Ağstafa rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Pərviz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Turkustan.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P.İbrahimov 11 il 3 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə rayonun Böyük Kəsik kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Pərviz İbrahimov Gülər İbrahimova ilə ailə həyatı qursa da, bir müddət sonra onların arasında mübahisə başlayıb. Mübahisədən sonra Gülər evdən çıxaraq atası evinə gedib və Pərvizdən boşanmaq istədiyini deyib. Pərviz onun arxasınca gəlib, onun evə qayıtmasını istəsə də, Gülər onun təklifini rədd edib. Pərviz Gülərə evə qayıtmayacağı təqdirdə atası və qardaşını öldürəcəyini bildirib. O isə Pərvizə - "Sənin problemin mənimlədir, atamı və qardaşımı söhbətə qatma", - deyib.
Evinə qayıdan Pərviz səhəri gün yenidən qayınatasıgilə qayıdıb və Güləri evə qaytarmaq istəyib. Həmin vaxt onu Gülər yox, qayınanası qarşılayıb. Qayınanası ona səbirli olmağı təklif edib və Güləri evinə qaytaracağını bildirib. Lakin Pərviz Gülərin evə qayıtmasına təkid edib və əks halda Gülərdən boşanacağını deyib. Bu vaxt qayınanası onu şillə ilə vuraraq səbirli olmasını istəyib.
Həmin vaxt Pərviz Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vurub, "Həyat yoldaşımı aparmağa gəlmişəm, qayınatamla qayınanam məni döyürlər", - deyərək, telefonda səsinin eşidilməsi üçün: "vurma məni, vurma məni", - deyə qışqırıb. Xidmətin operatoru ondan hadisənin baş verdiyi ünvanı soruşub, Pərviz ünvanı bilməyib və telefonu həyat yoldaşı Gülərə verib ki, dəqiq ünvanı o desin. Telefonu ondan alan Gülər operatora məlumat verərkən Pərvizin onların evinə hücum etdiyini və polisə yalan məlumat verdiyini bildirib. Bu vaxt Pərviz telefonu Gülərdən alıb, onu saçından yapışaraq sürüyə-sürüyə otağa gətirib. O, Güləri yerə yıxaraq boğmağa başlayıb. Evdəkilərin qışqırtısından sonra Pərviz Güləri ölmüş bilib hadisə yerindən qaçıb. Həkimlərin səyi nəticəsində Güləri həyata qaytarmaq mümkün olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib./oxu.az