Bitməyən Novruz…


Fikrət ƏLİYEV
YAP Binəqədi rayon “UNİTY Company” ərazi partiya təşkilatının sədri

Novruz tətilindəyik. Bu il Novruzu qarşılamağımız bir başqa cür oldu və bu ilki Novruz sanki bitməməlidir… Sovq-təbii bayram tətilinin uzanmasını istəyirik. - Bu, əsla işdən uzaq durmaq anlamı daşımır - bu, Novruzu daha dərinləməsinə, daha üfüqügeniş yaşamaq sevdasını ifadə edir. Sanki, Novruzu zamana yaymaq, qarşıdakı hər günə onun şirinliyindən bir qədər qatmaq istəyindəyik (inamındayıq)…
Bu Novruzun qarşıdakı günlərə paylanacaq şirinliyi, dadı-duzu gələn Novruzun xas günlərinədək sürəcək. Bir də gələn ilin Su, Od, Yel, Torpaq xas günlərindən, Novruzun özündən boğça tutub, bir sonrakı Yola (İlə) çıxacağıq…

Bəli, bu ilki Novruz bir başqadır.
44 günlük müharibədən sonra bayramlarımızı bayram kimi keçirirdik; lakin nə gizlədək, hər Şuşaya getdiyimizdə Xankəndinə həsrətlə boylanırdıq; harada tonqal qalasaq da, “inşallah Xocalıda tonqal çataq” diləyində bulunurduq.

Bu yaz nakam şairimiz Mikayıl Müşfiqi bir daha və daha çox andıq.
Çünki:
“Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır”!

Bu yaz, bu Novruz Qələbəmizin növbəti rəmzi ilə tanışdıq: Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı”dır! - Müzəffər Ali Baş Komandanımız belə buyurdu!
Məhz Xankəndidə, məhz Zəfər meydanıbda tobqal qalayan dövlət başçımız ötən illərimizi dəyərləndirib, bu günümüzü qiymətləndirdi, gələcəyə baxışımızı müəyyənləşdirdi.
“Əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır”. - Müstəqil Azərbaycanın dövlət başçısının Xankəndidən xalqa Novruz təbrikində dediyi bu sözlər bir dönəmin tam qapanmasının, yeni çağın başlanmasının təntənəsidir! Sözü imzası kimi keçərli olan Azərbaycan Prezidenti Xankəndidə Zəfər tonqalı qalamaqla əcdadımızın ruhunu şad etdi, gələcək nəslin yolunu aydınlatdı!
Bəli, ötən yüzilliyin 80-ci illərinin sonlarında Ermənistan güclü havadarları sayəsində bizə qarşı elanolunmamış müharibəyə başladı. Separatçı qüvvələrin hərtərəfli dəstəklənməsi, Qarabağın əsl yiyələrinə qarşı soyqırımı aktları törətmək yolu (yolsuzluğu) ilə ömrümüzün 30 ilini yedilər. - “Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər”. İndi Güney Qafqazda nüfuz savaşına girişən Qərb (Fransa, Avropa Birliyi), eləcə də, ATƏT-in Minsk qrupunun digər həmsədrləri, habelə rəsmi Tehran da tarixi məsuliyyət daşıyır.

Dövlət-xalq birliyi, şanlı ordumuz, qəhrəman şəhidlərimizin, qazilərimizin fədakarlığı sayəsində bu gün biz azad edilmiş Qarabağda qürurla qurur-yaradır, yaşayır və bayram tonqalı qalayırıq.
Dövlət başçımızın müjdələdiyi kimi, keçmiş köçkünlər bu il Xankəndiyə, Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə, digər şəhərlərimizə, kəndlərimizə qayıdacaq.
Bizim bayram sevincimiz yalnız rəmzlərlə ölçülmür; biz gerçək işlərin sevincini, uğurunu bölüşürük - bölüşürük ki, çoxalsın! Bu, əcdadımızın mədəni mirasıdır: kədəri bölüş - azalsın, sevinci bölüş çoxalsın!
Bu əziz Ramazan ayında, əziz Novruz günlərində məmnuniyyətlə bölüşürük ki, Qarabağda həyat qaynayır, ora insanlıq, mədəniyyət, ləyaqət qayıdır!
Budur, keçmiş qondarma rejimin “parlament” binası da artıq tam anlamı ilə keçmişdə qaldı. O binanın söküntü işlərinin fevralın 26-da başlaması da çox manidar idi...

“Fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”! - Bu mübarək sözlər də cənab Prezidüntin xalqa Novruz təbrikindəndir. Qoy, bu sözlər dosta da, dost ola bilməyənlərə də ismarıc olsun!
Xalqımızın Novruzu bir daha mübarək!


MANŞET XƏBƏRLƏRİ