İsrail ordusu Rəfah şəhərinin məhəllələrini boşaltmağa başladı


İsrail ordusu Qəzza zolağının cənubunda 1 milyondan çox məcburi köçkün fələstinlinin sığındığı Rəfah şəhərinin bəzi məhəllələrini boşaltmağa başlayıb. Beynəlxalq ictimaiyyətin “yeni qırğın” xəbərdarlığına baxmayaraq, Rəfaha qarşı quru əməliyyatı keçirilməsində israrlı olan İsrailin bu addımı yaxın gələcəkdə bölgəyə girəcəyinə işarə kimi şərh edilib.

Turkustan.az xəbər verir ki, İsrail Dövlət Televiziyası KAN-ın xəbərində İsrail ordusunun Rəfahın şərqində İsrail sərhədinə yaxın bir çox məhəlləni boşaltmağa başladığı bildirilib. “Times of Israel” qəzeti İsrail ordusunun Rəfah sərhədinin şərqindəki məhəllələrdə yaşayan fələstinliləri əl-Məvasi və Xan Yunisdəki “humanitar bölgələrə getməyə” çağırdığını bildirib.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumları səbəbindən təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,9 milyon insan didərgin düşüb. Bu fələstinlilərin əksəriyyəti İsrailin daha əvvəl “təhlükəsiz zona” elan etdiyi Rəfah şəhərinə sığınıb.

Qəzza zolağının ən cənub hissəsində, Misirlə sərhəddə yerləşən Rəfahın əhalisi İsrailin hücumlarından əvvəl 280 min idisə, hazırda 5 dəfədən çox artaraq, demək olar ki, 1,5 milyona çatıb. Beynəlxalq ictimaiyyət İsrailə xəbərdarlıq etmişdi ki, Rəfaha hərtərəfli hücum yeni və böyük faciəyə səbəb olacaq.

İsrailin hücumlarından qaçaraq, kifayət qədər yaşayış yerinin olmadığı və infrastrukturun qeyri-kafi olduğu Rəfahda sığınan fələstinlilərin əksəriyyəti müvəqqəti çadırlardan ibarət düşərgələrdə həyatda qalmaq üçün mübarizə aparır. İsrail ordusu tez-tez hava zərbələri endirdiyi Rəfaha qurudan hücuma keçərsə, Qəzza zolağında mülki əhalinin sığınacaq tapmayacağı ilə bağlı narahatlıqlar olsa da, İsrail hakimiyyəti beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, Rəfahı işğal etməklə hədələməyə davam edib.

Müdafiə naziri Yoav Gallant dünən HƏMAS hərəkatının Təl-Əviv hökuməti ilə əsir mübadiləsi razılaşması əldə etmək istəmədiyinə dair əlamətlər olduğunu iddia edərək, "Qəzza zolağının cənubundakı Rəfah şəhərini çox yaxında işğal edəcəklərini" bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ