Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir.
Turkustan.az xəbər verir ki, “Yeni Sabah”ın araşdırmasına əsasən, bazar təcrübəsinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmi tələblərinə əsasən, kirayə vermək üçün ən sərfəli avtomobillər az yanacaq işlədən və dözümlü modellərdir. Hibrid kateqoriyasında şəhərdaxili qənaətcilliyinə görə «Toyota Aqua», «Toyota Prius» və «Toyota Corolla» ön sıradadır. Benzinlə işləyən sadə və dözümlü modellərdən «Chevrolet Cobalt», «Ravon R4», «Hyundai Accent» və «Kia Rio» ehtiyat hissələrinin ucuzluğu ilə seçilir. Son dövrlərdə isə «BYD Destroyer 05» və «BYD Qin» kimi yeni nəsil hibrid modellər də böyük tələbat görür. İnvestisiya baxımından ən tez özünü doğruladan seçim ikinci əl, yaxşı vəziyyətdə olan «Toyota Aqua» və ya «Chevrolet Cobalt» nəqliyyat vasitələridir.
Maşını kirayə verəndə günlük ortalama 25–35 manat gəlir gəlir. Bu da ayda təxminən 750–1 050 manat edir. Amma bu pulun hamısı cibinizə qalmır. Təkər dəyişmək, yağ dəyişmək, sığorta ödənişi və gözlənilməz xarab olmalar üçün hər ay pul çıxılmalıdır. Bütün xərcləri çıxdıqdan sonra bir maşından ayda ortalama 600 manat xalis mənfəət qalır. Sezar pizza
Qazancın maşın sayına görə necə dəyişdiyinə nəzər salaq. 1 maşın ilə ayda ümumi 900 manat pul gəlir. Təxminən 300 manatını təmirə və digər xərclərə ayırsanız, ayda 600 manat, ildə isə 7 200 manat xalis gəliriniz olur. 5 maşın ilə ayda ümumi 4 500 manat daxil olur. Təxminən 1 500 manat xərcləri çıxdıqda, ayda 3 000 manat, ildə isə 36 000 manat təmiz qazanc qalır. 10 maşın ilə ayda ümumi 9 000 manat gəlir götürülür. Təxminən 3 000 manat xərc çıxıldıqdan sonra, ayda 6 000 manat, ildə isə 72 000 manat mənfəət götürmək mümkündür.
İşin rahat və çətinliksiz getməsi üçün düzgün maşın seçmək, nəqliyyat vasitələrinə GPS izləmə cihazı qoymaq və sürücü ilə rəsmi müqavilə bağlamaq kifayətdir. Düzgün idarə olunduqda bu biznes çox sərfəlidir.