Fransanın Sen-Deni şəhərində orta məktəb şagirdinin saxlanılmasına etiraz edən məktəb işçiləri ilə polis arasında qarşıdurma yaşandığı bildirilir.
Turkustan.az xəbər verir ki, Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlərin etirazları davam edir. Parisin ətrafında yerləşən Sen-Deni şəhərindəki Pol Elüar Liseyinin şagirdləri də həftələrdir aksiyalarda iştirak edirlər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə mülki geyimli şəxslərin məktəbdən bir gənci aparmağa çalışdığı görünür. Videoda iki nəfərin gəncin qollarından tutaraq onu aparmağa cəhd etdiyi, ətrafdakıların isə buna mane olmağa çalışdığı əks olunub.
Həmin şəxslərin qollarında üzərində “polis” yazılmış narıncı qolbaqlar olduğu görünür. Hadisə zamanı ətrafdakıların “Şagirdimizi azad edin” və “Bunu etməyə haqqınız yoxdur” deyə qışqırdığı eşidilir.
Milli medianın məlumatına görə, Pol Elüar Liseyinin əməkdaşları məktəbdə baş verən hadisələrlə bağlı açıqlama yayıblar.
Aytən Yaşar/Turkustan.az