəzilərinin seçim edə bilməsi texniki cəhətdən mümkün haldır. Amma bu, ədalətli yarışın təşkili demək deyil. Vətəndaşlar bərabər imkanlarla satışda iştirak etməlidirlər”.
F.Pərdəşünas bildirib ki, artıq Milli Məclis və aidiyyəti qurumlar bu qanuna düzəlişlər təklif etməli və güzəştli mənzillərin sürət hesabına yarış formasında verilməsi dayandırılmalıdır:
“Ən ədalətli yanaşma istifadəçilərin böyük bir stadionda toplanıb, canlı püşkatma ilə seçimdə iştirakını təmin etməkdir”.
Vətəndaşların əksəriyyəti isə satışların, nəinki 1 dəqiqə, hətta 7 saniyəyə bitdiyini yazırlar.
Bildirilir ki, doğum tarixini yazandan sonra sayt çöküb.
“İlk saniyələrdən göstərdi ki, mövcud mənzil yoxdur. Sistem donmadı, internet güclü idi. Bəs hansı saniyədə satıldı ki?”, “Ən sürətli internetə qoşulmuşdum. Bu işdə bir hiylə var”, “Mənzil seçdim, sayt çökdü, açılanda yazıldı ki, mənzil tapılmayıb”, “Sayt çökdü, 2 dəqiqə açılmadı, sonra mənzillər satılmış oldu” və sair tipli şikayətdolu şərhlər yazılıb.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda növbəti güzəştli mənzil satışının 10 dəqiqədə tamamlandığını açıqlamışdı. Ümumilikdə 627 mənzil üçün seçim prosesi baş tutub./Globalinfo.az