Kəlbəcər sakinlərindən TƏBİB-ə müraciət: müvəqqəti tibbi məntəqə yaradılsın


Kəlbəcər sakinləri yeni xəstəxana istifadəyə verilənədək əhali üçün modul tipli tibbi məntəqə və təcili tibbi yardım avtomobilinin ayrılmasını istəyirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda bərpa, quruculuq və məskunlaşma işləri davam etdirilir.

Böyük Qayıdış Proqramı çərçivəsində bu günədək Kəlbəcər rayonuna 162 ailənin köçürülməsi təmin edilib. Bununla yanaşı, rayonda həyata keçirilən tikinti-quruculuq, abadlıq, infrastruktur və sənaye layihələrində çalışan çoxsaylı vətəndaşlar da Kəlbəcərdə daimi və ya müvəqqəti fəaliyyət göstərirlər.

Hazırda rayonda yol tikintisi və təmiri, şəhər və kəndlərin abadlaşdırılması, yaşayış və sosial infrastrukturun qurulması ilə yanaşı, sənaye və enerji sahələrində də müxtəlif layihələr icra olunur. İstisu mineral su zavodunda, Kəlbəcər rayonundakı su elektrik stansiyalarında, eləcə də mədən sənayesi sahəsində çalışan əməkdaşlar Kəlbəcərdə fəaliyyət göstərən əsas işçi qrupları sırasındadır.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və digər dövlət qurumlarının əməkdaşları da rayon ərazisində xidmət aparırlar.

Zar kəndində həyata keçirilən abadlıq və quruculuq layihələrinə cəlb olunmuş şirkətlərin əməkdaşları, həmçinin yaz-yay aylarında Kəlbəcərə təsərrüfatlarını aparan arıçılar və heyvandarlıqla məşğul olan vətəndaşlar nəzərə alındıqda, il ərzində rayon ərazisində yaşayan və fəaliyyət göstərən insanların sayının əhəmiyyətli olduğu bildirilir.

Sakinlərin sözlərinə görə, müxtəlif vaxtlarda Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən insanların ümumi sayının qeyri-rəsmi olaraq 5 min nəfərə yaxınlaşdığı müşahidə olunur.

Bu vəziyyət rayonda tibbi xidmətlərin əlçatanlığı məsələsini də xüsusi aktuallıqla gündəmə gətirir.

Kəlbəcərə köçən sakinlərdən tibbi xidmətlə bağlı müraciət

Kəlbəcərə köçürülən ailələrin, xüsusilə yaşlı və ahıl insanların, xroniki xəstəliklərdən əziyyət çəkən və mütəmadi tibbi nəzarətə ehtiyacı olan şəxslərin tibbi xidmətə çıxışı ilə bağlı müəyyən çətinliklərin olduğu bildirilir.

Sakinlər hesab edirlər ki, Kəlbəcərdə yeni və müasir xəstəxananın istifadəyə verilməsinə qədər əhalinin ilkin və təxirəsalınmaz tibbi ehtiyaclarının qarşılanması məqsədilə modul tipli müvəqqəti tibbi məntəqənin yaradılması məqsədəuyğun olardı.

Müraciətlərdə həmin məntəqənin ilkin tibbi yardım, təxirəsalınmaz tibbi müdaxilə və digər zəruri xidmətləri göstərə biləcək 3–5 nəfərlik tibbi heyətlə, həmçinin ən azı bir təcili tibbi yardım avtomobili ilə təmin olunması təklif edilir.

Sakinlərin sözlərinə görə, Kəlbəcər rayon xəstəxanasının həkimləri aidiyyəti qurumların nəzarəti ilə vaxtaşırı rayon ərazisinə səfərlər edərək əhaliyə tibbi xidmət göstərirlər.

Lakin sakinlər hesab edirlər ki, tibbi heyətin müəyyən vaxtlarda Kəlbəcərə səfər etməsi gündəlik və təxirəsalınmaz tibbi ehtiyacların tam şəkildə qarşılanması üçün kifayət etmir.

Çünki təcili tibbi yardım tələb edən vəziyyətlər əvvəlcədən planlaşdırılmış tibbi baxışları gözləyə bilmir.

Xüsusilə ürək-damar xəstəlikləri, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərin vəziyyətinin qəfil ağırlaşması zamanı tibbi müdaxilənin mümkün qədər qısa müddətdə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Təcili tibbi yardım zamanı məsafə amili

Sakinlərin diqqət çəkdiyi məsələlərdən biri də təcili tibbi yardım tələb edən xəstələrin rayon xaricində yerləşən tibb müəssisələrinə çatdırılması ilə bağlıdır.

Müraciətlərdə bildirilir ki, bəzi ağır tibbi hallarda xəstələrin Gəncə, Tərtər və digər rayonlarda yerləşən tibb müəssisələrinə aparılması zərurəti yarana bilər.

Dağlıq relyef və yaşayış məntəqələri ilə tibb müəssisələri arasındakı məsafə isə belə hallarda tibbi yardımın göstərilməsi prosesinə əlavə çətinliklər yarada bilər.

Rayon ərazisində hərbi hospitalın fəaliyyət göstərməsi də mülki əhalinin bütün tibbi ehtiyaclarının qarşılandığı anlamına gəlmir. Sakinlər hesab edirlər ki, mülki əhalinin gündəlik və təxirəsalınmaz tibbi ehtiyacları üçün ayrıca, əlçatan və daimi fəaliyyət göstərən tibbi məntəqənin olması vacibdir.

Məsələ TƏBİB və aidiyyəti qurumların diqqətinə çatdırılır

Kəlbəcər sakinlərinin tibbi xidmətlərin əlçatanlığı ilə bağlı müraciətləri daha əvvəl də aidiyyəti qurumların diqqətinə çatdırılıb.

O cümlədən rayon ərazisində keçirilən vətəndaş qəbulları zamanı tibbi xidmətlərin təşkili məsələsi də gündəmə gətirilib.

Sakinlərin bildirdiyinə görə, indiyədək problemin müvəqqəti də olsa, sistemli şəkildə həlli istiqamətində konkret nəticə əldə olunmayıb.

Subyekt.az redaksiyasına daxil olan müraciətləri nəzərə alaraq, Kəlbəcərdə yaşayan və çalışan vətəndaşların, eləcə də Böyük Qayıdış Proqramı çərçivəsində rayona köçürülən ailələrin tibbi xidmətə çıxış imkanlarının yaxşılaşdırılması məsələsini bir daha aidiyyəti qurumların diqqətinə çatdırırıq.

Müraciət ilk növbədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına ünvanlanır.

Kəlbəcərdə yeni və müasir xəstəxana istifadəyə verilənədək modul tipli müvəqqəti tibbi məntəqənin yaradılması, burada növbəli əsaslarla 3–5 nəfərdən ibarət tibbi heyətin fəaliyyətinin təşkili və təcili tibbi yardım avtomobilinin ayrılması məsələsinə baxılması xahiş olunur.

Belə bir tibbi məntəqənin yaradılması Kəlbəcərdə yaşayan və çalışan insanların, xüsusilə yaşlıların, uşaqların, xroniki xəstəlikləri olan şəxslərin, eləcə də mövsümi olaraq rayonda fəaliyyət göstərən arıçılıq və heyvandarlıq təsərrüfatlarının əməkdaşlarının tibbi xidmətə çıxış imkanlarının yaxşılaşdırılmasına xidmət edə bilər.

Böyük Qayıdış Proqramının məqsədi yalnız insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi ilə məhdudlaşmır. Bu prosesin mühüm istiqamətlərindən biri də geri qayıdan vətəndaşlar üçün təhlükəsiz, layiqli və davamlı yaşayış şəraitinin yaradılmasıdır.

Bu baxımdan səhiyyə xidmətlərinin əlçatanlığı və tibbi yardımın vaxtında göstərilməsi də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın mühüm şərtlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Kəlbəcər sakinlərinin müraciətini və məsələnin aktuallığını nəzərə alaraq, aidiyyəti qurumların xəstəxana istifadəyə verilənədək rayonda yaşayan və çalışan insanların təxirəsalınmaz tibbi xidmətə çıxışının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görəcəklərinə ümid edirik.


MANŞET XƏBƏRLƏRİ