ABŞ və Rusiya arasında nüvə gərginliyi alovlanır: Yeni Soyuq Müharibə başlayır? - ŞƏRH


ABŞ Prezidenti Donald Tramp son açıqlamasında ölkəsinin nüvə silahı sınaqlarını yenidən başlatmaq ehtimalını gündəmə gətirib. Tramp bildirib ki, digər nüvə dövlətləri artıq testlər həyata keçirir.

Kreml bu bəyanata sərt reaksiya verib. Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, əgər ABŞ nüvə sınaqlarına başlayarsa, Moskva da analoji addım atacaq.

Trampın bəyanatı, üç onillikdən artıq fasilədən sonra, qlobal nüvə sınaqlarının yenidən gündəmə gəlməsi fonunda beynəlxalq təhlükəsizliklə bağlı ciddi narahatlıqlar doğurub. Ekspertlər hesab edirlər ki, bu cür addımlar ABŞ və Rusiya arasında yeni silahlanma yarışının başlanmasına səbəb ola bilər.

Maraqlıdır görəsən, iki nəhəng güc nüvə məsələsində yarışa girəcək? Bu yeni soyuq müharibəyə işarədir? Turkustan.az olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov:

Tural İsmayılov

Trampın nüvə sınaqlarına icazə verməsi beynəlxalq təhlükəsizlik sistemində yeni mərhələnin başlanğıcına işarədir. Bu qərar ABŞ-ın hərbi-strateji üstünlüyünü bərpa etmək və Çin-Rusiya tandemini psixoloji təzyiq altında saxlamaq məqsədi daşıyır. Kreml isə bu addımı “cavabsız qoymayacağı” ilə bağlı bəyanat verərək, əslində yeni silahlanma mərhələsinə start siqnalı göndərib. Beləliklə, iki supergüc arasında soyuq müharibə dövrünü xatırladan qarşılıqlı balans oyunu yenidən gündəmə gəlir.

Tramp administrasiyası hərbi gücü diplomatiyanın əsas dayağı kimi görür və bu, ABŞ xarici siyasətinin klassik realizm fəlsəfəsinə qayıdışıdır. Rusiya üçün isə bu, həm daxili auditoriyaya güc nümayişi, həm də Qərbə qarşı çəkindirici faktor yaratmaq vasitəsidir. Əslində tərəflərin hər ikisi bilirlər ki, real nüvə müharibəsi mümkün deyil, amma nüvə “kartı”nın masaya qoyulması siyasi manevr imkanlarını genişləndirir. Bu addımlar həm də Ukrayna və Yaxın Şərq cəbhələrində güc balansının yenidən qurulması ilə əlaqələndirilir.

ABŞ-ın məqsədi – Pekin və Moskvanı bir-birindən ayırmaq, Rusiyanı iqtisadi və texnoloji gərginlik altında saxlamaqdır. Kreml isə çalışır ki, Vaşinqtonun bu strategiyası nəticəsiz qalsın və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlasın.

Burada nüvə sınaqları faktiki döyüş deyil, siyasi mesaj rolunu oynayır. Dünya yeni bir “strateji sınaq dövrü”nə qədəm qoyur və bu mərhələdə hər kəsin əsas hədəfi – güc tarazlığını qorumaqdır. ABŞ bunu texnoloji dinamika ilə, Rusiya isə hərbi ritorika ilə edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ