Bakı Hərbi Məhkəməsində Tərtər işi üzrə keçirilən ayrı-ayrı qrupların məhkəməsi davam edir. Məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Sentyabrın 5-də Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovdan ibarət qrupun məhkəməsində şahidlər dindirilib.
İlk olaraq ifadə verən şahid Lətif Lətifov bildirib ki, xidmət etdiyi hərbi hissənin komandiri general Hikmət Həsənovun əmisi oğlu Məhərrəm Həsənov olub. Onu işgəncə yerinə mühafizəçi kimi də Məhərrəm Həsənov göndərib.
"Mən işgəncələrin verilməsində iştirak etməmişəm. Bizi N sasylı hərbi hissənin köhnə qərargah binasına göndərmişdilər ki, binanı mühafizə edək”, - deyən şahid binanın içərisində yüzlərlə hərbçiyə dəhşətli işgəncələrin verildiyini də təsdiqləyib.
Onun sözlərinə görə, o, hərbi hissə komandirinin əmrlərinə tabe olub və onun dediklərini icra edib, yəni binanın mühafizəsində iştirak edib.
Digər şahid Azər Abbasquliyev isə ifadəsində bildirib ki, hazırda mühakiməs olunan Vüsal Ələsgərovun rəhbərlik etdiyi hərbi hissədə tağım komandiri kimi xidmət edib. Komandirin əmrlərini yerinə yetirib.
"Bizə deyirdilər ki, bunları paketləyin göndərin işgəncə yerinə, biz də əl-ayaqlarını, gözlərini bağlayıb göndərirdik. Əmrə tabe adamlar idik”, - şahid ifadəsinə belə davam edib.
Şahidlər bildiriblər ki, işgəncə yerləri üçnövbəli qaydada mühafizə olunub.
Şahidlər dindirilərkən mühakimə olunan Vüsal Ələsgərov müdaxilələr edib.
"Biz özbaşına hərəkət etməmişik, əmrə tabe olmuşuq. Qərargah rəisi Nəcməddin Sadıkovun, korpus komandiri Hikmət Həsənovun, hərbi prokuror Xanlar Vəliyevin, müdafiə naziri Zakir Həsənovun əmrlərini yerinə yetirmişik. Mən tələb edirəm ki, onlar da məsuliyyətə cəlb olunsun. Bizim adımızı "mütəşəkkil dəstə” qoyublar. Biz mütəşəkkil dəstəyiksə, bəs bu mütəşəkil dəstənin başçıları hanı?.. Mənə deyiblər, dövlətə xəyanətdə şübhəlidir, əl-ayağını bağla, göndər, mən də bağlayıb göndərmişəm. Mən burdayam, bəs o əmri verənlər hanı?..”
Xatırlama
Hələ məhkəmə yeni başlayanda Vüsal Ələsgərov vəzifəli şəxslərin həbsini tələb edib.
"30 il zabit olmuşam, iki müharibə görmüşəm. Mənim kimi təcrübəli bir zabit bu cür böyük işi özbaşına görə bilməzdi. Mən tək bir şey deyəcəyəm və məhkəmənin sonuna qədər heç vaxt ifadə verməyəcəm. Mən Tərtər hadisələrində müdafiə nazirinin, Baş qərargah rəisinin, korpus komandirinin və Hərbi Prokurorluğun verdiyi göstərişləri icra etmişəm”, - Vüsal Ələsgərov vurğulamışdı.
İki şahidin ifadəsi başa çatdıqdan sonra hakim onlara xəbərdarlıq edib ki, məhkəmənin sonunda hər ikisi ilə bağlı qərar çıxarılacaq.
Hakim həmçinin bildirib ki, zərərçəkmiş və şahid dindirmələri başa çatıb. Növbəti iclaslarda məhkəmə sənədlərinin tədqiqinə başlanılacaq.
"Tərtər işi” üzrə istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. /anews.az/az/