Azərbaycan-Qırğızıstan işbirliyi yeni mərhələdə


Qırğız Respublikasının Prezidenti Sadır Caparovun Azərbaycana səfəri önəmli hadisədir. - Bu səfər yalnız Qırğız Respublikası və Azərbaycan üçün deyil, ümumən Türk dünyası üçün önəm daşıyır.
Sadır Caparovun səfəri Türk dünyasının daha da sıx inteqrasiyası üçün atılan addımlardan biri kimi tarixə düşəcək.

Öncələr də vurğuladığımız kimi Türk dünyası özünün yeni inkişaf mərhələsindədir. Mən deyərdim ki, Türk dünyası hətta dövrünü yaşayır və yenə də özəlliklə vurğulamaq istəyirəm ki, bu prosesdə Azərbaycanın liderlik etməsi bizi ikiqat sevindirir.

Mən səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlər, həmçinin digər bu kimi addımlarla bağlı ayrı-ayrılıqda danışmaq istəmirəm. Sadəcə onu vurğulamaq istəyirəm ki, bundan öncə Türküstandakı digər qardaş ölkələrin rəhbərlərinin Azərbaycana səfəri kimi Qırğızıstanın dövlət başçısının səfəri də bir çox aspektdən yaddaqalan və məhsuldar oldu.
Elə aprelin 24-də dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı cənab İlham Əliyevin dediyi “Bu il Azərbaycanda və Qırğızıstanda Türk Dövlətləri Təşkilatı çərçivəsində yüksək səviyyədə keçiriləcək qarşıdakı tədbirləri müzakirə etdik” fikri də deyilənləri bir daha təsdiq edir.
Səfəri yaddaqalan edən digər məqam isə Ağdamda təməli qoyulan məktəblə bağlıdır. Bəlli olduğu kimi, aprelin 25-də iki dövlət başçısı Füzuli və Ağdam rayonlarında olub, Ağdamda orta məktəbin təməlinin qoyulmasında iştirak ediblər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu da xoş bir ənənənin davamı kimi qiymətləndirilə bilər. Bəlli olduğu kimi qardaş Özbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəb, qardaş Qazaxıstan tərəfindən isə yenə də Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilərək Azərbaycana hədiyyə edilib. İndi isə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu, qardaşlığımızın sarsılmaz olduğunu göstərməklə yanaşı, həm də Türk dünyasının ulu Dədə Qorquddan gələn “dar gündə də, xoş gündə də birlikdə olmaq” ənənəsinin bu dəfə də işğaldan azad edilən Azərbaycan torpaqlarında davam etməsi deməkdir.
Bu, həmçinin Qarabağın bütün Türk dünyası üçün önəmini bir daha təsdiq edir. Yəni necə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsi ümumilkdə Türk dünyasının qəlbəsi kimi qəbul edildi, eləcə də indi Qarabağın dirçəldilməsində bütün Türk dünyası yaxından iştirak edir. Hesab edirəm, bu kimi addımlar Türk birliyinin daha da güclənməsinə təkan verir.

Qardaşlığımız əbədi olsun!

Fikrət ƏLİYEV
YAP Binəqədi rayon "UNİTY Company" ərazi partiya təşkilatının sədri


MANŞET XƏBƏRLƏRİ