Bekayi: Livandakı atəşkəs yekun razılaşmanın ayrılmaz hissəsidir


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, Livanda əldə olunan atəşkəs müharibəyə son qoyulması üçün nəzərdə tutulan yekun razılaşmanın ayrılmaz hissəsidir.

Bekayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Livandakı atəşkəs müharibəyə son qoymaq üçün yekun razılaşmanın ayrılmaz hissəsidir. Livanda baş verən proseslərdə əsas aktor ABŞ-dır. Sionist rejim isə zahirən atəşkəs qüvvədə olsa da, Livanda və işğal olunmuş Fələstin ərazilərində ən ağır və qəddar cinayətləri törətməyə davam edir”, – deyə o bildirib.

ABŞ ilə aparılan danışıqlara toxunan Bekayi qeyd edib ki, danışıqlar və dialoq tərəflər arasında etimadın mövcudluğu anlamına gəlmir. Onun sözlərinə görə, Vaşinqtonla müzakirələr qarşılıqlı şübhə və inamsızlıq şəraitində başlayıb.

Bekayi bildirib ki, ABŞ-ın media vasitəsilə verdiyi ziddiyyətli açıqlamalar, irəli sürdüyü tələblər və göndərdiyi fərqli mesajlar danışıqlar prosesinin uzanmasına səbəb olur. O, həmçinin nüvə məsələlərinin hazırkı mərhələdə gündəmdə olmadığını iddia edib və əlavə edib ki, bu sahədə addım atmaq lazım gələrsə, İranın necə hərəkət edəcəyinə dair aydın planı var.

İranın müharibədən sonrakı bərpa işləri üçün 300 milyard dollar maliyyə tələb etməsi ilə bağlı iddialara münasibət bildirən Bekayi deyib:

“Anlaşma memorandumunun bir hissəsi müharibənin vurduğu zərərin aradan qaldırılması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Lakin bu, özünəməxsus detalları olan mürəkkəb məsələdir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ