Venesuela ABŞ hökumətinin tələbi ilə miqrantlar üçün repatriasiya uçuşlarının bərpa ediləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, milli mətbuatda yayılan xəbərlərə görə, Venesuela Nəqliyyat Nazirliyi sosial media hesabında bildirib ki, prezident Nikolas Maduronun göstərişinə əsasən, ABŞ-ın Arizona ştatının Feniks şəhərindən Karakasa xidmət göstərən Maiketia Beynəlxalq Hava Limanına uçuşlara yenidən icazə veriləcək.
Nazirlik, sözügedən uçuşların müntəzəm olaraq çərşənbə və cümə günləri həyata keçiriləcəyini bəyan edərək, Venesuela hökumətinin miqrantların repatriasiyası ilə bağlı bu ilin yanvarında ABŞ ilə əldə edilmiş razılaşmaya sadiq qaldığını vurğulayıb.
Venesuela hökuməti noyabrın 29-da bəyan edib ki, ABŞ birtərəfli qaydada venesuelalı miqrantlar üçün uçuşları dayandırıb.
Bildirək ki, ABŞ prezidenti Donald Tramp noyabrın 29-da Venesuela və ətrafındakı hava məkanının tamamilə bağlanacağını açıqlayıb.
Venesuela da Trampın bəyanatından sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) "suverenliyin pozulması" ilə bağlı şikayət etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az