Salman Qaralar (Balakişiyev) 1959-cu ildə Kəlbəcər rayonu Daşbulaq kəndində anadan olmuşdur. 1981-ci ildə ADPU(V.İ.Lenin ad. APİ)- nun filologiya fakultəsini bitirmiş, Göygöl rayonunda müəllim, məktəb direktoru, Təhsil Şöbəsinin müdir müavini işləmişdir.
Bir metodiki tövsiyə, iki şeir, “Adım Ələsgərdi…” adlı tədqiqat kitablarının, çoxsaylı jurnal və qəzet məqalələrinin müəllifidir.
“Tərəqqi” medalı ilə təltif edilmişdir.
AYB-nin üzvüdür.
“Allahım, bu dünya mənlik deyilmiş”.
M. Nağıqızının eyni rədifli qoşmasına cavab
Hər kəs əməlində düz yolda olmur,
Xoşbəxtlik ya varda, ya pulda olmur.
Hər doğulan oğlan oğul da olmur,
“Allahım, bu dünya mənlik deyilmiş”.
Mən nəyi dəyişib, nəyi qurmuşam?
Mən hansı bir kəşfə möhür vurmuşam.
Mən bir nöqtə içrə sabit durmuşam,
“Allahım, bu dünya mənlik deyilmiş”.
Görürəm dünyanı alanları mən,
Görürəm çapqını, talanları mən,
Görürəm dağ boyda yalanları mən,
“Allahım, bu dünya mənlik deyilmiş”.
Böcək parıltısın çıraq dedilər,
Bir sısqa şor suya bulaq dedilər,
Qara gördüyümə dümağ dedilər,
“Allahım, bu dünya mənlik deyilmiş”.
İki qərinəni mən saya- saya,
Yaşadım, yoxsa ki, gördüm bir röya.
Könlümə yatacaq, bəlkə, o dünya,
“Allahım, bu dünya mənlik deyilmiş”.
Salman, insan olan yolunu azıb,
Sabahına dərin, gen quyu qazıb.
Mahirə dünyadan nə mahir yazıb:
“Allahım, bu dünya mənlik deyilmiş”.
15.06.2025
Dağlara
Yasin Nadirovun eyni adlı gəraylısına cavab
Qayalar buxara papaq,
Yamaclar ətək dağlara.
Dəli çaylar qara zurna,
Bulaqlar tütək dağlara.
Güney dağa gün yaraşan,
Quzey suya qar qarışan,
Çöl-çəmənlər aşıb daşan
Bir ballı pətək dağlara.
Orda artır söz duyğusu,
Bir könülün yüz duyğusu.
Yerə düşən hər damla su,
Verir gül-çiçək dağlara.
Şükür sənə, qərar verən,
Nə nizamla hörüb, hörən.
Yapınçıdı, kürkdü, görən,
Duman, çən-çisək dağlara?
Öz bəxtini biçən ömür,
Ürək qanın içən ömür,
Qürbət eldə keçən ömür,
Olubdu ödək dağlara.
İçimdəki bir səs deyir,
Salman, ölən həvəs deyir:
Nə durmusan tələs deyir,
Ay ömrü gödək, dağlara.
04.12.2022
66 ilə güləş
Tanrıdan verilən payın,
Ömür adlanan sarayın
Yüz xanası varmış, bildim.
Bir - bir keçib mənzilləri
Dinclik məqamına gəldim.
Rahat nəfəs aldım 65- də,
Azaldı qayğı da, iş də.
Yenə yolda dayanmadan,
Yorulmadan, usanmadan
66- cı qata yüksəldim.
İndi düz bir ildi döyüşdəyəm
Altmış altı ilə.
O mənim ömür xanama hücumdadı,
Mən müdafiə olunuram
Dözüm, səbir atı ilə.
Gah ayağımdan vurmağa çalışır, gah başımdan,
Qorunuram onun mənə atdığı
xəstəlik adlı daşından.
Ömür sarayıma girən
66- nı nişan aldım.
Götürüb başım üstünə
Ayağım altına saldım.
İkinci altı əyildi, yeddi oldu,
Ölmədi, daha təhlükəli, ciddi oldu.
Yenə gedəcək o savaş,
Gah tez- tez, gah yavaş- yavaş.
Rəqibin hədəfi məni bitirməkdi,
Yeni bir məkana ötürməkdi.
Mənim hədəfim 66- nı devirməkdi,
Onu yıxaraq baş - ayaq çevirməkdi.
Beləcə davam edir bu dava,
Gündüz- gecə.
Tanrım, bu işin sonunu
Sən bilirsən,
Qurtaracaq necə?
İki altını iki doqquz
Etməyə qüvvət istərəm.
Axı sən kərəm kanısan,
Sonra da cənnət istərəm.
20. 10. 2025
Müəllim günü
Bir kişi özünü baba bilərsə,
Ata sevinərsə, ana gülərsə,
Hansı gün dünyaya körpə gələrsə,
Həmin gün sayılsın müəllim günü.
Uşaq hecalasa “Ana” sözünü,
Bilsə yolun əyrisini, düzünü,
Vətənə xidmətdə görsə özünü,
Həmin gün sayılsın müəllim günü.
Müəllim uşağın çəkər cəfasın,
Sınayar ilqarın, əhdin, vəfasın,
Gənc nəslin xalq görsə nə vaxt səfasın,
Həmin gün sayılsın müəllim günü.
Biri təhsil üçün gəlir məktəbə,
Biri təhsil alıb çatar mətləbə.
Elm, bilik nə vaxt çalsa qələbə,
Həmin gün sayılsın müəllim günü.
Hansı gün olmasa suçlar, günahlar,
Məhv olsa bəşərə qənim silahlar.
Sülh ilə açılsa nurlu sabahlar,
Həmin gün sayılsın müəllim günü.
Nə vaxt gerçək olsa bu arzu, muraz,
Nə vaxt yurdumuzda yağılar qalmaz,
Sərhəd sayılmasa bizə xan Araz,
Həmin gün sayılsın müəllim günü.
Salman o mənəvi qala hörənə,
Bu gündə sabahı aydın görənə,
Gözünün nurunu hər gün verənə,
Hər gün də sayılsın müəllim günü.
Həmin gün sayılsın müəllim günü!
05.10.2016
Araz adlı oğullar
Düşmənlər böldülər Azərbaycanı,
Sərhəd çayı oldu ana çayımız.
Yandı millətimin dini, imanı,
Boyandı irinə, qana çayımız.
Araz üzərində postlar quruldu,
Fars durdu o üzdə, rus da bu üzdə.
Cəsur oğulların boynu vuruldu,
Doldu qanımızla çay da, dəniz də.
Qadağa vuruldu dillənən dilə,
Fikrimiz beyində, ürəkdə qaldı.
Azad millət dönüb oldu bir kölə,
Yanıqlı ağılar göyə ucaldı
“Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Züim ilə ayırdılar.”
Bölünən Vətənin simvolu kimi,
Bu xalq Araz dedi, Araz eşitdi.
Millətin köksünə yığılan qəmi,
Yoxlasan, görərsən neçə çeşiddi.
Adını Araz adlı çaydan alan oğullar,
Arazın ağrısına şərik olan oğullar
Arazın o tayında,
Arazın bu tayında,
Günlərin bir günündə,
Ayların bir ayında
Duraraq ayaq üstə, verəcəklər əl- ələ,
Yenidən qovuşacaq ürək cana, el- elə.
Bakı düşünən beyin, Təbriz ürək olacaq,
Araz adlı oğullar bizə gərək olacaq.