Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?


Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayev mandatdan məhrum edilib. Rəsmi açıqlamada onun mandatdan özünün imtina etməsi ilə bağlı ərizə yazdığı bildirilir.

Turkustan.az axar.az-a istinadla xəbər verir ki, 24 sentyabrda isə Qəzənfər Abdullayevin tutduğu vəzifədən - Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədrliyindən istefa verdiyi haqda məlumat yayılmışdı. Q.Abdullayevin istefa ərizəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının oktyabrın 8-də baxacağı bildirilir.

Bəs, Qəzənfər Abdullayev kimdir?

Qəzənfər İsmayıl oğlu Abdullayev 26 may 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 1989-1998-ci illərdə Culfa rayonunun Bənəniyar kəndində orta təhsil alıb. 2000-ci ildə Naxçıvan şəhərində N.Tusi adına 9 saylı orta məktəbin X-XI siniflərini oxuyub.

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Terminal-MMC-də qarovulçu işləyib.

2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin mühasibat uçotu və audit ixtisasını fərqlənmə diplomu ilə bitirib.

2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2007-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mühasib vəzifəsində çalışıb.

2010-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Maliyyə-Təsərrüfat şöbəsinin müdiri işləyib. 2021-ci ildə “Həmkarlar ittifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub.

1 mart-18 may 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında katib, Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifələrini tutub.

18 may 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının II Məclisinin qərarı ilə Şuranın sədri vəzifəsinə seçilib.

31 iyul 2023-cü ildə Naxçıvan Futbol Federasiyasının sədri seçilib.

28 sentyabr 2023-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavinidir.

Ailəlidir, iki övladı var.

Naxçıvan MR Ali Məclisinə 39 saylı Bənəniyar seçki dairəsindən depuat seçilmişdi.

Q.Abdullayev kasıb ailədən çıxıb, qarovulçuluqdan bu vəzifəyə gəlib çıxıb. Bu gün deputat mandatı ləğv edildi və artıq Naxçıvan Ali Məclisinin saytında onunla bağlı məlumat da silinib. Yəqin ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədrliyindən “könüllü istefası” da qəbul ediləcək və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının saytından da tərcümeyi-halı silinəcək.

Böyük ehtimalla, Naxçıvan Futbol Federasiyasında sədrliyinə də xitam veriləcək.

Hələ bir ay öncə Q.Abdullayev millət vəkili kimi rəsmi mediada mövqe nümayiş etdirir, açıqlamalar verir, yaxud Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində həmkarlar ittifaqları üzvlərinin övladları üçün “Yay macərası” uşaq düşərgəsinin açılışını edir, “Duzdağ” oteldə Bakıdan gedən xalq artistlərinin iştirakı ilə təntənəli mərasim keçirir, “Sağlam həmkar” minifutbol turnirinin açılışını edirdi.

Bəs, Qəzənfər Abdullayevlə bağlı nə baş verdi?

Q.Abdullayevin əleyhinə əsas materiallar sentyabrda işıq üzü görməyə başladı. Belə ki, deputatın var-dövlətinin ilk siyahısı dərc edildi.

Bu siyahıya əsasən onun:

- 200 min manat civarında qiymətləndirilən Az 75 RA 900 dövlət qeydiyyat nişanlı “Toyota Land Kruiser” markalı avtomobili (Qeydiyyat nişanındakı "RA" hərfləri onun oğlu Rəhman Abdullayevin ad və soyadının baş hərfləri ilə eynilik təşkil edir);

- Naxçıvan şəhərində, "Sizin Market"in yerləşdiyi ən bahalı yaşayış binasında lüks mənzil;

- Əlixan məhəlləsində üçmərtəbəli nəhəng və bahalı fərdi malikanə;

- Naxçıvanın prestijli ərazilərindən sayılan "Əyləncə adası"nın qarşısındakı "Yaşıl Ada" kompleksində növbəti mənzil;

- Yaşayış sahələri ilə yanaşı, birbaşa biznes fəaliyyətinə bağlı ticarət obyekti "Moon" kafesi;

- Bakıda, "Gənclik" metrostansiyası yaxınlığında lüks mənzil;

- Paytaxtda istifadə olunan, qiyməti yüz minlərlə ölçülən növbəti lüks avtomobil "Mersedes-Benz S-Class" və s. əmlakı var.

Bunun ardınca isə daha bir siyahı işıq üzü gördü:

- Naxçıvan şəhərində, “Təbriz” otelinin yaxınlığında “Zümrüd” kafesidir. Kafenin ətrafında yerləşən çoxsaylı kupe tipli çay evlərinin də eyni əmlak kompleksinə daxil olduğu bildirilir.

- “Mitsubişi L200” – 77-GZ-900 nömrəli

- “Şevrolet Malibu” – 75-GZ-900 nömrəli.

Yeni siyahı cəmi 2 maşın və 1 kafedən ibarət idi.

Ümumiləşdirsək, Naxçıvanda 2 mənzil, bir villa, Bakıda 1 mənzil, 4 maşın, “Moon” və “Zümrüd” adlı 2 kafeyə sahibdir.

Bir deputat və vəzifəli şəxs üçün kifayət qədər geniş imkanlara sahib olduğu görünür, ancaq bu siyahı onun qeyri-adi var-dövlət sahibi olduğu təəssüratını yaratmır. Zatən Azərbaycanda kifayət qədər geniş imkanlara sahib olanların qeyri-adi səviyyədə, saymaqla bitməyən mülklərinin siyahılarını o qədər görmüşük ki, Q.Abdullayev onlarla müqayisə oluna bilməz.

Ona görə də Q.Abdullayevin bu qədər qabardılması...

Hər bir halda sentyabra qədər rəsmi açılışlar keçirib, açıqlamalar verən Q.Abdullayev istefa ərizələrini bu siyahıların dərc olunmasından cəmi 14 gün sonra yazmalı oldu.

Q.Abdullayevlə bağlı daha nələr olacaq?..


MANŞET XƏBƏRLƏRİ