Ərdoğanın oğlu ilə bağlı gözlənilməz iddia yayıldı – Türkiyədə sensasiya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın ölkənin yeni lideri ola biləcəyinə dair iddialar yayılıb. Məlumata görə, Ərdoğan növbəti prezident seçkilərində oğlunun namizədliyini dəstəkləyəcək və öz yerini ona verəcək.

Türkiyə kimi bir ölkədə belə bir prosesin baş verməsi nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, sözügedən məlumat son vaxtlar Türkiyə siyasi gündəmində geniş müzakirə olunur:

“Lakin rəsmi təsdiq yoxdur. Həm Ərdoğan ailəsinə yaxın dairələr, həm də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbər strukturları belə bir qərarın verildiyini bəyan etməyiblər. Hazırkı vəziyyətdə bu iddialar spekulyativ xarakter daşıyır, lakin tamamilə əsassız da sayılmır. Bunun bir neçə səbəbi var.

İlk növbədə vurğulamaq lazımdır ki, Bilal Ərdoğanın sosial və siyasi nüfuzunun artdığı müşahidə olunur. O, uzun illərdir ki, Elm Yayma Vəqfi, Dünya Etnoidman Konfederasiyası kimi dövlət tərəfindən dəstəklənən təşkilatlarda aktiv rol oynayır. Adı çəkilən qurumlar vasitəsilə həm gənclər, həm də dindar, mühafizəkar elektorat arasında güclü təsir dairəsi formalaşdırıb. Bu isə potensial siyasi bazanın mövcudluğunu göstərir.

Digər maraqlı məqam “Post-Ərdoğan dövrü” müzakirələri ilə bağlıdır. Türkiyədə 2028-ci ildə keçirilməsi planlaşdırılan növbəti prezident seçkiləri öncəsi “Ərdoğandan sonrakı dövr” barədə siyasi və media dairələrdə müzakirələr başlayıb.

Türkiyə mediasında xarici işlər naziri Hakan Fidan, “Baykar” şirkətinin rəhbəri Selçuk Bayraktar və Bilal Ərdoğan kimi adların hakim partiya daxilində gələcək liderlik uğrunda potensial rəqiblər kimi çəkilməsi bu versiyanın aktuallığını artırır”.

vuqar ziferoglu 2323
Vüqar Zifəroğlu

V.Zifəroğlu bildirib ki, AKP seçiciləri uzun illərdir liderə şəxsiyyət səviyyəsində sadiq davranış sərgiləyiblər:

“Buna görə də Rəcəb Tayyib Ərdoğanın açıq və ya dolayı dəstəyi ilə Bilal Ərdoğanın namizədliyi irəli sürülərsə, həmin elektoratın əhəmiyyətli hissəsinin onu dəstəkləməsi ehtimalı yüksəkdir. Lakin bu, Ərdoğanın özünün qərarından asılıdır.

Türkiyə Konstitusiyasına görə, növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Hazırda Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olması məsələsi mübahisəli hüquqi interpretasiyalara səbəb olur. Bu baxımdan, AKP daxilində “varis” məsələsinin gündəmə gəlməsi təbiidir, lakin Bilal Ərdoğanın qısa müddətdə namizəd kimi ortaya çıxması ehtimalı hələ zəif görünür.

Onun prezident seçkilərində namizədliyini irəli sürməsi hazırda rəsmi fakt deyil, amma strateji baxımdan mümkün ssenarilərdən biridir. Ərdoğanın oğlunun siyasi və ictimai fəallığı, ailəvi nüfuzu və AKP elektoratında tanınırlığı ehtimalları gücləndirir.

Bununla belə, qısa perspektivdə Bilal Ərdoğanın namizəd elan olunması gözlənilmir, daha çox uzunmüddətli “post-Ərdoğan dövrü” planlarının bir hissəsi kimi nəzərdən keçirilə bilər”.


MANŞET XƏBƏRLƏRİ