Ankara-Bakı-İslamabad-Pekin xətti: regionlararası yeni geosiyasi konfiqurasiya modeli


Kamal Adıgözəlov

Azərbaycan Prezidenti İlham Əliyev elə liderlərdəndir ki, hər xarici səfərindən sonra əldə etdiyi razılaşmaları və imzaladığı sənədləri geniş ekspert dairələri təhlil edirlər. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə toplantısına Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə qatılması da istisna olmadı. Azərbaycan Prezidentinin apardığı danışıqlar və "ŞƏT plyus" formatında görüşdəki çıxışı böyük diqqət mərkəzində olmaqdadır. Çünki bu hadisələr sözün həqiqi mənasında Azərbaycanın müstəqil dövlət kimi dövlətlərarası münasibətlərdə yeni səviyyəyə yüksəlişini ifadə edir. Təbii ki, bu proses bütövlükdə çox mürəkkəbdir və bir neçə aspektdə aktuallıq kəsb edir. Məsələ ondadır ki, müasir mərhələdə müstəqil dövlətin uğur əldə etməsi öncədən bir neçə faktoru nəzərə almağı tələb edir. Lider bu məqamları nəzərə alaraq siyasi-diplomatik fəaliyyət göstərirsə, müstəqil dövlətçilik üçün tarixi xidmət etmiş olur. Prezident İlham Əliyev məhz bu çətin işin öhdəsindən gəlib. Onun Astanada ŞƏT-in sammiti çərçivəsində bir sıra ölkələrin liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın müstəqil və milli dövlətçiliyində tarixi olaydır.

Azərbaycanın yeni dördtərəfli əməkdaşlıq təşəbbüsü

Bu tezisin iki məsələ üzrə təsdiqini görürük. Onlardan biri ekspert dairələrinin artıq Ankara-Bakı-İslamabad-Pekin geosiyasi oxunun yarandığından bəhs etməsi ilə bağlıdır. Digəri isə Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamənin imzalanmasıdır. Hər iki hadisə regionlararası geosiyasi məkanda Azərbaycanın çoxtərəfli əlaqələr qurmaq istiqamətində uğurlu addım atdığını ifadə edir. Bundan başqa, onların xüsusi geosiyasi anlamı da vardır.

Söhbət, faktiki olaraq, Azərbaycanın fəallığı ilə yaranan yeni geosiyasi konfiqurasiyadan gedir. Və bu proses geniş geosiyasi məkanı əhatə edir. Yaxın Şərq-Qafqaz-Mərkəzi Asiya-Uzaq Şərq miqyasında müxtəlif aspektləri əhatə edən əməkdaşlıq platforması formalaşdırılır. Məsələnin politoloji tərəfi dərin olduğundan onun tam təhlili üçün daha geniş yanaşma tələb olunur. Lakin bir məqalədə də əsas cəhətlərə nəzər salmaq mümkündür.

İlk öncə onu vurğulayaq ki, Ankara-Bakı-İslamabad-Pekin geosiyasi konfiqurasiyası əsas olaraq konkret layihələr, nəqliyyat-logistika və təhlükəsizlik sferalarında koordinasiyalı fəaliyyəti nəzərdə tutur. Bu istiqamətlər müasir dünya üçün çox ciddi geosiyasi əhəmiyyət daşıyır. Eyni zamanda, onlar bir-biri ilə sıx əlaqədədir. Vurğulanan istiqamətlərin bağlantıları milli təhlükəsizliyin təmini məsələsində özünü göstərir. Yəni konkret layihələr, nəqliyyat-logistika və təhlükəsizlik sferaları sintez halında milli təhlükəsizliyi təmin etməyə dəstək verir. Bu məsələdə onların hər birinin avtonom funksiyası da mövcuddur.

Müxtəlif sahələri əhatə edən konkret layihələr dövlətlər arasında əməkdaşlığa məzmun verir. İndiki tarixi mərhələdə ölkələrin bir-birinə ehtiyacları çoxdur. Onlar dəqiq işlənmiş və funksiyası müəyyən edilmiş layihələr üzrə əlaqələr quranda, bu, həm davamlı olur, həm də etibarlılıq yaradır. Təsəvvür edək ki, Yaxın Şərqdən tutmuş Uzaq Şərqə qədər bir neçə regiondan keçərək bir çox dövlətləri bir-biri ilə əlaqələndirən layihələr reallaşır. Deməli, layihələrdə öncədən iki istiqamət bir-biri ilə sıx şəkildə konkret təcəssüm edir. Onlardan biri layihələrin məzmunu, digəri isə ölkələri bir-birinə bağlayan marşrutlardır.

Marşrutlar uzun məsafədə məkanları birləşdirməlidir. Bu da onu göstərir ki, böyük bir ərazidə yeni infrastruktur yaradılmalı, çoxlu sayda insanlar işlə təmin olunmalı, yollarda xidmət punktları yaradılmalıdır. Elə bir infrastruktur yaradılmalıdır ki, milyonlarla insan ondan faydalana bilsin. Belə nəticə çıxır ki, Ankara-Bakı-İslamabad-Pekin geosiyasi oxu, faktiki olaraq, strateji aspektdə bir neçə dövləti bir-birinə bağlayır.

Təbii ki, burada məzmun və nəqliyyat-logistika istiqaməti ilə yanaşı, təhlükəsizlik aspekti də önəm daşıyır. Çünki yalnız sabit və etibarlı məkanda əməkdaşlığı reallaşdırmaq mümkündür. İndi dövlətlər təhlükəsizlik məsələsinə çox önəm verirlər. XXI əsrin təcrübəsi göstərir ki, ən perspektivli layihələr belə sabitlik olmasa, sona qədər reallaşa bilmir. Həmin səbəbdən bir neçə perspektivli layihə işlənib hazırlanıb. Ankara-Bakı-İslamabad-Pekin xəttində isə belə təhlükə yoxdur. Türkiyə, Azərbaycan, Pakistan və Çin bütün marşrutlar üzrə təhlükəsizliyi təmin edə bilirlər.

Bunlarla yanaşı, Ankara-Bakı-İslamabad-Pekin geosiyasi xətti Yeni İpək Yolu layihəsi üzrə Orta Dəhliz adlanan marşrutun reallaşması baxımından prinsipial rol oynayacaqdır. Məsələ ondan ibarətdir ki, Orta Dəhliz Çindən başlayır, Pakistandan keçib Mərkəzi Asiyaya daxil olur və oradan da Cənubi Qafqaza istiqamətlənir. Sonrakı mərhələdə Türkiyə vasitəsi ilə Avropaya çıxır.

Buradan aydın olur ki, bu layihədə Azərbaycanın strateji rolu önə çıxır. Çünki Orta Dəhlizin reallaşması üçün Zəngəzur Dəhlizi mütləq işləməlidir. Ankara-Bakı-İslamabad-Pekin geosiyasi xətti həmin kontekstdə Zəngəzur Dəhlizi üçün ciddi strateji əhəmiyyət daşıyır. Avtomatik olaraq, Zəngəzur Dəhlizi məsələsi bir neçə böyük dövlətin strateji maraq dairəsinə daxil olur. Bu baxımdan Azərbaycan-Çin strateji tərəfdaşlıq sənədinin imzalanması regionlararası əməkdaşlıq platforması üçün möhkəm təməl yaradır. Məsələnin bu tərəfini təhlil etmək lazımdır.

Azərbaycan-Çin: strateji tərəfdaşlıq yolunda

Qlobal geosiyasi proseslər üçün bu, olduqca vacib bir hadisədir. Əslində, çoxlarının təsəvvür edə bilmədiyi hadisə baş verdi. Lakin bu prosesin əsasının Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri zamanı qoyulduğunu çoxları bilmir. Həmin dövrdə Heydər Əliyev güclü dövlət konsepsiyasını həyata keçirməyə başlayanda gələcəkdə bunun geniş geosiyasi məkanda Azərbaycanın strateji tərəfdaşlarının artması nəticəsini öncədən görmək zəruri idi. Prezident İlham Əliyev bu xətti böyük uğurla davam etdirdi və indi Çinlə strateji tərəfdaşlıq qurmaqla bağlı sənəd imzalandı.

Həmin sənədin məzmunu çox düşündürücü və perspektivlidir. Azərbaycan-Çin əməkdaşlığı haqqında Astana Bəyannaməsinin başlanğıcında yazılır: "Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir".

Bu fikir bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün prinsipial əhəmiyyət daşıyır. Dünyanın ən güclü ikinci dövləti açıq bəyan edir ki, Azərbaycanın təklif etdiyi sülh modelini birmənalı, şəksiz, alternativsiz dəstəkləyir. Belə çıxır ki, gələcəkdə məhz həmin təkliflər əsasında sülh müqaviləsi imzalanacaq.

Qeyd edilən qənaətə Azərbaycanı bu məsələdə Rusiya və Türkiyənin də dəstəkləməsi faktını nəzərə alaraq gəlmək olar. Deməli, regionlararası geosiyasi təhlükəsizlik və əməkdaşlıq düzəninin yaranmasında Bakı əhəmiyyətli rol oynayır!

Həmin məqam sənədin digər müddəalarında konkret məzmunda yer alır. Orada yazılır: "Tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayırlar" və "tərəflər milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar". Bunun üçün isə sənəddə deyildiyi kimi, Azərbaycan və Çin " ... milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birilərinə qətiyyətli dəstək verməyə davam edəcək ... ".

Bütün bunlardan aşağıdakı nəticələri çıxara bilərik.

Birincisi, Azərbaycan Prezidenti ŞƏT-in Astana sammitində tarixi uğur əldə edib. Orada çox perspektivli və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən sənəd imzalanıb. Azərbaycanla Çini, faktiki olaraq, geniş geosiyasi məkanda strateji tərəfdaş edən həmin sənəd ciddi təsiri olan addımdır. Böyük bir geosiyasi məkanda dinamikanı və ümumi mənzərəni yeniləşdirəcək məsələdir.

İkincisi, Ankara-Bakı-İslamabad-Pekin geosiyasi xətti tarixdə ilk dəfədir ki, rəsmi status alır və konkret məzmun, funksiya əldə edir. Müasir rəqabətli bir dövrdə bu, müstəqillik və suverenlik üçün çox əhəmiyyətlidir. Maraqlıdır ki, yeni geosiyasi oxun ərazicə böyük hissəsi Türk Dövlətləri Təşkilatına (TDT) bağlıdır. Türkiyə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri tamamilə buraya daxildirlər. Pakistanla olan qardaşlıq münasibətləri isə onu göstərir ki, faktiki baxımdan Çin TDT ilə geosiyasi ox yaradır. Bu da tarixdə ilkdir. Həmin ilkə imza atan dövlətlər sırasında Azərbaycan da vardır və Bakı xüsusi funksiya yerinə yetirir. Qısa desək, Azərbaycanın geosiyasi təsiri yeni səviyyəyə yüksəlir!

Beləliklə, Prezident İlham Əliyev növbəti dəfə regionlararası geosiyasi məkanda ümumi dinamikanı və mənzərəni yeniləşdirə biləcək diplomatik gediş edib. Şübhə yoxdur ki, bundan geniş bir ərazidə çoxlu sayda xalqlar yararlanacaqlar. Azərbaycan uğurlarını davam etdirir!


MANŞET XƏBƏRLƏRİ