Qafqaz Albanyasının tarixi irsi Qazax Alban məbədləri


Rəna Qocayeva
Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. Professor K. Trever qeyd edir ki, Mingəçevirdəki Sudağılan məbədlərində olduğu kimi, bəzi hallarda xristianlıqdan əvvəlki dövrə aid məbədin harda bitib, xristian məbədinin harda başlamasını müəyyən etmək mümkün deyil. IV əsrin əvvəllərində Qafqaz Albaniyası tarixinin yeni mərhələsinə qədəm qoyur və bu mərhələnin əsas həlledici faktorlarından biri feodal ictimai-iqtisadi münasibətlərinin yaranması və inkişafı, xristianlığın dövlət dini elan edilməsidir. Həmin dövrün ən mühüm hadisələrindən biri ölkənin ümumi mədəni həyatında dirçəlişə təkan verən Alban əlifbasının yaradılması olmuşdur. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan (487–510) və Cavanşirin (637–680) hakimiyyətləri dövrünə təsadüf edir. Moisey Kalankatlı bildirir ki, Arşakilər sülaləsindən olan hökmdarlardan yalnız III Vaçaqan ölkədə "ilin günlərinin sayı qədər kilsə inşa etdirmişdi." "Xəlifənin bəxş etdiyi bütün şərəflərdən imtina edən" Cavanşir Mehrani isə "daha çox inşaat və ölkəsinin abadlaşdırılması ilə məşğul olmuşdur."

Hal-hazırda dövrümüzə çatmış çoxsaylı monumental memarlıq nümunələri alban memarlarının ustalığından xəbər verir. Erkən orta əsrlər alban memarlığı haqqında daha geniş və çoxsahəli məlumatı alban memarlarının ən yaxşı inşaat təcrübəsinin istifadə edildiyi dini tikililərdən almaq mümkündür. Erkən xristian memarlığı yalnız inşaat ənənələri baxımından deyil, həm də mövcud dini tikililərin memarlıq-planlaşdırma strukturunun mənimsənilməsinə görə daha əvvəlki dövrlərə aid yerli memarlıqla əlaqəlidir. Alban memarlığının ən gözəl incilərindən bir neçəsi də Azərbaycanın dilbər guşəsi Qazax rayonu ərazisindədir.

Onlardan biri ölkə əhəmiyyətli memarlıq abidəsiolan Qazax rayonunun Əskipara kəndində yerləşən alban məbədidir. Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan bu məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir. Bu məbəd meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir. Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək mümkündür. Əsas bina – məbəd diqqəti daha çox cəlb edir.

Məbəd plan baxımından düzbucaqlıdır. Abidənin mühafizə olunmuş fraqmentləri təsdiq edir ki, o mühüm memarlıq əsəri idi. Bina yaxşı bişirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxışlı yonulmuş daşlardan hazırlanmışdır.Binanın memarlıq həllində divarların tağlama ilə işlənməsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul baş fasadda alaqapıya keçir. Alaqapı daha geniş və daha uca tağla bəzənmişdir. Güman etmək olar ki, tağlar yarımdairəvi olmuşlar. Binanın daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlənməkdədir.

Məbədlərdən digəri isə Aşağı Əskipara kəndində yerləşir. Ümumiyyətlə Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3 minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir.

Aşağı Əskipara kəndində yerləşən alban xristian məbədinin inşa tarixi haqqında tədqiqatçılar arasında yekdil fikir yoxdur. A.L.Yakobson onu VI əsrə, İ.P.Şeblıkin VII-IX əsrlərə, N.M.Tokarski X əsrə, D.Şərifov X-XI əsrə aid edir. Məbəd günbəzli, dörd apsidalı tikilidən ibarətdir. Hündür, səkkiztilli baraban alçaq, konusvari örtüklə tamamlanır. Məbədin cənub və qərb tərəfdən iki qapısı vardır. Mehrab şərq tərəfdə yerləşir. Onu iki yandan hücrələr əhatələyir. Məbədin döşəməsi dördkünc əhəngdaşı ilə döşənmişdir. Digər mənbələrdə isə Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən qədim alban məbədinin V-VIII əsrlərdə tikildiyi qeyd olunur. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdandördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübutedir.

Digər alban məbədi isə Qazax rayonunun Daş Salahlı kəndində Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində - 922 metr hündürlükdə yerləşən Alban məbədidir. "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində mühafizə olunan və inventar nömrəsi 283 olan ölkə əhəmiyyətli memarlıq abidəsinin tarixi V-VII əsrlərə aid edilir. Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən tikilmiş və Ay məbədi adlandırılmışdır. Bunu arxeoloji qazıntılar zamanı tapılan küplərin üzərində əks edilmiş ay, aya sitayiş edən insan şəkillərinə əsasən söyləmək mümkündür.

IMG_4469.JPG

Məbəd kompleksi iki tikilidən - birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı böyük əsas tikili və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili ikipilləli özül üzərində, qədim ay məbədinin üzərində tikilmişdir. Daha doğrusu, bütpərəst məbədi xristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülmüş, onun yerində xiristian məbədi inşa edilmişdir. Məbədin şimal-şərq tərəfində qədim tikiliyə aid altı cərgə hörgü daşının saxlanması da deyilən fikirləri təsdiq edir. Çaxmaqlaşmış əhəng daşından olan həmin hissə sonrakı tikilmiş binanın hörgü daşlarından fərqlənir. Binanın içi aralıq qapısı ilə iki otağa ayrılmışdır. Böyük otağın ölçüsü 4,5x3,5 arxasındakı kiçik otağın ölçüsü isə 3,5x2,5 metrdir. Tikilinin qədim divarları arası xırda daş parçaları və palçıqla doldurularaq hər iki üzdə iri daşlarla hörülmüşdür. Birinci iri otağın şərq divarının hər iki yanında "T" formalı sütun olan abidə yerləşir. Bu cür sütunlar ara qapının cənuba, iri otağın içinə baxan üzünün və cənuba açılan giriş qapısının hər iki yanında vardır. Binanın bərpası zamanı düzəldilmiş sütunlar (qapının yanlarındakı) kobudluğu ilə digərlərindən seçilir. Otağın tavanı günbəzvaridir. Ortadakı dairəvi deşik örtükləri silindirvari barabanla tamamlanır. Üstü alçaq, konusvari düzəldilmiş barabanın hündürlüyü 2 metr, diametri 2 metrdir. Barabanın konusvari örtüklə birləşən yuxarı hissəsini qoşa, paralel qabarıq kəmər əhatə etmişdir. Barabanda bir-birindən müəyyən məsafədə yerləşən 4 ədəd uzunsov kiçik pəncərə açılmışdır. Baraban və konusvari örtüyün üstünə nazik daş piltələr düzülmüşdür. Otağın şərq divarında bir dar pəncərə açılmışdır. Otağın qərb divarındakı pəncərənin hər iki yanında zərif kəsmə naxışa təsadüf olunur. Pəncərənin üstü yanlarda düz, ortada qövsvari batıq xətlərdən ibarət naxışa malikdir. Binanın "karniz"ini 3 cərgə batıq xətdən ibarət naxış əhatə etmişdir. Giriş qapısının üstünü qırmızı tuf daşı bağlayır. Bu daşın ətrafı nəfis naxışla işlənmişdir.

Arxeoloji qazıntılar zamanı məbədin yaxınlığında qəbirlər və qəbirüstü daşlar aşkar edilmişdir. Onların üstü çox iriölçülü yaxşı hamarlanmış və naxışlanmış əhəng daşları ilə örtülmüşdür. Bu qəbir daşlarının heç birində "xaç" işarəsi yoxdur. Lakin birinin üzərində emblem kimi albanlara məxsus "lotos gülü" və yuxarı künclərində 8 hissəyə ayrılmış rozetka qazılmışdır. Qəbirüstü daşlarda insan təsvirlərinin verilməsi bütpərəstliklə əlaqədar olub buradakı qəbirlərin vaxtilə hazırkı xristian məbədinin yerində mövcud olmuş bütpərəst Alban məbədinə aid olduğunu ehtimal etməyə imkan verir. Ümumiyyətlə, məbəd ətrafında yer üstündən və qazıntıdan az miqdarda arxeoloji material əldə edilmişdir. Burada əsasən antik və ilk orta əsrlər, tək-tək orta əsrlərə aid qab qırıqları, bir neçə memarlıq elementləri, bəzəkli daş parçaları tapılmışdır. Qab qırıqları küp, küpə, su qabı, piyalə, 1 ədəd XIII əsrə aid "Qaan-al-adilə" məxsus mis pul (pulun təyinatını tarix elmləri doktoru M.Seyfəddini vermişdir) və şirli kasaya aiddir. Məbədin içinin quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir. Məbədin daxili plan kompozisiyası, xaçvari plana malik olan Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən VIII-IX əsrlərə aid Qəbizdərə kilsəsini xatırladır. Xarici fəza həcminə görə isə kilsə günbəzli zal kilsələri ilə yaxınlıq təşkil edir.

Avey dağındakı bu qədim məbəd qədim Alban torpağına, xristian alban əhalisinə xidmət etmiş abidədir. Hər zaman olduğu kimi, xristianlıq dövründə də Alban kəndlərinin sakinləri yalnız xristian albanlardan, müsəlmanlığın qəbulundan sonra isə müsəlman alban-azərbaycanlılardan ibarət olmuşdur. Ümumiyyətlə, qədim alban məbədlərinin qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Son illərdə bu tarixi-mədəni irsin bütün dünyada tanıdılması üçün çox işlər görülüb. Qeyd etdiyimiz kimi, ermənilər daim alban məbədlərini və onlara aid maddi-mədəni nümunələri öz adlarına çıxmağa çalışıblar. Lakin Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyəti də cəlb etməklə həyata keçirdiyi tədbirlər nəticəsində ermənilərin alban tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısı alınıb. Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti alban məbədlərinin məhz Azərbaycana məxsus olması barədə kifayət qədər məlumatlıdır.


MANŞET XƏBƏRLƏRİ