İŞIQLI ATALI
III YAZI
(önü ötən saylarımızda)
“Bin haramdan bir halal yegdir”.
Fikrimizcə, bu kimi məsəllər Türk Tanrıçılığının xarakterik örnəklərindəndir. Ona görə ki, Türkün başlıca cəhəti onun halallığıdır. Türkün Tanrısı elə Türkün xarakterinə uyğundur: halallığı haramçılığa qarşıdır, bu, onun həyat tərzidir. Halallığı məişətində özünü göstərir. O deməkdir ki, Türk mahiyyətcə varidatçı deyil.
Türk döyüşməyə məcbur olsa da, qəsbkarlıq düşüncəsiylə yaşamır.
“Butraq diküb buğday umma”.
Butraq – “pıtraq” anlamındadır, yetişdikdə insanın paltarına yapışan bitkidir. Zəhmət çəkməyib də buğda ummaq olmaz. Əcdad düşüncəsində alın yazısı mifi yoxdur, anlayır ki, nə becərəcəksənsə, çalışacaqsansa, o qədər də bəhrəsini görəcəksən.
“Boğaz Tanrı yarlığasın deməz”.
Məsəldə Tanrının səxavətcilliyinə, əksinə, insanın bunu anlamamasına işarə var. Ancaq göründüyü kimi, fikirdə ironiya yoxdur, nankorluğa görə cəza nəzərdə tutulmur. İnsanın həyatı anlaması, təbiətdən bəhrələnməsi iç-içə olduğundan Türkün Tanrısına ərki var. Bu ərk təbii bir proses kimi ömürləşir, onu hər şeydə məsuliyyətli olmağa kökləyir. Tanrı-insan ilişgilərini anlamayanlar özünü bilməyənlər sayılır.
Aşağıdakı məsəl bunun davamı kimi nəzərdən keçirilə bilər:
“Bilir bilür bilüri, bilməz nə bilir bilüri?”.
***
“Bin il yerdə yatan bir duaya möhtacdır”.
Məsəlin Tanrıçılıqdan çox İslam dönəmində yarandığını demək olar, ancaq hər iki dönəmin izlərini özündə daşıyır. İnsanın dua ilə yad edilməsi – onun xatirəsinin, adının anılmasıdır. İnsanın təbiətlə ruh birliyi var. Bu örnəklərdə tanrıçılıqla bağlı təsəvvürlərin ifadəsini, ayrı-ayrı mətnlərdə izlərini tapmaq olur...
“Bindükli bindügin Büraq sanur”.
Mindiyinin əfsanəvi at Büraq sanılması kimi təsəvvür İslamçılıq düşüncəsi ilə bağlıdır.
Bəylər xəşmi Tanrı xəşmindən artıqdır.
“Xəşm” – “acıq, qəzəb” anlamındadır. Bu düşüncə Tanrının halında qəzəbin “o qədər də çox olmadığını” göstərir. Buradan da Əcdadın Tanrıya münasibəti tam təsəvvür olunur. Türk insanının özünə, başqasına münasibəti – yanaşması onun Tanrısına münasibətini formalaşdırır, yəni Tanrı onun dünyaya, həyata, özünə münasibətinin ifadəçisi kimi anlaşılır, insanların davranış örnəyi olur.
“Tanrı kişiyə kəndüyə müti olmaz oğul versin”.
Məsəldə Türk insanının müti olmamasının gərəkliyi vurğulanır. Oğulun mütiliyi onun qəhrəman olmaq imkanını əngəlləyir. Türk insanı özünə inananda, yerə-göyə sığmayan imkanlarını aşkarlayanda var olur.
“Tanrı bir, iş iki”.
İşin mahiyyətini bilən qayğının həllini də tapır. Əcdad düşüncəsində nə tələsməmək, nə də gecikməmək əhvalı olub, potensiya, habelə qabiliyyət kimi indi də şübhəsiz, var. O deməkdir ki, Tanrıya tapınan türk müasir düşüncədə yaşayan məsəli xatırlatsaq, “Allah deyir, səndən hərəkət, məndən bərəkət” prinsipini əsas götürür. Əslində bunun da kökündə Tanrçılıq izlərini tapmaq mümkündür. Yəni məsəldə Tanrı ilə danışa bilmək ərki var.
“Tanrıyı göz ilə görmüş kimsə yoq, əqllə bilırlar”.
Məsəldə Türk Tanrıçılığının xarakteri açılır. Dünyanın, Həyatın, İnsanın mahiyyətinin “əqllə”, əslində Ruhla dərk olunması fitrət işidir. Əcdadın o çağın ağıl imkanları ilə dünyanı qavraması duyumludur, ibdidai göründüyü dərəcədə məntiqlidir. Təəssüf ki, Tanrıçılıqdan sonrakı mərhələlərdə (Zərdüştlükdən sonra) dünya qavramı ilə bağlı axtarışlar yeni bir dünyabaxış ölçüsündə aşkarlanmadı.
Göyü, Ağacı, Suyu və s. tanrılaşdırmaq fitrətən onların mahiyyətinin əbədiliyini duymaqdır.
“Türk şərtlünin qulıdır”.
Məsəldə Türkün verdiyi sözə əməl etməsinin qaçılmazlığına işarə var. Bu, xarakterin dəyişməzliyi məsələsidir, Tanrılıq xislətidir.
“Tanrı nişan urdığı quldan qorqmaq gərək”.
“Tanrının insanı qul sayması” məsələsi İslam Tanrıçılığından, əslində Allahçılığından gələn düşüncədir. Türk düşüncəsində Tanrıya qul olmaq yox, Tanrıyla bir olmaq, Tanrılaşmaq xarakteri, düşüncədə imkan var.
“Tanrı nişan urdığı quldan qorqmaq” – Tanrının (burada Allahın) həmin şəxsi himayə etməsi anlamına gəlir.
Qədim türk düşüncəsində Tanrının insanı himayə etməsi düşüncəsi var. Seçilmiş insanlar dedikdə daha çox hakimiyyət adamları nəzərdə tutulurdu. Habelə düşüncə adamları, saf, təmiz yaşamış, insanların yaddaşında iz qoymuşların da Tanrının himayəsində olduğu düşünülürdü.
İnsanın bu və ya başqa səviyyədə durumunun Tanrı nəzarətində olduğu, yetdiyi uğurlara görə Tanrının rolu olduğu düşünülürdü.
“Dost əskiyəcək, Tanrı yenisün verir”.
“Səfərə çıqanun işini Allah bilür”.
Burada insanın alın yazısından asılılığına işarə olunur. Türk Tanrıçılığında isə insan mahiyyətcə taleyinin yiyəsidir, Tanrıdan asılı olduğu dərəcədə taleyi özündən asılıdır.
“Sovuq peyğəmbərə hörmət etməmişdir”.
Məsəldə təbiətin insandan asılı olmayan qanunlarına işarə var.
Bu qənaətin İslam Allahçılığı dönəmində yarandığı aydındır.
Türk düşüncəsində Təbiətlə bir olmaq var. Bu, özünü bir çox mətnlərdə göstərir.
“Toğru gələn dolaşmaz”.
Doğru danışmaq, doğru yaşamaq türk düşüncəsinin mayasındadır, yaşam tərzidir. Doğruçuluq – Tanrıya xas cəhətdir. Türk Tanrısının tələbinə uyğun doğru danışmağı, doğru yaşamağı həyatının mənası sayırdı...
“Toğruya Allah yardımçı”.
Bu məsəl yuxarıdakı qənaəti bir daha təsdiq edir. Ancaq “Allah” məzmunu məsəlin İslam Allahçılığı dönəmində Tanrı məzmunundan çıxarıldığını, əvəzləndiyini göstərir.
Buna oxşar məsəllər:
“Toğru iki cahana yarar”.
“Toğru tutulmayınca əgri bulunmaz”.
“Toğru söyləyəni toquz para şərdən qovmuşlar”.
“Toğru olan hər kişiyi toğru sanar”.
“Tutulmayan oğru – bəgdən doğru”.
Toğruya zaval yoqdur.
Toğmaqdan qalmayan ölməkdən qalmaz.
Məsəldə ölümün həyat qaydası olduğunun intuitiv duyumu və zəngin gerçəklik təcrübəsi var.
Əcdad anlayıb ki, doğumla yanaşı ölüm var, bunu normal qarşılamaq gərəkdir.
Eyibsiz bir Allah.
Məsəlin İslam sonrası daha da cilalandığı, normalaşdığı təxmin edilə bilər. Türk mifoloji düşüncəsində Tanrının dəyişməzliyi, güzəştsizliyi Türk xarakterinə bağlıdır. Əcdad Tanrısını özünün xarakterinə uyğun təsəvvür edib.
Övrət (i) ölmək evi yıqılmaqdır.
Bu düşüncənin yaşının Tanrıçılıqla tən olduğu qadına yanaşmada tamamilə üzə çıxır. Türkün Tanrıçılıq baxışları onun ömrünün mənalanması, düzgün yönləndirilməsi üçün idi. Türk Tanrıçılığı türk xarakterinin ifadəsi olduğuna görə, onun qadına münasibəti də tanrısal idi. “Dədə Qorqud”da car edilən “Bəri gəl, başım baxtı, evim taxtı” alqışı türk insanının – əcdadın qadına yüksək dəyər verməsinin canlı ifadəsi idi. Göründüyü kimi, burada türk kişisinin bir qadınından söhbət gedir. Əgər çoxarvadlığa işarə olunsaydı, o zaman bu məsəl yaranmazdı. Çünki gerçək həyatda, ayrıca olaraq Tanrıçılıq dönəmində türk kişisi üçün ailə ciddi, bənzərsiz hadisə sayılırdı. Qadın türk ailəçliyində həmişə uca varlıq sayılıb. Qədim türk ailəçiliyində çoxarvadlığın olmaması türkün xarakerinin insançılığından (Türkə xas ailə dəyərinin – ailəçiliyinin bənzərsizliyindən) gəlir.
Aşağıdakı məsəlin isə İslam Allahçılığından sonra obrazlaşdığını təxmin etmək olar:
“Övrətin əri ilk ərdir, ğeyrisi yamaqdır”.
Göründüyü kimi, burada qadının əri öləndən sonra başqasına getməsindən danışılır, həyatının ən yaxşı dönəmi birinci ərinin vaxtında olub. Bu yanaşma, yəni əri öldükdən sonra ikinci kişi ilə ailə qurmaq Tanrıçılıq dövründə də ola bilərdi, ancaq İslam dönəmində də yayğın olduğu danılmazdır.
Aşağıdakı məsəllərdə də qadına inamsızlıq ifadə olunur:
Övrətdən vəfa gəlməz.
Övrətin ətməgi dizindədir.
Övrət yapdığı ev yıqılmaz, övrət yıqdığı ev qurulmaz.
Allah adına, məzmununa deyilən bir çox məsəllər İslamçılıq dövrünün məhsulu kimi meydana çıxıb:
Ğeybi Allahdan kimsə bilməz.
Ğəribin kimsəsi yoq, Allahı vardır və s.
Qurdla bağlı. Qurd qonşusun yeməz.
Qurd yanında quş da doyar.
Bu qənaətdə qurdla bağlı inancların izləri özünü göstərir. Qurdun anadangəlmə xisləti olan yırtıcılığı ilə yanaşı onun bərəkətli olması düşüncəsi var.
Qədim türk inanclarından olan totemizmdə ayrıca olaraq boz qurdla bağlı baxışlar özünü göstərir. Boz qurdun tənhalığı, habelə həmişə qüdrətli qalması, yenilməzliyi, əcdad türkə yol göstərməsi inancı onun totemləşməsinə səbəb olub.
Oxşar məsəllərə baxaq:
Qurd anarsun qurd gəlür.
Burada qurdun totem olaraq əcdadın ağlında yaşadığına işarə var.
Yəni qurd əslində hər yandadır. Məsəldə qurdun xilaskarlığı (qurtarıcı olması) məsələsi də duyulur.
Qurd ilə quzu yeyüb qoyun ilə şivən urma.
Burada isə adamın ikili xüsisiyyətini görürük. Qurddakı yırtıcılıq xisləti ilə adam xisləti arasında uyğunluq, oxşarlıq artıq mənfi planda izlənilir, təsdiqini tapır.
Qoyunqa qaç deyüb, qurda qaç demə.
Qurda inanma.
Qurd ilə qoyunun nə oyunu var?
Qurd əniyi yenə qurd olur.
Qurd toyduğu yeri qırq kərrə dolanur.
Qurdun adı yavuz, arada tülkü var, baş kəsərlər.
Qəza gəlicək göz bağlanır.
Bu təsəvvürdə alın yazısı mifi özünü göstərir, Tanrıçılıqla birbaşa bağlı deyil. Allahçılıq dönəmində əcdad ağlında hər şeyin taleyinin Allahın əlində olması təsəvvürü formalaşdı və gücləndi. Buna yaxın bir məsəl-ifadə indi də işlənir: “Filankəsin basaratı bağlandı, heç nə eliyə bilmədi”. Burada “basarat” – “bəsirət” deməkdir. Yəni daxili (iç) gözü bağlandı, nıtqı tutuldu, heyi, gücü qalmadı və s.
Beləliklə, bu kimi qənaətlərdə Tanrıçılıqdan sonra türk düşüncəsində Allahçılıq dönəmi gəlir ki, bu da əcdadın artıq özünə məxsus ilkin düşüncədən ayrılması dönəmidir...
Qoca kafir müsəlman olmaz.
Tipik məsəlin İslam dönəmində yarandığı aydındır. Burada son nəfəsində belə başqa baxışı qəbul etməyən, qədim ənənə, inanc əsasında yaşayan, özünəməxsusluğa, xarakter yaşadıcılığına, biryolluğa - əcdad ruhuna uyğun yaşayanın, Tanrıçılığa tapınan insanın “kafir” sayılması var.
Qoca müsəlman kafir olmaz.
Əksinə, bu məsəldə isə artıq qocalmış müsəlmanın – İslamı qəbul etmiş şəxsin geriyə - “kafirliyə” qayıtmasının mümkün olmaması vurğulanır. Normalaşmış məsəlin ağılda, düşüncədə məcburi aqibət səciyyəsi daşıdığı danılmazdır.
Qadir Tanrı verməyincə ər bayımaz.
Məsəlin “Dədə Qorqud”dan olduğu anlaşılır.
“Dədə Qorqud soylamış:
Allah-Allah diməyincə işlər önməz,
Qadir Tənri verməyincə ər bayımaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz
Əcəl vədə irməyincə kimsə ölməz”.
Ünlü dastanın sonradan islamlaşdırılması katib qeydlərindən aydınca görünür.
“Allah” sözünün ardınca “qadir Tanrı” işlədilməsi düşüncədə Tanrı anlayışının ciddi biçimdə qalmasından xəbər verir. Alın yazısı qənaətinin vazkeçilməzliyi məntiqi – dinin məntiqinin əsaslandırılmasına (“Əzəldən yazılmasa, qul başına qəza gəlməz”) hesablanıb.
Təbiidir ki, döyüşkən ruhlu türk əcdadın yenilməziyinin əsas səbəbi – içində Tanrılıq xislətini daşıması idi.
Qonşu haqqı, Tanrı haqqı.
Qonşunun haqqının Tanrının haqqına tay tutulması məsəlin qədimliyindən, hansısa fikir dəyişikliyinə uğramadığından xəbər verir.
Türk özünə doğma, məsuliyyətli olduğu dərəcədə də qonşusuna məsuliyyətlidir, çünki əzəldən insanlığa əsaslanıb.
Qorxu – xəyanətündür.
Bu məsəl türkün Tanrıçılıq görüşlərini tam ifadə edir. Türk xarakterindəki qorxusuzluq – cəsarət amili onun Tanrıçılığında özünü göstərir. Türkün birsifətliyinin səbəbi – onun halallığıdır. Əcdad alnıaçıqdır, pisliyi sevmir. Qorxunun xəyanət sayılması – Tanrıçılığın insanpərvərlik ruhunu aydınca göstərir. Qorxu insanın fizionomik cəhətdən özündən ayrılmasını yaradır, ruhunu sarsıdır, varlığını məhv edir. Türk anlayırdı ki, qorxu onun təbiətində yaşasa, var ola bilməyəcək.
(ardı var)