Azərbaycanda məktəblərdə hicab məsələsi və vahid məktəbli formasının tətbiqi ilə bağlı müzakirələr davam edir. Dini geyim ətrafında yaranan fikir ayrılıqları ilə yanaşı, təhsil müəssisələrinin daxili qaydalarına müdaxilə və məktəblərə kənar təsir göstərilməsi məsələsi də gündəmə gəlir.
Məktəblərin dünyəvi təhsil prinsiplərinə uyğun fəaliyyət göstərməsi və hər hansı dini və ya ideoloji yanaşmanın təhsil müəssisələrinə qəbul etdirilməsi cəhdləri cəmiyyətdə fərqli fikirlərin səslənməsinə səbəb olur.
Mövzu ilə bağlı müzakirələrdə məktəblərin fəaliyyətinə kənar müdaxilələrin yolverilməz olduğu, təhsil müəssisələrinin qanunvericiliyə və müəyyən edilmiş daxili qaydalara uyğun fəaliyyət göstərməsinin vacibliyi vurğulanır. Bununla yanaşı, azyaşlı uşaqların hicab taxması və bu qərarın onların şəxsi seçimi olub-olmaması məsələsi də diqqət mərkəzindədir.
Turkustan.az mövzu ilə bağlı "Xan Şuşinski fondu"nun rəhbəri Bəyimxanım Verdiyevanın fikirlərini öyrəndi.
"Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dini inanclara hörmətlə yanaşılır. Dövlətimiz, xalqımız tolerant , multikultural dəyərlərə çox böyük hörmətlə yanaşır. Tarixə nəzər saldıqda görürük ki əsrlər boyu Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri yaşayıb və yaşamaqdadır.
Biz bir xalq bir dövlət olaraq, hər xalqın, dilinə dininə, adət ənənələrinə hörmətlə yanaşmışıq. Azərbaycanda təhsil sistemi dünyəvi prinsiplərə əsaslanır. Məktəb elm, bilik məkanıdır. Yetişməkdə olan gənc nəsilin dünyagörüşünün genişlənməsi, müstəqil düşüncə və müasir biliklərə yiyələnməsi əsas prioritet olmalıdır. Dünyəvilik qəti surətdə dinə qarşı mövqe deyildir.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq məktəblərdə vahid formanın qəbul edilməsi məktəblərdə şagirdlər arasında bərabərlik yaradır. Və bu təhsilin keyfiyyətinə müsbət təsir edir. Mən Bakıda Qırmızı Əmək bayrağı ordenli 190 nömrəli məktəbdə təhsil almışam. O dövrdə elm, təhsil almaq üçün hər birimiz təsdiq edilmiş formada məktəbə gələrdik. Bu uğurlu təhsil sisteminin inkişafına mühüm təsirini göstərirdi. Əsasən qızlarımız gələcəyin analarıdırlar.Savadlı ana,gələcəyə savadlı övlad yetirir. Milli mənəvi dəyərlərimizi uca tutaraq, məktəbə təhsil almağa gələn hər bir qız övladımız təhsil ocağının əsas tutduğu qanunlara riayət edərək, gələcəyin, yüksək dünyagörüşlü, savadlı kadrı kimi yetişməlidirlər".
Aytən Yaşar/ Turkustan.az