Avropa İttifaqına (Aİ) üzv dövlətlərin liderlərinin iki günlük zirvə görüşü Brüsseldə başlayıb.
Turkustan.az xəbər verir ki, toplantıda büdcə, enerji qiymətləri, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hadisələr, genişlənmə prosesi və miqrasiya məsələləri müzakirə olunacaq.
Avropa Şurasının prezidenti Antonio Kosta sosial şəbəkə hesabında sammitin başladığını elan edib.
Zirvə görüşünün ilk sessiyasında Aİ liderləri iqtisadi siyasətlərin həyata keçirilməsində əldə olunan irəliləyişi və 2026-2027-ci illəri əhatə edən “Bir Avropa, Bir Bazar” gündəliyini qiymətləndirəcəklər.
Kosta sammitin məhz bu gündəliklə başlayacağını bildirib. O, öhdəliklərin konkret addımlara çevrilməsinin vacibliyini vurğulayaraq deyib:
“Qətiyyətimizi qorumalı və hədəflərimizə doğru daha sürətli irəliləməliyik. Məqsədimiz avropalılar üçün daha çox iş yeri, daha güclü biznes və daha yaxşı həyat təklif etməkdir”.
Avropa Parlamentinin prezidenti Roberta Metsola isə sammitdən əvvəl jurnalistlərə açıqlamasında Rusiyanın Ukraynaya qarşı artan hücumlarına diqqət çəkib.
“Avropanın hazırda edə biləcəyi ən pis şey diqqətini başqa yerə yönəltmək olardı”, – Metsola bildirib.
Aytən Yaşar/Turkustan.az