TÜRK TANRIÇILIĞI


İŞIQLI ATALI

I yazı

Dünyanın, Həyatın, İnsanın dərki, dünyadakıların davranışlarının dəyərləndirilməsi minillərdir təhlil olunur, fərqli baxışlar sərgilənir. İnsan kimdir, onun dünyadakı yerini necə xarakterizə etmək olar, insanın yaşamasının məqsədi nədir? Bu suallar çağımızda da mübahisəli qarşılanır, çox zaman bir məxrəcə gəlmək çətin olur. İnsanlığın aşkarlanmağa başladığı – insanın özünü anlamağa başladığı dövrlərdə Dünya – Doğa (Təbiət)İnsan məsələsinin dərki idraki baxımdan qaranlıq idi. Dünyanı dərkin özülündə Ulusun özünəməxsus təsəvvürü dayanır. Təsəvvürün özülü – kökü Ulusdan gəlir, minillərlə müəyyən bir bölgədə, bölgələrdə yaşayan Ulusun dil, ərazı, tarix birliyinin ifadəsi kimi özünü göstərir...

Tanrıçılıq mövzusunun araşdırılması bəşər tarixinin ruh yaddaşının gərəkli bir hissəsinə mənəvi baxış deməkdir. Tarixdən ötə olan mifoloji yaddaş həm də bəşər tarixinin canlı, yaşanmış ömrünün sirli-sehrli ifadəsidir. Türk bəşər tarixində özünəməxsus, bənzərsiz iz qoymuş uluslardandır. Türkün Dünyaya, Təbiətə, Həyata, İnsana baxış fərqliliyi Türk Ulusunun xarakterinin ucalığından, bənzərsizliyindən irəli gəlir.

Həyatın öz doğal (təbii) qayda-qanunları olsa da, həm də insanın iradəsi əsasında qurulur, var olur. Tarixin bağrında silinməz izini qoyan uluslardan olan Türkün varoluşunun ilkin qaynaqları onun yaradıcı düşüncəsində, doğadakıları (təbiətdəkiləri) müqəddəsləşdirməsində, bu gedişdə varlığını dəyərləndirməsində, ağlında, ürəyində yaratdığı Tanrıya tapınmaqla yanaşı, habelə özündə də Tanrılaşmaq gücü, qüdrəti tapmasındadır.

Türk özü ilə Tanrı arasında möhtəşəm bir doğmalıq görür, ona qovuşur, mahiyyətcə özü də Tanrılaşır.

Tanrılaşma, Tanrılaşdırma Türk üçün əslində aqibətdir, bu, onun xarakterindən gəlir.

Türk Tanrıçılığı ardıcıl mənəvi inkişaf xəttinə malik özünütəsdiq yönüdür, əbədi sabahlar üçün yaradıcılığın bitməyən inam üfüqlərinin yaranmasına təkan verir.

Türk - fitri Doğaçıdır (təbiətçidir). Onun insana, həyata, dünyaya münasibəti həmişə fitri xarakterinin ucalığından irəli gəlib. O, həyata daim yaradıcı baxır, ruhunun gözü ilə insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir. Bu cəhəti qoruyur, yaşadır, sabaha çatdırır. Hazırda müəyyən məqamlarda türkün fitrəti dərinliklərə çəkilsə də, bu ilahi cəhət onun içində (daxilində) tükənməz bir imkan kimi mövcuddur.

Türkün Doğaya (təbiətə) münasibəti onun Dağı-daşı, Səmanı, Çayı (Suyu), Meşəni (Ağacı), Doğadakı (Təbiətdəki) müxtəlif varlıqları ilahiləşdirməsi demək olub. Türk ilkin mifoloji düşüncəsində fitrətən ilahi keyfiyyətlərini ifadə edib.

Türkün mifoloji düşüncə sistemi heyrətamiz dərəcədə insana doğma təsir bağışlayır. Türk Doğada ardıcıl özünü görüb. Bu heyrətamizliyi müxtəlif formalarda vəsf edib. Bütün bu cəhətlər qədim türklərin inanc dünyasında Tanrıya tapınma kultunun ilahi bir ahəngini yaradıb. Türk Tanrısı ilə hədsiz doğma idi: bu doğmalıq onun canına, qanına hopmuşdu. Ana sazımızda ifadə olunan möhtəşəm ruh sədası Türkün uca ruhundan hər məqamda soraq verir. "Qaraçı", "Yanıq Kərəmi", "Misri" və başqa havacatlarda bu cəhətlər aydınca görünür, duyulur.

Möhtəşəm fikir, ruh, ideyaçılığa, idraki və bədii vüsətə qadir olan Türk habelə möhtəşəm dövlətçilik ənənəsi yaratdı, bu ənənəni minillər boyunca yaşatdı. Bu gedişdə Tanrıçılıq baxışları yavaş-yavaş səngisə də, yox olmadı, bu və ya başqa biçimdə folklorda, ədəbiyyatda, dilimizdə, musiqimizdə, xalçaçılığımızda və s. yaşadı.

Bu gün ruh yaddaşımızın işığında Tanrıçılığın izlərinə geniş rast gəlirik. Tanrıçılığın çağımızda folklorşünaslıq, ədəbiyyatşünaslıq, etnoqrafik, tarix, siyasət, ümumən incəsənət və s. baxımdan daha geniş araşdırılması qaçılmaz görünür. Bu yöndə araşdırmalar ulusal varlığımızın yaradıcı, ardıcıl təsdiqində ciddi rol oynaya bilər.

Başqa tərəfdən Tanrıçılıq elmi probleminin ardıcıl araşdırılması fəlsəfi kontekstdə də yeni elmi qənaətlərə gəlməyə imkan yarada bilər, Tanrıçılıq-Şumerçilik, Tanrıçılıq-Zərdüştçülük, Tanrıçılıq-Xürrəmdinlik, Tanrıçılıq – Hürufilik, Tanrıçılıq-Muğam, Tanrıçılıq – Saz (Aşıq Sənəti) və s. istiqamətlərdə daha geniş, daha məntiqli qənaətlərə gəlməyə imkan verər.

Doğadakı fövqəltəbii qüvvələrə inam mahiyyətcə Doğaya inam anlamındadır. Doğaya münasibətdə fobik təsəvvürlər üstün görünsə də, bütün hallarda inam başlıca rol oynayır. İnsan inandığını ideallaşdırır. İnamın mayasında qarışıq əhvalların varlığı insanların təsəvvürlərinin ölçüsünü göstərir. Yəni naşı səviyyə naşı inamın soraqçısı olur. İnsan varlığını dərk etdikcə Doğadakılardan zəif olmadığını anlayır, minillərlə çəkən proses sonucunda davranışları yetkinləşir.

***

XI əsrdə yazılmış M.Kaşgarlının ünlü “Divanü lüğat-it-türk” ensiklopediyasında Tanrı // Tenğri və tanrıçılıqla bağlı faktlara yetərincə rast gəlinir: ““Yere batası kafirler göğe “Tenğri” derler. Yine bu adamlar böyük bir dağ, böyük bir ağaç gibi gözlerine ulu görünen her şeye “Tenğri” derler. Bu yüzden bu gibi şeylere yükünürler (secde ederler). Yine bunlar bilgin kimseye “Tenğrigen” derler. Bunların sapıklıklarından Tanrıya sığınırız”.

Mətndə M.Kaşğarlının islam baxışına dayanaraq Göyə “Tenğri” deyənlərin ünvanına “kafir” deməsi diqqəti çəkir. Bir daha anlaşılır ki, əski Türklər dağı, ağacı və b. kutsal saydıqlarını Tanrı olaraq görürmüşlər. Alimin sığındığı Tanrı isə İslam Allahıdır.

“Divanü lüğat-it-türk”də öygülər: “Tanrıya övgüler: “Uluglug Tengrige” // “Ululuk Tanrınındır”. “Kudruk katığtügdümiz, Tenğriğöküş ögdümiz, Kemşip atığ tegdimiz, Aldap yana kaçtımız” // “Kuyruğu sıkı düğdük, Tanrıyı çok öğdük, gemi çekerek atı özengiledik, aldatarak yine kaçtık”.

Qarğış: “Tenğri kargışı anınğ üze” // “Tanrının laneti onun üzerine”;

Alqış: “Tenğri kargagınğa ılınma” // “Tanrının lanetine, kargışına uğrama”.

Göründüyü kimi, Tanrıya öygülər, alqışlar, qarğışlar və s. gerçəklikdən üstün, güclü, yenilməz, insanın dar macalda dadına yetən, bütün qayğılarını həll edə bilən, Türkün Tanrı obrazı haqqında müəyyən bir təsəvvür yaradır.

İ.Qəfəsoğlu yazır, Tanrı türklərdə mənəvi gücün tək qaynağıdır. A.Acalova görə, “Göy Tanrı” adındakı “göy” tərkibi yalnız göyün rəngini deyil, həm də onun kutsallığı, ucalığı, sonsuzluğu, ululuğu, ucalığı, əzəmətini bildirir.

Göy Tanrı - Uca, Ulu Tanrı anlamını ifadə edir.

Türkün Tanrısına münasibətdə daha bir özəlliyi - ərkli davranışı diqqəti çəkir. Aşağıdakı mətndə bu ideyanın sübutunu görürük. V.Radlovun sunduğu “Dünyanın yaradılışı” adlı əfsanədən: “Dünya tamamlanmadan öncə yalnız su varıymış, torpaq yoxuymuş, göy üzü yoxuymuş, günəş və ay yoxuymuş. Tanrı ətrafda uçurmuş, insan ətrafda uçurmuş. İkisi də qara qaz şəklində dünyada uçurmuş. Tanrı heç bir şey düşünmürmüş. İnsan rüzgar oyadaraq suyu hərəkətləndirmiş və Tanrının üzünə su sıçratmış. İnsan Tanrıdan daha yüksəklərə çıxa biləcəyini düşünmüş, ancaq aşağı suyun içinə düşmüş. Yıxılınca boğulmağa başlamış, “Aman Tanrım, məni qurtar demiş!” Bundan sonra insan sudan çıxmış. Tanrı demiş ki, “Möhkəm bir daş meydana gəlsin”. Dənizin dibindən sərt bir daş çıxmış və üstündə Tanrı ilə birgə yaşayan insan oturmuşdur”.

Burada türk yaradılış konsepsiyası baxımından iki məqam diqqəti çəkir: yaradılışdan öncə yalnız suyun olması; Tanrı və insan qara qaz görkəmində olub, uçurmuşlar. Bu, kosmosdan – mövcud nizamlı dünyadan əvvəlki durumdur. Ancaq yaradılış prosesi dünyada - suyun vasitəsilə baş verir. Əcdadın təsəvvüründə Dünya yoxdan deyil, dünyadakından yaranır.

Daha sonra deyilir ki, Tanrı “Sən dənizin dibinə en və torpaq gətir!” demiş. İnsan aşağı endikdən sonra əliylə torpağı ovuclamış və torpağı alıb Tanrıya vermişdir. Tanrı o torpağı dənizin üzərinə səpərək “Yer üzü olsun” demişdir. Bundan sonra Yer üzü yaranmışdır. Tanrı təkrar “Aşağı en və bir az daha torpaq gətir” demiş. İnsan öz-özünə “Əgər aşağı ensəm, özüm üçün də torpaq gətirəcəyəm” deyə düşünmüşdür. Suyun dibinə enmiş, düşünüldüyü kimi, iki ovuc dolusu torpaq almış. Bir ovcundakını Tanrıya vermək üçün, digər əlindəkini isə Tanrıdan gizli olaraq Yer üzü yaratmaq üçün ağzında saxlayaraq yuxarıya çıxmışdır. Tanrı insanın gətirdiyi torpağı alıb Yer üzərinə səpərək torpağı bir qədər də qalınlaşdırır. İnsan torpağı ağzına soxduğu üçün torpaq qabarmış və az qala insan boğulub ölsün. İnsan nə qədər uzaqlara qaçmağa səy göstərsə də, Tanrının yanında olduğunu görmüş və “Ulu Tanrı, məni qurtar” demişdir. Tanrı isə bu zaman ondan torpağı ağzında niyə saxlamasının səbəbini soruşduqda o cavab verir ki, “Torpağı yer üzü yarada bilmək üçün ağzıma aldım”. Tanrı ona bu zaman “Tüpür onu ağzından” deyir və insan tüpürür. Bu zaman isə onun tüpürdüyü torpaqdan sulu çamur təpəcikləri yaranır. Bundan sonra isə Tanrı ona deyir: “Artıq günahkarsan, mənə pislik etməyi düşündün. Sənə itaət edən xalqın da ruhu eyni şəkildə pis olacaqdır. Mənə itaət edən xalqın ruhu isə qutsal olacaqdır. Onlar günəşi, işığı görəcəklər… Sənin adın Erlik olsun. Kim günahlarını məndən gizlətsə, o sənin olsun. Sənin günahından özlərini qoruyanlar mənim olsun”.

Mətndə İnsanın Tanrı ilə yanaşı durmaq, dünya yaradıcılığında iştirak etmək haqqı, imkanı ilə yanaşı həm də “iblisvari” rolda iştirakını görürük. Dünya yaradılışında Tanrı-İnsan ilişgiləri ənənəvi tipik dini baxışa uyğun anlaşılır. Bu, şübhəsiz, söyləyicinin münasibəti ilə bağlıdır.


MANŞET XƏBƏRLƏRİ