Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib ki, Kiyevin ən azı beş ölkədən yeni enerji, humanitar və müdafiə yardım paketləri alacağı təsdiqlənib.
Turkustan.az xəbər verir ki, nazir bu barədə avropalı həmkarları ilə keçirdiyi müzakirələrdən danışarkən bildirib.
Sibiha qeyd edib ki, görüşlərdə Ukraynanın ehtiyacları, Rusiyanın Kiyevdəki məlumat mərkəzlərinə və körpülərə hücumları, eləcə də bu hücumların yaratdığı risklərin minimuma endirilməsi məsələləri müzakirə olunub.
Nazir Rusiya idmançılarının beynəlxalq yarışlara və mədəni tədbirlərə qayıtmasına da etiraz edib. Onun sözlərinə görə, Rusiyanın davranışında heç nə dəyişmədiyi halda, rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması qəbuledilməzdir. Sibiha hesab edir ki, rusiyalı idmançıların iştirakına icazə verən beynəlxalq federasiyalar və yarışlar maliyyə nəticələri ilə üzləşməli, həmin tədbirlər boykot edilməlidir.
Danışıqlarda Ukraynanın büdcə kəsiri və makromaliyyə sabitliyi məsələləri də diqqət mərkəzində olub. Sibiha bildirib ki, müzakirələr zamanı kredit vəsaitlərinin ikinci hissəsinin gələn ildən cari ilə keçirilməsi, eləcə də maliyyə dəstəyi göstərən ölkələrin sayının artırılması təklifləri səsləndirilib. Bu təşəbbüsə Avropa İttifaqına üzv olmayan Avropa ölkələrinin də cəlb edilməsi nəzərdə tutulur.
Nazir NATO-nun Ankarada keçirilən sammitində ölkələrin üzərinə götürdüyü öhdəliklərin, ikitərəfli razılaşmaların və dəstək paketlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Bu müharibə təkcə Ukrayna ilə bağlı deyil, həm də Avropa İttifaqının maraqlarına təsir göstərir. Rusiya artıq sadəcə qapıları döymür, onları sındırır və əgər açmasalar, divarı sındıracaq. Bununla bağlı heç bir illüziyaya ehtiyac yoxdur. Özünüzü illüziyalarla əyləndirə, aldada bilərsiniz, amma bu, təhlükəni aradan qaldırmır”, – Sibiqa bildirib.
O, həmçinin tərəfdaşlarla Qara dənizdə naviqasiya azadlığının bərpasını və Ukrayna üçün əlavə müdafiə yardımı paketlərini müzakirə etdiklərini deyib.
Ukraynanın yaxın gələcəkdə tərəfdaşlarından yeni müdafiə paketləri alıb-almayacağı ilə bağlı suala cavab verən nazir əlavə enerji, humanitar və müdafiə yardımlarının olacağına əminliyini ifadə edib.
Sibiqa ən azı beş ölkədən yeni yardım paketlərinin ayrılmasının təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, yardım göstərəcək ölkələr artıq məlumdur, lakin paketlərin həcmi hazırda dəqiqləşdirilir.
Aytən Yaşar/Turkustan.az