Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri


Kamal Adıgözəlov

VIII məqalə

Qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi

Dövlətlərarası münasibətlərin çoxfaktorlu olduğu məlumdur. Beynəlxalq münasibətlər sistemində bununla bağlı konkret müddəalar da vardır. İndi müstəqil dövlət mütləq bir çox istiqamətləri və parametrləri nəzərə almalıdır. Bu, xarici siyasətdə daha çevik və əhatəli kurs müəyyən etməyi aktuallaşdırır. Həmin kontekstdə qonşuluq siyasətinin regional və qlobal əhəmiyyəti daha da artır. Cənubi Qafqaz geosiyasi proseslərə çox həssas olduğundan, məsələnin müxtəlif aspektləri vardır. Onların qarşılıqlı əlaqələri prizmasından bu regionda qonşuluq siyasətinin aktual tərəflərini araşdırmaq maraq doğurur. Xüsusilə regionun lideri olan Azərbaycanın qonşuluq siyasətinin yeni tarixi mərhələdə prioritet istiqamətlərdən biri kimi təhlil edilməsinə ehtiyac vardır.

Müstəqillik və qonşular: münasibətlərin vacibliyi

Müstəqil dövlətin qonşu dövlətlərlə münasibətləri hazırkı mərhələdə prinsipial əhəmiyyət kəsb etməkdədir. Böyük geosiyasi güclər bununla bağlı xüsusi strategiya işləyib hazırlayıblar. Onlar məsələyə fərqli mövqedən yanaşsalar da, başlıca məqsədləri öz qonşuları ilə əlaqələri elə qurmaqdan ibarətdir ki, yekunda qlobal miqyasda nüfuz dairələrini genişləndirə bilsinlər. Bunun əsas səbəbi müasir dünyada beynəlxalq münasibətlərdə region faktorunun yeni səviyyəyə yüksəlməsi ilə bağlıdır. Politoloqlar regionallaşmanı indi qlobal geosiyasi proseslərdə ciddi proses kimi görürlər. Hətta qloballaşma və regionallaşma çağdaş dövrün əsas geosiyasi mövcudluq forması kimi təqdim edilir və bu vəziyyətin arxasında "obyektiv faktorların dayandığı" fikri irəli sürülür (1).

Belə bir vəziyyətin yaranması keçən əsrin ikinci yarısından Qərbdə özünü göstərən sosial, siyasi, geosiyasi, iqtisadi, hüquqi və ideoloji tendensiyalarla bağlıdır. Bu proseslər XX əsrin 80-ci illərində "yeni regionalizm" nəzəriyyəsini meydana gətirdi (2).

Praktiki aspektdə də böyük dövlətlərin siyasi leksikonunda yeniliklər özünü göstərdi. Bu proses əsasən XX əsrin 90-cı illərindən, daha dəqiq desək, sosialist düşərgəsi dağılandan sonra intensivləşdi. Avropa İttifaqının (Aİ) xarici siyasətində "qonşuluq siyasəti" ifadəsi meydana gəldi və yerini möhkəmlətdi. Bir qədər sonra – 2000-ci ilin başlaması ilə bu istiqamət daha da genişləndi. Eyni zamanda, rus siyasi leksikonunda "yaxın xaric" və "uzaq xaric" kimi ifadələr ciddi yer aldı. Hər iki linqvistik təzahür, əslində, Aİ və Rusiyanın öz qonşuları ilə münasibətləri qurmaq fəlsəfəsinə aid idi.

Onu deyək ki, məsələnin bu dərəcədə dərinləşməsi və genişlənməsində Qərb politoloqları, diplomatları və geostrateqlərinin baxışları az rol oynamadı. Belə ki, Zbiqnev Bjezinski hələ XX əsrin 90-cı illərində dünyanın böyük geosiyasi "şahmat taxtası"nda ciddi dəyişikliklərin gözlənildiyini yazırdı. Z.Bjezinskinin fikrinə görə, geosiyasi proseslərin ağırlıq mərkəzi Qərbdən Şərqə doğru dəyişir. Bu proses özü ilə hər bir regionun qlobal geosiyasətdə yeri və rolunu yenidən müəyyən etmək ehtiyacı yaradır (3).

Onu da vurğulayaq ki, Z.Bjezinski yeni qlobal geosiyasi proseslərdə bütövlükdə Avrasiya məkanına və xüsusən Qafqaz-Mərkəzi Asiya istiqamətinə böyük önəm verir, burada Azərbaycanı iki qitə arasında "əsas körpü" kimi dəyərləndirirdi.

Həmin kontekstdə Henri Kissincerin proseslərə yanaşması da çox maraqlıdır. O, problemi iki aspektdə – geosiyasi yeniləşmə və liderlik müstəvisində təhlil etdiyi əsərində vurğulayırdı ki, liderlər yol açan (başqa adla – "bayraqdar lider") və dövlət adamı növlərinə bölünürlər. Birinci növ liderlər topluma yeni nizam gətirir, onu köklü surətdə yeniləşdirirlər. İkinci növ liderlər isə mövcud olan şərtlər daxilində ən yaxşısını həyata keçirirlər. Deməli, müasir mərhələdə müstəqil dövlətin siyasəti başlıca olaraq onun liderinin qüdrətindən asılıdır. Bu baxımdan lider hətta dünya strategiyasını dəyişə bilər (4).

Bütün bunlar qlobal miqyasda yeni böyük oyunun getdiyini göstərir ki, bu prosesdə də regionların xüsusi yeri və rolu vardır. Birincisi, ayrı-ayrı regionların geosiyasi statusu yeniləşir, ikincisi, həmin dinamika tərkibində konkret müstəqil dövlətin qonşuluq siyasətinin strateji dəyəri artır. Bu xüsusda müstəqil dövlətin yerləşdiyi geosiyasi region həssas, sürətli dəyişikliklərə uğrayan, müxtəlif istiqamətlərdən təsirlərə məruz qalan bir məkandırsa, qonşuluq siyasətinin əhəmiyyəti daha da artır. Bu baxımdan mütəxəssislər Qafqaz-Xəzər-Mərkəzi Asiya geosiyasi xəttinin daha həssas və əhəmiyyətli status aldığını vurğulayırlar (bax: məs., 5).

Qlobal və regional geosiyasətlə bağlı yuxarıda vurğulanan məqamların fonunda yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında yeddinci istiqamətin "Qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi" kimi adlandırılmasının tam əsası vardır. Bu istiqamət müstəqil dövlətin regional və qlobal miqyasda fəaliyyətinin təməlidir. Qonşularla münasibətlərin necə qurulmasından birbaşa dövlətin geosiyasi fəaliyyətinin nəticələri asılıdır. Bu tezisi daha aydın təsəvvür etmək üçün Cənubi Qafqazda hazırda müşahidə edilən bir sıra siyasi-diplomatik və geosiyasi proseslərə ümumi nəzər salaq.

Azərbaycan: müstəqil, şəffaf və gözlənilən siyasət yeridən dövlət

Hazırda Cənubi Qafqazda geosiyasi mənzərə əsaslı olaraq dolaşıq və riskli hesab edilir. Çünki Ermənistan və havadarları İkinci Qarabağ müharibəsindən sonra regional mənzərəni qarışdırmağa çalışırlar. Azərbaycan isə son 20 ildə olduğu kimi səmərəli və konstruktiv siyasəti ilə bütün pozucu cəhdləri neytrallaşdırır. Rəsmi Bakının xarici siyasəti şəffaf olmaqla təhlükəsizliyin təmininə yönəldilib. Həmin siyasəti obrazlı olaraq "4M" kimi də ifadə edirlər. Yəni, "multivektoralizm, multilateralizm, multiregionalizm və multikulturalizm" siyasəti (bax: 6).

Burada xarici siyasətin dörd səviyyəsi sintezdə verilib. Çoxvektorluluq ümumi istiqaməti ifadə edir. Çoxlaterallıq beynəlxalq münasibətlərdə fərqli miqyaslarda, sürətdə və məzmunda sosial-iqtisadi və siyasi münasibətlərin qurulmasına aiddir, çoxregionçuluq isə regionlararası əlaqələrin qurulması istiqamətində fəaliyyətdir, nəhayət, multikulturalizm, ümumiyyətlə, dövlətin mədəniyyət fərqliliklərinə və mədəniyyətlərarası əlaqələrə diqqət göstərməsidir. Onları vahid geosiyasi məntiqə gətirdikdə söhbətin çoxparametrli və şəbəkə xarakterli siyasi kursdan getdiyini görürük.

​​​​​​​

Azərbaycan Cənubi Qafqazda müxtəlif istiqamətlərin, siyasi xəttin məzmunlarının, bir çox regionların əməkdaşlığı və təhlükəsizliyinə çalışır. Bu, artıq xarici siyasət kursunun yeni tarixi mərhələdə yeddinci istiqaməti üzrə qeyri-standart düşüncənin, yanaşmanın və fəaliyyətin bərqərar olduğunu göstərir. Buna görə də tam əsasla demək olar ki, "bugünkü Azərbaycan ayaq üstədir, effektiv regional əməkdaşlıq siyasəti yürüdür, ölkələrlə ikitərəfli və çoxtərəfli müstəvilərdə münasibətlər qurur və təhlükəsizliyin istehlakçısı olmaq əvəzində, təhlükəsizliyə töhfə verir" (bax: 6).

Burada qonşular kontekstində siyasətin gözlənilən və proqnozlaşdırılan olması vacib faktordur. Çünki qonşu dövlətlər yalnız şəffaf, aydın, birmənalı, proqnozlaşdırıla bilən siyasəti qəbul edirlər. Bu, hər bir regiona xas olan geosiyasi özəllikdir. Müqayisə üçün Cənubi Qafqazda yerləşən dövlətlərin xarici siyasətində şəffaflıq və proqnozlaşdırılma aspektlərinə konkret nümunələrdə nəzər salaq.

Ermənistan qısa zaman daxilində müxtəlif manevrlər edir. Bir tərəfdən, Rusiyaya reveranslar nümayiş etdirir, digər tərəfdən, İranla əməkdaşlığa sadiqlikdən bəhs edir, bunların fonunda isə Qərblə ciddi siyasi alış-verişdə olur. Aprelin 5-də Brüsseldə müzakirə olunan məsələlər buna nümunədir. Orada Ermənistan ABŞ və Aİ ilə çoxaspektli hərbi, maliyyə və iqtisadi istiqamətlərdə əməkdaşlıqla bağlı razılığa gəlib. Onların ümumi sayı 20-dir. Əhatə dairələri də demək olar ki, təhlükəsizliklə bağlı bütün sferalara aiddir. Məsələn, həmin istiqamətlərdən biri aşağıdakı kimidir: "ABŞ və Avropa İttifaqı Ermənistanın dayanıqlı müdafiəsi və təhlükəsizliyi üçün birgə hərbi və müdafiə məqsəd qrupu yaradacaqlar" (7). Belə çıxır ki, tərəflər ciddi və əhatəli şəkildə Ermənistanın müdafiəsini və təhlükəsizliyini təmin etmək kimi öhdəlik götürüblər.

Yəni, indi Ermənistanın müdafiəsi və təhlükəsizliyi təmin edilmir? Kim tərəfindən? Əsas olaraq Rusiya tərəfindən. Deməli, həmin anlaşma, faktiki olaraq, Rusiyanı Cənubi Qafqazdan və əsas da Ermənistandan uzaqlaşdırmaq üçündür. Buna təbii ki, Moskvanın reaksiyası gecikməzdi.

Rəsmi Moskva sərt şəkildə Ermənistanı və havadarlarını xəbərdar etdi. Kreml istənilən an müdaxilə edə bilər. Əgər bu baş versə, onda bütün region risk altına düşər. Bundan başqa, Ermənistan vurğulanan canfəşanlığı məhz qonşusu Azərbaycan istiqamətində yeritdiyi kursun tərkib hissəsi olaraq həyata keçirir. Bu o deməkdir ki, İrəvanın qonşuluq siyasəti şəffaf və konstruktiv deyildir. Birtərəfli və subyektivdir.

Bunun fonunda Azərbaycanın xarici siyasətində qonşuluq aspekti tamamilə fərqli məzmuna və məqsədə malikdir. Azərbaycan bütün qonşuları istiqamətində konstruktiv, aydın və proqnozlaşdırılan siyasət aparır. Rəsmi Bakı əməkdaşlıq layihələrini inkişaf etdirir, kommunikasiya xətlərinin açılmasına və dəhlizlərin işləməsinə çalışır. Qarabağda yenidənqurma işləri sürətlə davam etdirilir. Yeni strateji əməkdaşlıq sazişləri imzalanır. Məsələn, İraqla münasibətlərdə yeni bir mərhələ başlayır. Azərbaycan-İraq əlaqələri geniş bir məkanda sabitliyə, əməkdaşlığa və təhlükəsizliyə xidmət edəcəkdir.

Ayrıca, Rusiya ilə münasibətlər yeni konstruktiv əməkdaşlıq səviyyəsinə yüksəlir. Son zamanlar iki ölkə arasında yeni müqavilələr imzalanıb və bu proses davam edir. Rusiya Azərbaycan tərəfdən heç bir müəmmalı, qaranlıq və proqnozlaşdırılmayan addım görmür. Bu baxımdan iki ölkə arasında əlaqələrin inkişaf edəcəyi şübhə doğurmur.

Azərbaycan-İran münasibətləri də Bakı tərəfdən maksimum dərəcədə konstruktiv məcraya yönəldilir. İran yaxın illərdə Bakını tam anlayacaq və əməkdaşlığı genişləndirəcək. Çünki Azərbaycanın İran istiqamətində də hər hansı qeyri-şəffaf bir siyasəti yoxdur. Tehranda bunu getdikcə daha aydın dərk edirlər.

Gürcüstanın xarici siyasətində tam şəffaflıq mövcud olmasa da, onun seçdiyi xətt aydındır. İndi orada etirazlar vardır. İnsanlar bir qanuna qarşı çıxırlar. Lakin həmin qanun qəbul edilib və xarici agentləri müəyyən etmək üçün hüquqi mexanizm mövcuddur. Bunun nə dərəcədə şəffaf həyata keçəcəyini zaman göstərəcək. Buna baxmayaraq, Gürcüstanın Azərbaycan istiqamətində aydın və konstruktiv siyasət yeritdiyi məlumdur.

Yuxarıda vurğulanan məqamları birləşdirəndə görürük ki, Azərbaycan hazırda qonşularla siyasətini bir-biri ilə bağlı olan iki səviyyədə qurur. Birinci səviyyə ikitərəfli əməkdaşlıqla bağlıdır. İkinci səviyyə isə regional əməkdaşlıq formatları çərçivəsində ikitərəfli münasibətləri regional şərtlərə uyğunlaşdırmaqla əlaqəlidir.

İkitərəfli əlaqələrə üstünlük vermək həm Gürcüstan, həm də Ermənistan istiqamətində öz bəhrəsini verməkdədir. Gürcüstanla birbaşa ikitərəfli əlaqələr strategiyası uzun illərdir ki, regiona faydalar verir. Bu proses indi növbəti səviyyəyə yüksəlir. Azərbaycanla Gürcüstan geniş əməkdaşlıq və təhlükəsizlik meydanında münasibətlərini inkişaf etdirirlər. Bununla bağlı mütəmadi görüşlər keçirilir.

Ermənistanla münasibətlər də əsas olaraq ikitərəfli görüşlər zamanı əldə edilən razılıqlar bazasında müsbətə doğru dəyişməyə başlayır. Dörd kəndin qaytarılması məhz ikitərəfli müzakirələrdə əldə olunan razılığa əsaslanır. Əvvəllər "vasitəçi" adlandırılanlar maksimum dərəcədə razılığın olmamasına çalışırdılar. İndi ondan məhrumdurlar. Buna görə də Azərbaycanın qonşularla ikitərəfli əlaqələri möhkəmləndirmək strategiyası çox vacibdir.

İkinci səviyyə olan regional təşkilatlar məsələsi də aktuallığını saxlayır. Həmin bağlılıqda "3+3" formulunu vurğulamaq olar. Bu formul üzrə region dövlətləri və onlara yaxın olan böyük dövlətlərin birgə çalışması nəzərdə tutulur. Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün bu, zəruri bir məqamdır. Lakin Ermənistanın Qərblə yaxınlaşmaq planları burada maneə törətməkdədir. Görünür, burada da Azərbaycanın əlavə diplomatik səylərinə ehtiyac olacaq. Çünki "3+3" formulu Cənubi Qafqazda təhlükəsizlik üçün ən real formatdır.

İkinci faktor "Qafqaz Evi" platforması ola bilər. Bu platformada, faktiki olaraq, ikitərəfli əlaqələrin regional miqyasda bir-birinə uyğunlaşdırılması başlıca tezisdir. Hələlik, həmin istiqamətdə real addım gözə dəymir. Ermənistanın tam olaraq region dövlətlərinə güvənci olandan sonra "Qafqaz Evi" ideyası öz təsdiqini tapacaqdır.

Nəhayət, digər maraqlı regional təşkilat kimi Türk Dövlətləri Təşkilatını (TDT) göstərmək olar. TDT-yə Cənubi Qafqazdan yalnız Azərbaycan üzvdür. Lakin onun toplantılarına Gürcüstan da dəvət edilir və Azərbaycanın qonşusu kimi əməkdaşlığa cəlb olunur. Deməli, müəyyən anlamda Azərbaycan regional təşkilatların imkanlarından da yararlanaraq region ölkələri ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə çalışır. Bu, çox güman ki, daha etibarlı və güvənli bir ortam yaratmaq üçündür. Yaxın illərdə Ermənistanın da TDT ilə müəyyən münasibətlər qurması istisna deyildir. Bunun ən gözlənilən istiqaməti kommunikasiya layihələrində TDT üzvləri ilə birgə iştirak ola bilər. Ermənistan bundan böyük fayda götürə bilər. Xüsusilə enerji və nəqliyyat-logistika layihələri çərçivəsində bunu reallaşdırmaq mümkündür.

Əməkdaşlığın yeni səviyyəsi: Azərbaycan daha bir addım atır

Azərbaycanın yeni tarixi mərhələdə regional münasibətləri yeni formatda inkişaf etdirmək xətti seçib. Bu xətt ikitərəfli münasibətlərin daha sıx surətdə regional əməkdaşlıq formatlarına bağlanması ilə xarakterizə olunur. Bunun üçün rəsmi Bakı müxtəlif regional təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığı gücləndirməyə çalışır. Ermənistan və Gürcüstanla ikitərəfli əlaqələr belə bir strategiya ilə iki səviyyədə konstruktiv məcraya yönəldilir. Birinci, birbaşa ikitərəfli münasibətlər çərçivəsində əməkdaşlıq layihələrinin həyata keçirilməsi, ikinci, regional təşkilatlar vasitəsilə region dövlətləri ilə ikitərəfli əlaqələrin qlobal kontekstə daha üzvi surətdə daxil edilməsidir. Bu, nəzəri aspektdə yeni maraqlı bir hadisədir. İkitərəfli əməkdaşlıq formatı necə ola bilər ki, regional təşkilat çərçivəsində hər iki dövlətin maraqlarına uyğun inkişaf edə bilsin?

Bunun mümkünlüyü yuxarıda vurğuladığımız multivektoral və multilateral xəttin kəsişmə sahəsinin mövcudluğu tezisindən alınır. Yeni tarixi mərhələdə müxtəlif istiqamətlərlə qeyri-standart və çoxmənalı əməkdaşlıq xəttinin geniş kəsişmə sahələri mövcud olacaqdır. Burada dövlətlərarası münasibətlərdə şəbəkə xarakterli komplekslilik üstünlük təşkil edəcəkdir ki, bu da regional təşkilati strukturda üzv dövlətlərin nisbi avtonomluğunu təmin etməyə yetərlidir. Onu da deyək ki, bu cür yanaşma hər iki dövlət üçün geniş manevr imkanlarını tanıyır, çünki multilaterallıq məsələlərin həllinə maksimal sayda yanaşmanı nəzərdə tutur.

Azərbaycan vurğulanan xətti seçməklə qonşu ölkələrlə münasibətləri strateji miqyasda gördüyünü nümayiş etdirir. Öncə qonşularla əlaqələr düzgün, adekvat və müasir tələblərə uyğun qurulmalıdır. Bu olmasa, geniş məkanda konstruktiv əlaqələr qurmaq absurddur. Çünki qonşusu ilə dil tapa bilməyən dövlət uzunmüddətli və etibarlı tərəfdaş ola bilməz. Keçici uğur əldə edə bilər, lakin onun davamlı olması mümkün deyildir.

O da aydın görünür ki, Azərbaycanın yeni tarixi mərhələdə qonşuluq siyasəti Avropa İttifaqının yeni qonşuluq siyasəti və BMT-nin davamlı inkişafa aid 17 prioritetinin ruhuna uyğundur. BMT-nin 2030-cu ilə qədər olan davamlı inkişaf punktlarında cəmiyyətin sosial, siyasi, təhlükəsizlik, iqtisadi və informasiya aspektlərinin qarşılıqlı əlaqədə inkişafı əsas xətt kimi götürülür. Bu prosesin təməli isə regional miqyasda ikitərəfli əlaqələrin müasir tələblərə uyğun qurulmasındadır.

Nəhayət, yeni tarixi mərhələdə xarici siyasətin yeddinci prioritet istiqamətinin öncəki altı istiqamətlə sıx bağlılığını görmək çətin deyildir. Onlar bir-birini tamamlayır və bütövlükdə siyasətin daxili məntiqi ilə əsas məqsədin bütövlüyünün təmin olunmasına xidmət edirlər.

Həqiqətən də, xarici siyasət milli maraqların beynəlxalq hüquq çərçivəsində təmininə əsaslanırsa (1-ci istiqamət), BMT Nizamnaməsinin müddəalarına uyğun fəaliyyət göstərməlidir (2-ci istiqamət). 3-cü istiqamət bu prosesin baza məkanının region olduğunu ifadə edir, həmin əsasda da beynəlxalq miqyasda Azərbaycanın mövqeləri möhkəmlənməlidir (4-cü istiqamət). Vurğulanan kontekstdə Azərbaycan üçün iki mühüm faktor gözlənilməlidir: ölkə geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunmalıdır (5-ci istiqamət) və Azərbaycanın qeyri-münaqişə gündəliyi formalaşdırılmalıdır (6-cı istiqamət). Bunların qarşılıqlı əlaqəsində 7-ci istiqamət nəzərdə tutulan istiqamətlərin həyata keçirilməsi mexanizmlərindən biri kimi qəbul edilə bilər.

Beləliklə, yeni tarixi mərhələdə qonşuluq siyasəti Cənubi Qafqazda müstəqil olaraq Azərbaycan tərəfindən formalaşdırılır. Bu isə regional və qlobal miqyasda tərəfdaşlığın strateji aspektinə aparan yoldur.

Mənbələr

Выходец, Р.С. Глобализм и регионализация как выбор эпохи // Известия Российского государственного педагогического университета им. А.И. Герцена. Москва. 2007, т. 13, № 36, c. 13-18. Hettne, B., Söderbaum, F. The New Regionalism Approach / Hettne B., Söderbaum F. // Politeia, vol 17, № 3,1998, 19 pp. Бжезинский, З. Великая шахматная доска / [пер. с англ. О. Уральской]. Москва: Издательство АСТ, 2023, 384 с. Kissinger, H. Liderlik. Dunya Stratejisiyle İlgili Altı Ders. Çevirmen: Ebru Kılıç. İstanbul: Runik Kitap, 2023, 576 s. Yeni Büyük Oyun / Küresel Güç Mücadelesinde Avrasya'nın Değişen Jeopolitiği. Mehmet Seyfettin Erol. İstanbul, Platin Yayınları, 2011, 491 s. Hikmət Hacıyev Vaşinqtonda Azərbaycanın xarici siyasətini müzakirə edib // https://www.amerikaninsesi.org/a/hikmət-hacıyev-bugünkü-status-kvo-qəbul edilməzdir/4955627.html 20 пунктов. О чем Армения, ЕС и США договорились в Брюсселе? / Caliber.az, 17.04.2024 // https://caliber.az/post/234200/


MANŞET XƏBƏRLƏRİ