İsrail dünyaca məşhur kanalın ofislərinə basqın etdi


Əl-Cəzirəni bağlamaq qərarına gələn İsrail hakimiyyəti telekanalın Qüdsdəki ofisinə basqın edib.

Turkustan.az xəbər verir ki, Hökumətin Qətərdə yerləşən “Əl-Cəzirə” televiziya kanalını bağlamaq qərarından sonra İsrail səlahiyyətliləri telekanalın Qüdsdə ofis kimi istifadə etdiyi otel otağına basqın edib.

İsrailin Baş naziri Benyamin Netanyahunun kabineti milli təhlükəsizliyi təhdid etdiyi əsas gətirilərək Qəzzada müharibə davam etdiyi müddətcə Əl-Cəzirənin İsraildəki fəaliyyətini dayandırmağa qərar verib.

İsrail rəsmisi və Əl-Cəzirə mənbəsi reydin dünən həyata keçirildiyini bildirsə də, yayımlanan videoda mülki geyimli məmurların otel otağındakı kameraları sökdüyü görünür.

Bu qərarı "cinayət" kimi qiymətləndirən Əl-Cəzirə bunun milli təhlükəsizliyi təhdid etdiyi iddiasının jurnalistlərin həyatını riskə atan "təhlükəli və gülünc bir yalan" olduğunu bildirib. Əl-Cəzirə, "hər hansı qanuni tədbir görmək" hüququnu özündə saxladığını söylədi.

Əl-Cəzirə öz yayımlarında İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatı tənqid edib.

Hökumətin qəbul etdiyi qərara əsasən, görüləcək tədbirlər arasında kanalın İsraildəki ofislərinin bağlanması, yayım texniki avadanlıqlarının ələ keçirilməsi, kanalın peyk və kabel yayımlarından çıxarılması, internet saytına girişin bloklanması daxildir.

Aprelin 1-də İsrail parlamenti milli təhlükəsizliyə təhdid sayılan xarici kanalların müvəqqəti bağlanmasına icazə verən qanun layihəsini təsdiqləyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ