Rusiya: İrana yeni hərbi hücum təhlükəsi narahatlıq yaradır


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrana qarşı yeni hərbi hücumların planlaşdırıldığına dair xəbərlərin ciddi narahatlıq doğurduğunu bildirib və bölgədəki vəziyyətin diplomatik yollarla normallaşdırılmasına çağırıb.

Turkustan.az xəbər verir ki, Zaxarova İran ətrafında yaranmış vəziyyətlə bağlı yazılı açıqlama yayıb.

O, İranın ABŞ və İsrail tərəfindən “səbəbsiz təcavüzə” məruz qaldığını bildirərək, regiondakı münaqişənin hələ də həll olunmadığını və Yaxın Şərqdəki digər böhranlarla əlaqəli olduğunu qeyd edib.

“İrana qarşı yeni hərbi əməliyyatların planlaşdırıldığına dair əlamətlər son dərəcə ciddi narahatlıq doğurur”, – deyə Zaxarova vurğulayıb.

Rusiya XİN sözçüsü bildirib ki, son hərbi hücumlar İran xalqının ölkəsinin suverenliyini və müstəqilliyini müdafiə etmək iradəsini qıra bilməyib. Onun sözlərinə görə, yeni hücumlarla hədələyənlər bu məqamı nəzərə almalıdırlar.

Zaxarova bölgədə vəziyyətin normallaşdırılması üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıb. O, Rusiyanın vasitəçilik təşəbbüslərini dəstəklədiyini və danışıqlar prosesinə töhfə verməyə hazır olduğunu bildirib.

Hörmüz boğazındakı vəziyyətə də toxunan Zaxarova onun ən qısa zamanda normallaşacağına ümid etdiklərini qeyd edib. O, boğazla həmsərhəd ölkələrin və bu mühüm su yolundan təhlükəsiz istifadə etmək istəyən dövlətlərin qanuni maraqlarının nəzərə alınmalı olduğunu bildirib.

Rusiya XİN sözçüsü ABŞ-ın İrana qarşı dəniz blokadasını “qanunsuz” adlandıraraq, bunun birbaşa İranın maraqlarına təsir etdiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ