Həyatımın həyatda olmayan qadınları


No description available.
Nahid Tağıyev
Maliyyəçi, biznes təlimçi

Taxçamın yanında olan itin hürməsi məni xəyaldan ayıltdı. Bu it məni necə də boğaza yığıb, hürməkdən başqa elə bil heç nə bilmir. Guya ki, mənim satdığım gülləri qoruyur…

Amma əslində mənə bu da kifayət edir, axı mən fikrə dalanda, ətrafımda nə baş verir onun fərqində olmuram, elə bil hər hansı bir illuziyaçı məni öz sehriylə yatızdırır. İt isə adamlar taxçaya yaxınlaşdıqda səs qaldırıb həm məni ayıldır, həm də oğurluq etmək istəyənləri qorxudub uzaqlaşdırır.

Bu dəfə yaxınlaşan yaşlı bir kişi idi, qızıl gül dəstəsi istədi. Mən də artıq öyrəşdiyim üsulla tez bir zamanda gözəl bir gül bağlaması hazırlayıb müştəriyə verdim.

Kişi gül dəstəsini alıb, sevincli baxışlarla mənə təşəkkürünü bildirib uzaqlaşdı, mən isə onun arxasınca baxıb buna bax bir, gör necə də can saxlayır, deyə düşündüm. Qoca kişidir amma özünü bəzi cavan oğlanlar kimi aparır. Mənim iyirmi yeddi yaşım var, amma heç vaxt heç kimə indiyə qədər gül hədiyyə etməmişəm. Ona görə yox ki, kimisə buna layiq bilmirəm, yox, ona görə ki, çox utanıram əlimdə gül dəstəsi yolla gedim. Hərdən o qədər cavan oğlanları görürəm ki, əllərində bir dəstə gül, yüksək qürurla, elə bil hər hansı böyük bir nailiyyət əldə ediblərmiş kimi, harasa tələsirlər. Amma mən, mən yox, mənim əlimdə gül dəstəsi olsa, məni mənəvi məhv edən hisslər yaşayırmış kimi oluram, zənn edirəm ki, kiməsə pislik etmişəm və məni vicdan əzabı boğur, mənə elə gəlir ki, həmin an küçədə kim olsa, hər kəsin nəzarəti mənim üzərimdə olacaq. Baxmayaraq ki, on iki ilə yaxındır ki, gül satıram, amma bu düşüncə məni tərk etmir ki, etmir. Fikrə dalanda həmişə anama söz verdiyim an yadıma düşür, o an ki, ona söz verdim, sağalsın, qalxsın ayağa ona böyük ağ qızılgüllərdən ibarət gül dəstəsi gətirəcəm, çünki anam gülləri çox sevər, həmişə gümrah olmağının səbəbini də bu sevgidə görərdi. Anamı son gördüyümdə də mənə “hanı bəs mənim güllərim” dedi, mən isə “sən qalx, günü bu gün gətirim” söylədim. Anam məni inandırdı ki, gedim gətirim, o da qalxıb mənə yemək hazırlayacaq.

Dörd ay içində anam arıqlayıb bir dəri bir sümük qalmışdı. Axı, bu lənətə gəlmiş leykoz bu hala salandır da insanı. Saçları demək olar ki, tam tökülmüşdü, qaşları belə qalmamışdı. Həmişə qaməti və gözəlliyi ilə məni valeh edən anam gözlərimin önündə məhv olurdu və mənə ən çox təsir edən də o idi ki, mən ona kömək edə bilmirdim.

Mən sevincək, tələsərək həyətə düşüb gül dəstəsi hazırladım, beş dəqiqə sonra evə qayıdıb anamın nəşi üstünə çıxdım. Demək, anam ömrü boyu sevdiyi ağ gülləri öz ölüm məqamı üçün istəyirmiş.

Atam içki aludəçisi olduğundan evə günlərlə gəlməzdi. Gələndə isə üst başı palçıq içində, üz gözü qurumuş qana bürünmüş halda çatırdı. Evə girər-girməz anamın üstünə çığıraraq ona yeni paltarlar verməsini tələb edər, anam 1-2 saniyə gecikdikdə onu təhqir edər, yumruqlayardı. Xatirimdədir, bir dəfə anamı müdafiə etmək üçün atamı var gücümlə itələdim, atam isə məni cavabında yaxşıca döydü. Mən həmin an ağlamadım, çünki anamı müdafiə etməyə çalışdım deyə mənə heç bir ağrı təsir etməzdi, amma atam bu hərəkətimin nəticəsi olaraq bir düzgün qərar verdi? Əlbəttə ki, yox. Versəydi, ən azından indi harada olduğunu bilərdim…

Heç anamın dəfn mərasimində belə onu görmədim. İnsan bu qədər alçalarmış ki, həyat yoldaşının dəfninə gəlməsin?.. Eh…

Anamın ölümündən sonra bir neçə gün keçmişdi ki, axşamçağı atam evə gəlib məndən qazandığım pulları istədi, əlbəttə ki, şeytan sidiyi (mən spirtli içkiyə elə deyirəm, çünki anam da elə deyərdi) alıb içsin deyə. Pulların məndə olmadığını ona deyəndə, mənə yalan söyləməyin pis iş olduğunu sübut etmək üçün artıq taqətdən düşmüş qollarıyla məni növbəti dəfə döymək istədi, mən isə stolun üstündə olan güldanı onun başına çırpdım, atam yerə yıxıldı. Açığı qorxdum ki, öldü, baxmayaraq ki, məni boğaza yığmışdı amma yenə də valideynim olduğu üçün azacıq hayıflandım. Bir neçə saniyə uzanıb, ağır hərəkətlərlə atam yerdən qalxaraq evi tərk etdi, o gündən sonra onu görməmişəm. Ölüb, sağdır, xəbərdar deyiləm.

Anamın vəfatından sonra altı yaşlı bacımı xalam evində saxlamağa qərar verdi ki, mən ona baxmaq iqtidarında deyiləm. Amma nədənsə bir müddət sonra eşitdim ki, xalam bacımı uşaq evinə təhvil verib, çünki öz iki qızıyla bərabər ona baxmağa imkan tapmırmış.

Bacım üçün həm çox narahatam, həm də çox darıxıram, bir bilsəm haradadır indi, görüşünə gedib onunla xeyli söhbət edərdim, necə darıxdığımı bildirərdim, yəqin ki, o da darıxır mənim üçün. Onun indi on altı yaşı tamamdır.

Böyük məmnuniyyətlə onu özümlə yaşamağa aparardım, amma çətin ki, o mənimlə atılmış zirzəmidə yaşamağa qərar versin. Ümid edirəm onun isti və təmiz yeri var və o xəyallarımda canlandırdığım kimi gözəl bir qızdır…

Kirayə tutduğumuz evin aylıq haqqını çatdıra bilmirdim deyə, ev sahibi məni oradan qovdu və elə o gündən baxımsız qalan bir zirzəmidə yaşayıram. Amma o zirzəmiyə artıq baxımsız demək olmaz, çünki orada yaşadığım müddətdə yaşamaq üçün mümkün qədər şərait qurmuşam, hətta süni hamam belə düzəltmişəm.

Mütəmadi olaraq ətrafımdakıların danışdıqlarına görə evlərində olan imkanları çalışmışam ki, mən də yaşadığım yerdə yaradım.

Oğlan, ay oğlan

– Bir qadın məni çağırır…

– Buyurun, xanım.

– Bu güllərdən hansı daha gec solandır?

– Buyurun, bunlar (mən ona inci çiçəyinin qırmızı və yaşıl növündən olan gülləri göstərirəm).

– Nə qədər qalar?

– Qulluqdan asılıdır, beş ya altı gün, bəzən daha çox da yaşaya bilirlər.

– Hm, əlbəttə, qulluqdan asılıdır, mənim də övladlarım mənə qulluq etsəydi, məni tərk etməsəydilər, mən də daha çox yaşamaq istərdim… (o sakitcə, sanki heç səslə deyil, sadəcə düşünürmüş kimi söyləyir).

Qadının mənə bunu deməyinin niyəsini ilk öncə anlamadım. O, içindən köks ötürdü, sonra ona həmin çiçəklərdən bir dəstə hazırlamağımı xahiş etdi. Sağollaşmadan taxçadan nəyisə düşünərək uzaqlaşdı.

Hərçənd ki, müştərilərimin əksəriyyəti o qabiliyyətə malik deyil ki, sağollaşıb, təşəkkür bildirib uzaqlaşsın, yəni onların fərqində deyildim, çünki öyrəşmişdim, amma bu qadının arxasıyca baxıb xeyli düşündüm…

Demək, insanlar öz həyatlarını güllərə bənzədirlər?… Bu qadına övladları baxsaydı, onu atıb getməsəydilər, daha da gümrah, daha da cavan qala bilərdi, hə? Öz həyatının cövhərini daha çox uzun ömürlü güllərdə axtarır, eh…

Bu qadının mənə dediyi sözlər onun bəlkə də yadından çıxıb artıq, amma mən hələ də o barədə fikirləşirəm ki, biz valideynlərimizin qayğısına qalıb onlara mənəvi borclarımızı qismən də olsa qaytarmağa məcburuq. Mənim anam sağ olsaydı, onun heç vaxt hər hansı bir məqamda nəyinsə korluğunu çəkməyinə imkan verməzdim.

Hərdən qocalar evinə atılan valideynlərin günahının yalnız onların özlərinin də elə övladları kimi bivec olmalarında görmədiyim də məni çox narahat edir.

…Yenə it hürdü…

Bir oğlan yaxınlaşıb, salam, qardaş, dedi.

– Salam, buyurun...

– Mənim üçün gözəl bir gül dəstəsi hazırla, zəhmət olmasa, öz zövqünə uyğun. Yəqin ki, bu işin içində olan adamın anlayışı daha yaxşı olar…

– Əlbəttə ki, bu dəqiqə…

Taxçamın yanından qonşu küçədə dilənçilik edən qız keçir, məni tanıdığına görə salamlaşıb yoluna davam edir.

Mənim onunla rəsmi tanışlığım olmasa da, nədənsə o qızcığaz mənim diqqətimi tez çəkirdi. O nə zaman salam verib keçirsə, mən uzun-uzadı onun arxasından baxar, özümdən biixtiyar fikrə dalardım. Hər dəfə onu görərkən ona kömək etmək, onun qayğısına qalmaq keçirdi içimdən...

Bu dəfə də ona dikilən dalğın gözlərim onun əvvəlcə özü, sonra kölgəsi itənə qədər onu təqib edirdi.

Qarşımda duran oğlan bir-iki saniyə onu süzür, sonra arxasıyca işarə edərək deyir, bu dilənçilər də bezdiriblər lap, imkan vermirlər bir rahat küçədən keçək. Eşitmişəm onları kimsə idarə edir, yəni buraxır küçəyə axşam da onlardan yığdıqları pulları tələb edirlər. Sən nəsə bilmirsən bu barədə?

Xeyr, bilmirəm… mövzudan uzalaşdırmaq istəyirəm, çünki bu kimi mövzular heç vaxt mənə maraqlı olmayıb. Maraq bir yana qalsın, o qızı mən çoxdandır görürəm, hər gün, demək olar ki, mənimlə salamlaşır, çox doğma gəlir, heç özüm də bilmirəm niyə? Onu bilirəm ki, o qız digərləri kimi, pul alana qədər adamlara yapışıb özündə nifrət yaratmır, sakitcə keçir oturur küncdə, pul verənə təşəkkürünü bildirir. Olduqca təmkinli biridir.

No description available.

Hətta, yadımdadır bir dəfə bir yekə kişi onu nəyəsə görə döyüb, həmin axşam çörək verməyəcəyini təkidlə deyirdi. Özümdən asılı olmadan, yaxınlaşıb onları sakitləşdirdim, yanımdakı digər şəxslər mənə etdiyim işi mənə lazım olub-olmamağıyla maraqlanıb təəcüblə məsxərəyə qoydular. Mən isə, o da insandır, ən azından qadındır, o yekə kişinin niyə onu döyməsinə izn verməliydim ki, dedim. Bir də axı, dediyim kimi, onu nə zaman görürdümsə, onu qorumaq hissi mənim bütün bədənimə hakim kəsilirdi...

Qarşımdakı oğlanla söhbət davam edir.

– Deyirəm, yəqin bu gün alverin yaxşı olar, baxma da, səkkiz martdır, bayramdır…

Səkkiz mart? Aha, doğrudan eee, axı, bu gün qadınlar bayramıdır. Oğlanın sualına cavabı başımı yelləməklə verib onu yola salıram.

Qadınlar bayramı. Niyə keçirilir bu bayram, anlamıram. Klara Setkin etdiyi əməli nəzərə alaraq bütün dünya, demək olar ki, bu günü qeyd edir. O zaman, bizim ölkənin o qədər qüdrətli qadınları var, niyə onların etdikləri əməlləri yad edib, bayram günü kimi qeyd etmirik? Digər tərəfdən o günlər qeyd olunsa, onda gərək bütün ili qadınlara verdiyimiz dəyər günü kimi qeyd edək.

Çox eşitmişəm, qadınlar həmin günü özlərinə qarşı daha çox diqqət, qayğı tələb edirlər. Əlbəttə ki, bu normaldır, axı onlar incə, zərif məxluqlardır. Lap yaxşı, o zaman niyə feminizm ideologiyası var? Nəyə görə qadınlar biz kişilərlə bərabər olduqlarını düşünürlər? Elədirsə, onda niyə qadınlar günü əlamətdar kimi qeyd olunur? Niyə kişilər günü yoxdur?

Bu fikirləri mən gözəlim, göyçəyim sevdiyim o qadınla bölüşəndə məndən küsür, deyir sən anlamırsan. Əlavə edərək deyir ki, əslində doğrudan da biz kişilərlə bərabərik, sadəcə ildə yalnız bir gün bizə qarşı daha nəvazişli olmağınız üçün sizə imkan verilib. Həmişə bu mövzuda söhbətimiz, mənim “məgər biz kişilərin sizə qarşı nəvazişli olmağı üçün xüsusi bayram lazımdırmı?” fikrimlə bitir və biz barışırıq.

Elə feminizm anlamını da, Klara Setkinin də kim olmasını o mənə izah edib, yoxsa ki, mənim, el arasında deyildiyi kimi, girəcəyim kol deyil. Ona söz vermişəm bu gün ilk dəfə onun çox sevdiyi güllərdən bir bağlama hazırlayıb ona hədiyyə edim və bunu etməyə də səbəbi ona olan sevgimin güclü olması kimi qeyd etmişəm.

Bir müddət sonra bağışlayacağım gül dəstəsini hazırlayıb güllərin içində bir tərəfli qoyuram. Bizim onunla ilk görüşümüz çox qəribə olsa da, tanışlığımız müddətdə onu özümdən də çox sevmişəm. Biz onunla məzarlıqda tanış olmuşuq. O atasının mən isə anamın məzarını ziyarət edəndə görüşmüşdük. Bir neçə dəfə orada görüşdükdən sonra özümdə cəsarət tapıb ona yaxınlaşmışdım. Görünüşcə bizim millətdən seçilirdi deyə dilini anlaya bilməyəcəyim də məni narahat edirdi. Elə idi, onlar başqa millətdən idilər, amma müsəlman idilər deyə atası bizim məzarlıqda dəfn olunmuşdu. Onun da həyatında mənimkinə bənzər anlar çox idi. O da anasını tanımırdı, doğumundan bir müddət sonra körpə qızını atasının üzərinə buraxıb başqa kişiylə qaçmışdı.

Biz onunla fərqli dildə danışırdıq, amma eyni zamanda düşünürdüm ki, məni ondan daha yaxşı anlayan yoxdur. Onu tanıdığımdan sonra özümdə əsrarəngiz bir qadın kəşf etmişdim, elə bil dünyanın digər qadınları mənim üçün yox olmuşdu. Həyatı sevirdim, çünki elə ümumiyyətlə sevməyi o mənə öyrətmişdi.

Həmişə düşünürdüm ki, sevə bilmərəm, amma bununla bağlı indi keçmiş düşüncələrimdən ağlımda heç nə yox idi.

Mən onu sevirdim, sadəcə sevirdim.

Gələcək planlarımı yalnız onunla bağlı qururdum. Çox nadir hallarda olsa da, arada bir məndən hansısa sözümə görə kiçik müddətə olsa da küsəndə özümə heç yer tapa bilmirdim, olduqca narahat olurdum. Düşünürdüm ki, ondan yaxşı mənə dayaq olacaq şəxs yoxdur bu həyatda, o olmasa mən də yaşamayacaqdım.

... - Salam, ala, mane olmuruq?..

Cavan oğlanla bir qadın mənə yaxınlaşmışdı. Sərxoş idilər ona görə özlərini dünyanın ən qüdrətlisi hesab edib digərlərini alçaltmağı bir növ özləri üçün əyləncə kimi tapırdılar. Onların özlərini aparmağı bir yana, qaşımda gördüyüm digər səhnə məni olduqca narahat etdi. O oğlanın yanında duran qadın mənim xalam idi, aman Allah, o çox pis gündədir, ağlı başında deyildi deyə, heç məni də tanımadı.

Xalam ərindən 5-6 ildir ki, ayrılıb, bacım barədə məlumat almağa getdikdə, öyrənmişdim. Məni mənzillərindən qovub, bacımın harada olduğundan xəbərsiz olduğu söyləmişdi. Əri uşaqlarına aylıq təzminat ödəməkdən imtina etdi, rəsmi nikahları yox idi deyə, məhkəmə yolu ilə də xalam onu uşaqları üçün təmin edə bilmədi, ona görə də müxtəlif yerlərdə işləyib bir təhər dolanırdı, bunu da qonşularıyla söhbətdən bilmişdim.

Anamın ölümündən və bacımla rəftarından sonra ondan xəbərim olmadı. Sən demə, tüfeyli həyat sürürmüş.

Qarşımdakı adamlara cavab vermədən, düşünürəm…

Bir tərəfdən yaxşı ki, bacım onun yanında qalmadı, yoxsa onun da belə həyatla mükafatlanacağını fikirləşmək belə istəmirəm. Digər tərəfdən bacım az da olsa anamın necə namuslu olduğunun şahidi idi, xatirində qalmış olar yəqin. Həm də belə bir deyim var, təmiz qadın yüz fahişənin içində də elə təmiz qalmaq iqtidarına malikdir.

Oğlan istehzayla davam edir:

– Ala, eşitmirsən, deyirəm mane olmadıq?!

– Xeyr, buyurun.

– Kayfdadasan, ala, bayaqdan səninlə deyiləm mən?

– Üzr istəyirəm.

– Heç nə istəmə, verməyəcəm… (bir-birinə baxıb gülürlər). Ən gözəl gül dəstəsi hazırla mənim aşkım üçün (xalama işarə edir).

Mən baş üstə, deyib əlimi atıram güllərə, xalam isə məni əl işarəsi ilə saxlayıb, əlini sevgilim üçün düzəltdiyim gül bağlamasına uzadıb deyir ki, onu satım onlara.

Mən o bağlamanın artıq satıldığını söyləmək istəyirəm ki, onu onlara verməyim, amma onların sərxoş olduğu, həm də xalamın mənə yaşatdığı gözlənilməz o anı hələ də yaşayaraq, taxçadan uzaqlaşsınlar deyə tələsik o bağlamanı onlara satıram. Onlar taxçadan uzaqlaşıb çox da uzaqda durmayan bir maşına otururlar və oğlan sanki yaxşı haldadır, oturur sükan arxasına.

Məni yenə də düşüncələr boğur. Axı, niyə qadınlar özlərini alçaldıb hərəkətlərini azad sevgi qoyurlar? Axı niyə, əksər hallarda buna səbəb ya tənhalıq olur, ya da maddi vəziyyət?

Məgər, vicdanın və ləyaqətin pulla alınacaq acınacaqlı vəziyyətə gətirib çıxarmaq insanların əlində deyil? Eh, elə adamları heç insan adlandırmaq belə istəmirəm. Amma digər tərəfdən onlar da insandır.

Suallar, suallar, yenə də həmişəki kimi cavabını özümdən ala bilmədiyim suallar…

Bu zaman sevgilim mobil telefonuma zəng edir, mənə yaxın olduğunu bildirib, bir azdan yanımda olacağını deyir, mənim üçün çox darıxdığını əlavə edib, dəstəyi asır.

Mən onunla danışığı bitirəndən sonra tez bir zamanda onun üçün daha bir gözəl gül dəstəsi hazırlayıb tez-tez onun gələcəyi döngəyə baxıram ki, orada indi görünüb, məni gəlməyində əmin edəcək görünüşüylə sevindirəcək.

Daha bir müştəri yaxınlaşır, fikrimi onda cəmləşdirib sifarişinə uyğun bir dəstə hazırlamağa başlayıram.

Birdən küçənin digər tərəfindən maşın qəza törədən zaman əyləcin dərhal basılması zamanı gələn səs bütün həmin küçədə olanları, həmçinin mənim bütün fikirli diqqətimi çəkdi. Belə hallar həmin küçədə çox olurdu deyə, məni çox da narahat etmədi, ona görə də adi qaydada işimə davam edərək, müştərinin sifarişini hazırlayırdım.

Bir müddət sonra küçədə olanların əksəriyyəti həmin əyləc səsi gələn döngəyə tərəf qaçmağa başladılar, həmin o döngəyə ki, mənim sevdiyim o qız da o səmtdən gələcək.

Getdikcə adamlar çoxalmağa başladılar, mən də onları seyr edərək, azca narahatlıq hissi keçirməyə başladım, bu hiss getdikcə artırdı və zamanla həyəcana çevrilirdi.

Orada qayıdanların, maşının bir cavan qızı vurduğunu söyləmələri içimi müxtəlif mənfi fikirlərlə parçaladı, olmaya mənim sevdiyim insana nəsə olar, axı, o da o tərəfdən gəlməli idi... Başqa heç nə düşünmədən taxçanın boş qoyub tələsik qaçdım o tərəfə.

Gördüyüm səhnə düşündüklərimlə tam olaraq düz gəlməsə də, azca halımı kafiləşdirdi. Vurulan mənim sevdiyim o qız deyil, paralel küçədə dilənən, hər gün salamlaşdığım, pul verib saçına sığal çəkdiyim, onu həmişə elə gördüyümdə ürəkağrısıyla qayğısına qalmaq istədiyim o yaraşıqlı qız idi. Onu vuran isə, mənim taxçamdan bir müddət öncə uzaqlaşan xalamın yanında olan o sərxoş oğlan idi. Namussuz, şərəfsiz, vicdansız kimi sözlərə layiq bildiyim, imkanım olsaydı onu parçalayardım kimi fikirləri ürəyimnən keçirdiyim zaman xalamın maşından düşüb dediyini sözlər məni məndən aldı...

Eşitdiyimə inana bilmirəm, xalam ağlaya-ağlaya hər kəsi cənazənin üstündə itələyərək qovub, o qızın onun bacısı qızı olduğunu söyləyir. Ağlayır, onu bağışlamağını istəyir, o qız isə al qan içində can verib, son saniyələrini elə ömrü boyu ona nəzarət edəcəyinə söz vermiş, amma indi özünə nəzarət olunmasına ehtiyacı olan xalamın qucağında keçirir.

Aman Allah, bu qədər əzab nədir axı? Bu necə həyatdır? Niyə mənim də digər insanlar kimi rahat həyatım yoxdur? Niyə mən yalnız istirab içində boğulmalıyam? Niyə bu qədər illər ərzində görmək istədiyim, qayğısına qalmaq istədiyim bacımı tanımamışam, indi biləndə isə yalnız cənazəsini gördüm? Niyə anam da, bacım da yaxşı həyat yaşamadılar? Fikrimi elə buna yönəltmişdim ki, arxadan məni sevdiyim qızın incə səsiylə çağırıb, burada nə etdiyimi soruşdu?

Mən isə ona…

Qəribəliyə bir bax, bu qədər uzun zamandır bacımı görüb onunla münasibət qurmağa imkanım ola-ola, qurmamışam. İndi heç onun cənazəsinə belə yaxın durmağa imkanım olmadı, çünki oradan məni kənar şəxs kimi uzaqlaşdırdılar. İçimdə ağlaya-ağlaya sevdiyim qadının əlini tutub taxçama yaxınlaşdım. Yolda onu nə anamla, nə də bacımla tanış edə bilmədiyimi təəssüf hissi ilə söyləyib, olduqca yaşadığım bu haqqsızlıqla dolu həyata nifrət etdiyimi deyirəm, o isə məni sakitləşdirərək, məni heç vaxt tərk etməyəcəyini, həmişə mənə dəstək olacağını israrla bildirir. Çox yaşım olmasa da həyatda cəmi üç istəyim olub, anam dəstəkçi kimi yanımda olsun, mənimlə sevincimi bölüşən bacım olsun və həmişə əlimi tutacaq həyat yoldaşım.

Amma indi bunlardan yalnız birinin mümkün olduğunun fərqindəyəm. Sevdiyimin insan mənə cismən anamı və bacımı əvəz edə bilməsə də, ruhən onların verə biləcəyi dəstəyi vermək iqtidarında olacağına əminəm. Mənim ona verdiyim dəyər onu daha da güclü edib əlimi bir əliylə tutmasını üç əl kimi qəbul etməyimə imkan yaradacaq.

Boş yerə deyilməyib ki, güclü kişinin yanında onu güclü edən ağıllı qadın olur. Həm də düşünürəm ki, qadınlar olmasa ən azından biz özümüzə kişi demərik.

Elə fərqimiz də yalnız budur.


MANŞET XƏBƏRLƏRİ