Avropa Mərkəzi Bankı süni intellektlə bağlı xəbərdarlıq etdi


Avropa Mərkəzi Bankının (AMB) və Avropa Sistem Riskləri Şurasının (ESRB) prezidenti Kristin Laqard süni intellektin maliyyə sektorunda təhlükəsiz istifadəsi üçün siyasətçilərin maliyyə sisteminə yarana biləcək riskləri əvvəlcədən müəyyən etməli olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Laqard ESRB-nin 10-cu Yubiley Konfransının açılışında çıxış edib.

O, Stiven Hokinqin “Gələcəyimiz texnologiyanın artan gücü ilə ondan istifadə etməkdəki müdrikliyimiz arasında bir yarışdır” fikrini xatırladaraq qlobal əməkdaşlığa çağırıb.

Laqard avrozonada əsas bankların təxminən 90 faizinin generativ süni intellektdən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, süni intellektin artan muxtariyyəti maliyyə bazarları, kiberdavamlılıq və geosiyasət baxımından bir sıra risklər yaradır.

AMB prezidenti qeyd edib ki, ən qabaqcıl süni intellekt modelləri əsasən ABŞ və Çində cəmləşib. O, artan geosiyasi gərginliklərin Avropanın bu texnologiyalara çıxışını qəfil məhdudlaşdıra biləcəyini vurğulayıb.

Laqardın sözlərinə görə, insan nəzarətindən asılı olmayaraq fəaliyyət göstərən süni intellekt agentləri maliyyə bazarlarında şokları gücləndirə, qiymət manipulyasiyasına və bazar təhriflərinə səbəb ola bilər.

“Süni intellektin maliyyə sektorunda təhlükəsiz istifadəsi üçün siyasətçilər bütövlükdə maliyyə sistemi üçün riskləri əvvəlcədən görməlidirlər”, - deyə Laqard bildirib.


MANŞET XƏBƏRLƏRİ