“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin layihəsi davam edir


Ötən gün “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində davam etdirib.

Turkustan.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Bu insanlar mütləq partlayış riskləri və təhlükə hiss etdikdə hansı dövlət orqanlarına necə müraciət edəcəkləri barədə məlumatlandırılmalı, onlarda ehtiyatlı davranış vərdişləri formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu insanların çox böyük əksəriyyəti işğal müddətində ölkənin müxtəlif regionlarında məskunlaşdıqları yerlərdə bu təhlükə ilə rastlaşmadıqlarından ilk dəfə belə maarifləndirmə proqramlarına cəlb olunacaq.

Növbəti maarifləndirmə tədbiri Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə tam orta ümumtəhsil məktəbində keçirildi. Tədbirdə Xocavənd rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, yerli sakinlər, müəllimlər və şagirdlər iştirak etmişlər.

Layihə rəhbəri iştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları, təlimçilər tərəfindən isə ən çox rast gəlinən mina və PHS növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları barədə və digər zəruri məsələlərə dair ətraflı məlumat verilmişdir. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet verilmişdir.

Tədbir iştirakçıları və bu kəndlərdə fəaliyyət göstərən məktəbin müəllimləri bu tədbirin təşkil olunmasına görə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinə, layihənin donorlarına minnətdarlığını bildirdilər.

Bu layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırılmasıdır.

Partlayıcı sursatlar təhlükəsinə dair növbəti maarifləndirmə tədbirləri Xocavənd şəhərində və Xanoba kəndində həyata keçiriləcək.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov


MANŞET XƏBƏRLƏRİ