İranın Ermənistandakı səfiri Xəlil Şirqolami növbəti dəfə təxribatçə açıqlama verib.
Turkustan.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında birbaşa əlaqə və regiondakı nəqliyyat layihələri ilə bağlı Tehranın mövqeyini açıqlayıb.
Səfir sentyabrın 17-də TRIPP layihəsinə həsr olunmuş konfransda çıxışı zamanı Ermənistanın tranzit və iqtisadi potensialının artırılmasının İranın da maraqlarına uyğun olduğunu bildirib.
“Ermənistanın güclənməsi, eləcə də coğrafi, tranzit və iqtisadi potensialından maksimum istifadə etməsi İranın maraqlarından irəli gəlir”, – deyə Şirqolami bildirib.
İran diplomatının sözlərinə görə, Tehran “Zəngəzur dəhlizi” adlandırılan layihəyə qarşıdır.
“İran Zəngəzur dəhlizi ideyasına qəti və aydın şəkildə qarşı çıxıb”, - səfir deyib.
Şirqolami qeyd edib ki, alternativ nəqliyyat layihələrində də Ermənistanın suverenliyi və ərazi bütövlüyü İran üçün əsas məsələ olaraq qalır.
“İstənilən alternativ layihə çərçivəsində Ermənistanın milli suverenliyinin və ərazi bütövlüyünün qorunması İran üçün qırmızı xətdir”, - deyə o vurğulayıb.
Səfir eyni zamanda diplomatik etikanı aşaraq Azərbaycana qarşı konkret tələb irəli sürüb.
“Azərbaycan Ermənistanla İran arasında Naxçıvan vasitəsilə əlaqənin təmin edilməsinə görə məsuliyyət daşımalıdır”, - Şirqolami bildirib.
İran diplomatının sözlərinə görə, Arazdəyən-Culfa dəmir yolu xəttinin yaradılması Ermənistanın tranzit imkanlarını artıra bilər. O, bildirib ki, belə bir marşrut Ermənistanı Körfəz-Qara dəniz nəqliyyat bağlantısında mühüm qovşağa çevirə bilər./modern.az