“Ümumi təhsil haqqında qanunun müvafiq müddəalarına əsasən, uşaqların məktəbə davamiyyətinə görə məsuliyyət birbaşa valideynlərin üzərinə düşür”.
Bunu Globalinfo.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
O bildirib ki, bu məsələdə şagirdlərin də müəyyən öhdəlikləri var:
“Belə ki, yetkinlik yaşına çatana qədər onlar valideyn nəzarəti və himayəsi altında məktəblə əməkdaşlıq etməlidirlər. Bu prosesdə həm məktəbin, həm də valideynin öz məsuliyyəti var. Valideyn uşağın təlim-tərbiyəsi və təhsil alması üçün zəruri şərait yaratmalı, məktəb isə tədris prosesini təşkil etməlidir. Davamiyyətə nəzarət valideynin əsas öhdəliklərindən biridir. Məktəb valideynin bu məsuliyyətini öz üzərinə götürə bilməz. Xüsusilə, doqquzuncu sinfə qədər təhsil məcburi olduğundan valideyn uşağın məktəbə davamiyyətini təmin etməlidir”.

Məzahir Məmmədli
Ekspert bildirib ki, əgər valideyn uşağın məktəbə davamiyyətinə mane olursa, onun geyim forması ilə bağlı tələblərə görə və ya erkən yaşda əmək fəaliyyətinə cəlb etməklə təhsil almasına şərait yaratmırsa, bu halda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrlə üzləşə bilər:
“İlk dəfə 40 manat, təkrar halında isə 60 manat cərimə tətbiq olunur. Bunlar valideynlərə münasibətdə nəzərdə tutulan ilkin cərimələrdir. Bütün hallarda dövlət doqquzuncu sinfə qədər uşaqların ümumi təhsil almasını təmin etmək öhdəliyini daşıyır. Doqquzuncu sinifdən sonra isə şagirdin və ya valideynin təşəbbüsü ilə təhsili davam etdirməmək məsələsi gündəmə gələ bilər.
Digər məsələ isə dərsə davamiyyət və məktəbli geyimi ilə bağlı tələblərin pozulmasının yuxarı sinif şagirdlərinin attestat almasına təsiridir. Doqquz və on birinci siniflərdə oxuyan şagirdlər dərslərdən yayındıqları, müvafiq tələbləri pozduqları halda attestat almaqla bağlı problemlə üzləşə bilərlər. Təəssüf ki, hazırda Azərbaycanda bu istiqamətdə müəyyən problemlər yaranıb. Bəzi valideynlər Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı yeni qaydalarına etiraz edərək uşaqlarını məktəbdən kənarlaşdırıblar. Düşünürəm ki, doqquzuncu sinfə qədər təhsil alan şagirdlərin davamiyyətinin təmin olunması üçün dövlətin müvafiq müdaxiləsi olacaq. Doqquzuncu sinifdən sonrakı təhsillə bağlı isə qeyd etdiyim kimi, şagird dərslərdə iştirak etmədiyi halda attestat almaq hüququnu itirə bilər”.