Ermənilərin Nemesis terroru


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı.

Nemesis terroru

Ermənilərin “Nemesis“ adlandırdıqları Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyalarıdı. Qətlə yetirilən şəxslər arasında həm Osmanlı İmperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var idi. Əməliyyatın adı qədim yunan intiqam ilahəsi “Nemesidanın” adından götürülmüşdür.

Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdır.

Yalan və uydurma soyqırıma guya aidiyyəti olan insanların 650 nəfərlik bir siyahısı tutulur, onların içərisində 41 nəfər, “əsas günahkarlar” elan edilir. Məqsəd Osmanlı İmperiyasını və Azərbaycan dövlətini idarə edən idarəçiləri məhv edərək böyük Ermənistan qurmaq idi. Terror əməliyatlarına rəhbərlik üçün xüsusi orqan yaradılır, bütün əməliyyat üçün o orqan məsul idi (orqanın rəhbəri Ermənistan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı elçisi Armen Qaro idi) bununla yanaşı xüsusi fond da yaradılır (fondun rəhbəri-Şaan Satçaklyan). Operativ rəhbərlik və əməliyyatın maddi dəstəyi ilə Şaan Natali və Qriqor Merdjanov məşğul idi.

İnformasiyanın yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi, o mühacirətdə yaşayan “gənc türklərlə” yaxın əlaqələr qura bilmişdi. Qətlin törədilməsi üçün 3-5 nəfərdən ibarət qrup yaradılırdı,bir qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi. Əgər öldürmək istədikləri şəxsi cangüdənləri qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi. Əməliyyatın iki əsas təşkilati mərkəzləri var idi.Bunlar “Çakatamart” (İstanbul) və “Droşak “(Boston) qəzetlərinin redaksiyaları idi.

Tələt Paşa

Mehmed Tələt (1 sentyabr 1874, Kırcaali, Edirne Vilayəti ,Osmanlı İmperiyası-15 mart 1921,Berlin).

Tələt Paşa Sultan V Mehmed Rəşad (1909-1918) və Sultan VI Mehmed Vahdeddin (1918-1922) səltənətlərində 1 il 8 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdı.

Osmanlı Sədrəzəmi (4 fevral 1917- 8 oktyabr 1918).

Osmanlı Daxili İşlər Naziri (12 iyun 1913-8 oktyabr 1918).

Osmanlı Daxili İşlər Naziri (8 avqust 1909- 4 fevral 1911).

Osmanlı Poçt və Teleqraf Naziri (4 fevral 1912-16 iyul 1912)

Osmanlı Maliyyə Naziri (noyabr 1914- 4 fevral 1917).

Tələt Paşa 1 sentyabr 1874-cü ildə Ədirnə vilayətində Kırcaalidə dünyaya gəlmişdir. Atası Kırcaali tabeliyindəki Çepelce kəndindən Ahmed Vasıf Efendi, anası isə Kayseri Dedeler köyündən buraya köçmüş bir ailəyə mənsub Hürmüz Xanımdı. İlk təhsilini Vizede gördükdən sonra Edirne Askeri Rüştiyyəsini bitirdi.

Bacısının yoldaşı İsmayıl Yürükoğlu vasitəsi ilə Jöntürk fəlsəfəsi ilə tanış olmuş,ideyanın təşkilatlanmasında iştirak etmişdir.Bolqarıstan türklərindən olan və sonralar “Şərq” adlı müxalif qəzetində redaktor çalışan İsmayıl Yürükoğlu, o illərdə Əhməd Zəki bəylə birlikdə İttihad və Tərəqqi cəmiyyətinin Ruse şəhərindəki mərkəzində çalışırdı. Sonralar Tələt bəy kiçik bürokrat və zabitlər tərəfindən Edirnedə yaradılan müxalif təşkilata daxil oldu. Ancaq hökumət bu siyasi təşkilatın fəaliyyətinə göz yummadı və təşkilat üzvləri 1896-cı ildə həbs olundular. Həbs olunan şəxslər arasında olan Tələt bəy məhkəmənin qərarına görə 3 il həbsə məhkum edildi və dövlət məmurluğu ləğv edilərək Edirne həbsxanasına göndərildi (1897). Ancaq jöntürklərlə (Gənc Osmanlılar) aparılan müzakirələrin sonunda Tələt bəy və həbs olunan digərləri 1898-ci ilin fevralında azadlığa buraxıldı. Edirnede qalmağına icazə verilməyərək Salonikiyə sürgün edilən Tələt bəy, təşkilatın buradakı şöbələrinin bağlanması və jöntürk müxalifliyinin zəifləməsi ilə bir müddət siyasi fəaliyyətdən uzaqlaşdı.

1899-cu ildə Saloniki vilayəti Poçt və Teleqraf idarəsində katib,1903-cü ildə isə baş katib oldu və 21 noyabr 1907-ci ildə vəzifədən alınana qədər bu vəzifədə qaldı.1903-cü ildə Mason təşkilatına qatıldı və təşkilatdakı digər müxaliflərlə gələcəkdəki təşkilatlanma barədə müzakirələr apardı. Ancaq bəzi mənbələrdə onun Bəktaşi təriqətindən olduğu və bu 2 qurumdan yalnız siyasi fəaliyyət və maraqları üçün istifadə etdiyi qeyd olunur.

1901-ci ildən sonra siyasi fəaliyyətinə şimali Bolqarıstandakı Lom şəhərində davam edən İsmayıl Yürükoğlu vasitəsi ilə Əhməd Rza bəylə danışıqlar apardı. Ancaq jöntürk cərəyanı olduqca böyük zərbələr almışdı və siyasi təşkilatlanma mümkünsüz görünürdü. 1903-cü ildə Manastırda baş verən ayaqlanma isə bütün Makedoniyada olduğu kimi Salonikidə jöntürkləri də həyacanlandırdı.Həmin ilin avqustunda Mustafa Rəhmi bəy, Camal bəy, Mehmed Cavid bəy və Hacı Adil bəydən ibarət bir heyət Tələt bəyin rəhbərliyi ilə İngiltərə səfirliyinə gedərək siyasi təşkilatlanma fəaliyyətinə dəstək tələb etdi. Ancaq ingilislər yalnız mənəvi dəstək verə biləcəklərini bildirdilər. Əhməd Rza bəydən gələn xəbərlərə görə təşkilatın Paris şöbəsi də Salonikidəki müxaliflərə dəstək verə bilmirdi. Uzun müddət davam edən gizli iclaslar və müzakirələrin sonunda müxaliflər 1906-cı ilin iyulunda yeni bir təşkilatın yaradılmasına qərar verdilər və Tələt bəy, İsmayıl Canpolad bəy və Mithat Şükrü bəydən ibarət bir heyət,7 sentyabr 1906-cı ildə digər müxaliflərlə Hilal adlı bir cəmiyyətin qurulması barədə məlumat bildirdi.18 sentyabr 1906-cı ildə keçirilən ilk iclasda cəmiyyətin adı Osmanlı Hürriyət Cəmiyyəti olaraq dəyişdirildi. Təşkilat qısa zamanda bölgədəki bütün müxalifləri öz ətrafına topladı.Bunların əksəriyyəti isə kiçik rütbəli zabitlər idi.

Ölkədəki milli müxalif qüvvələri ayaqlandırmaq istəyən Paris mərkəzli İttihad və Tərəqqi cəmiyyəti isə yeni yaranan bu təşkilatla əlaqə qurdu və 27 sentyabr 1907-ci ildə 2 cəmiyyət birləşdi.Bu qərara görə Hilal təşkilatı cəmiyyətin tərkibində xüsusi bir komitə olaraq fəaliyyətə başladı. Tələt bəy isə bu komitənin katibi qismində, bir yandan imperiyanın qərb vilayətləri ilə və buradakı müxaliflərlə əlaqəni təmin edir,digər yandan isə İstanbuldakı komitə rəhbərləri ilə fəaliyyət planı hazırlayırdı.Ləqəb olaraq Əli Sai adını alaraq cəmiyyət daxilində sürətlə yüksəlməyə başladı.

Tələt bəy 1908-ci il inqilabında və ikinci məşrutiyyətin qəbul edilməsində önəmli rol oynadı və inqilabın ardından cəmiyyətin idarə heyətinə daxil olaraq İttihad və Tərəqqi cəmiyyətinin dövlət idarəsində hakim olduğu 1908-1918-ci ilərdə mühüm siyasi fiqurlardan biri oldu.1908-ci il seçkilərində Edirne millət vəkili olaraq Məclis-i Məbusana daxil oldu və birinci rəis vəkilliyinə gətirildi. 1909-cu ildə İngiltərəyə göndərilən parlament heyətinə rəhbərlik etdi.8 avqust 1909- cu ildə Daxili İşlər naziri seçildi. 4 fevral 1911 -cu ildə bu vəzifəsindən istehfa versə də, 4 fevral 1912-ci ildə Poçt və Teleqraf naziri olaraq hökumət kabinetində yer aldı.Mehmed Səid Paşa hökumətinin 16 iyul 1912-ci ildə istehfası ilə bu vəzifəsi başa çatdı və bir müddət cəmiyyətin daxili idarəsi ilə məşğul oldu. Ardından könüllü olaraq Birinci Balkan savaşına qatıldı. Ancaq apardığı müxalif propaqanda səbəb göstərilərək İstanbula göndərildi. 23 yanvar 1913-cü ildə baş verən Bab-ı Ali basqının həm təşkilatçılarından,həm də iştirakçılarından biri oldu. İkinci Balkan savaşı əsnasında Edirnenin geri alınması üçün hərbi hərəkat qərarının verilməsində önəmli rol oynadı və ardından Bolqarıstan təmsilçiləri ilə sülh müzakirəsi aparan heyətə rəhbərlik etdi.Mahmud Şövkət Paşa sui-qəsdinin ardından qurulan Səid Həlim Paşa hökumətində yenidən Daxili İşlər naziri oldu (12 iyun 1913).Bu tarixdən etibarən İttihadçıların dövlət idarəsini tamamilə ələ keçirməsindən qaynaqlanaraq Tələt Paşa İttihadçıların dövlət idarəsindəki 3 əsas şəxsindən biri oldu. Bir müddət istər daxili,istərsə də xarici siyasətdə önəmli rol oynadı.Birinci Dünya savaşına qatılma müzakirələrində iştirak etmiş,bu müzakirələrdə müharibənin lehinə fikir bildirdi.

Təhcir qanunu

1877-1878-ci ildəki rus-türk savaşı zamanı yerli ermənilərin Osmanlıya qarşı rus ordularının yanında döyüşdüyünü və cəbhə gerisində üsyanlar çıxardığını bilən Ənvər Paşa,Birinci Dünya savaşında eyni halın təkrar olunduğunu və türklərin dəhşətli soyqırıma məruz qaldığını görərək 2 may 1915-ci ildə Daxili İşlər naziri Tələt Paşaya göndərdiyi gizli teleqraf ilə üsyançı ermənilərin bölgədən uzaqlaşdırılmasını istədi. Erməni təhciri deyə anılan uyqulama Tələt Paşa tərəfindən başladıldı və 27 may Təhcir qanunu çıxardılaraq qüvvəyə mindi. Tələt Paşa Köç qanunu olaraq tanınan 27 may 1915-ci il qanunun çıxarılmasında və tətbiqində cəmiyyətin lider üzvü və ölkənin daxili işlər naziri olaraq yaxından iştirak etdi.

Tələt Paşanın Sədrəzəmlik dövrü

Sədrəzəm Səid Həlim Paşa ilə İttihadçıların münasibətlərinin pisləşməsinin ardından 1917-ci ilin yanvar ayında Tələt bəyin sədarətə gətirilməsi fikri irəli sürüldü. Nəhayət, 3 fevral 1917-ci ildə Səid Həlim Paşanın səhhətini səbəb göstərərək istehfa etməsinin ardından Tələt bəy, daxili İşlər naziri vəzifəsini saxlayaraq vəzirlik rütbəsi ilə sədrəzəmliyə (sədarətə) gətirildi.Beləliklə, Tələt Paşa Osmanlı tarixində sədrəzəmliyə gətirilən ilk millət vəkili oldu. 1918-ci ilin yanvar-fevral aylarında bolşeviklərlə aparılan Brest-Litovsk sülh müzakirələrini Osmanlı heyətinin birinci nümayəndəsi olaraq idarə etdi və İstanbula qayıtdı. Sultan V Mehmed Reşadın vəfatının ardından protokol ənənəsi olaraq hökumət kabineti istefa verdi. Ancaq taxta çıxan yeni padşah Sultan VI Mehmed Vahdeddin tərəfindən 8 iyul 1918-ci ildə yenidən sədrəzəmliyə gətirildi. Ancaq ABŞ prezidenti Tomas Vudro Vilsonun (1913-1921) vasitəçiliyi ilə Osmanlı dövlətinin yeni sülh müzakirələrinə başlaması Tələt Paşa hökumətinin fəaliyyətini çətinləşdirdi.Vilsonun düşüncələrinə görə insan haqları “Böyük Ermənistan və ermənilərin xilası “ ndan ibarətdir. Nəticədə 8 oktyabrda Tələt Paşa sədrəzəmlikdən istehfa etdi və oktyabr ayında Ahmed İzzet Paşanın yeni hökumət kabineti qurmasıyla vəzifəsi tamamilə sona çatdı.İttihad və Tərəqqi Cəmiyyətinin, təşkilatın ləğvinə qərar verdiyi 1 noyabr 1918 tarixli son iclasına rəhbərlik edən Tələt Paşa, o gecə Ənvər Paşa və Camal Paşa kimi cəmiyyətin digər önəmli üzvləri ilə birlikdə alman döyüş gəmisinə minərək Sevastopola getdi və ardınca Berlinə mühacirət etdi.

Tələt Paşanın son illəri

Bu tarixdən etibarən Əli Sai ləqəbi ilə vəzifə alaraq bolşeviklər və qalib dövlətlərlə əlaqələr qurdu. Bir neçə dəfə Mustafa Kemal Atatürk ilə də yazışmalar apardı. Damad Ferid Paşa hökuməti tərəfindən hərb divanına verilən Tələt Paşanın vəzirlik rütbəsi hələ məhkəmə işi başlanmadan ləğv edildi (12 mart1919). Tələt Paşa 15 mart 1921-ci ildə Berlində Daşnaksütun partiyasının təşkil etdiyi Nemesis əməliyyatı çərçivəsində Soqomon Teyleryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirildi. Ələ keçirilən cinayətkar əqli xəstə olması uydurması ilə məhkəmə tərəfindən sərbəst buraxıldı. Tələt Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi isə 22 il sonra İstanbula gətirilərək Hürriyət abidəsi yaxınlığında dəfn edildi.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ