Həsən bəy Zərdabinin ictimai-siyasi görüşləri



Müstəqil Ağayev
MEA Fəlsəfə və Sosiologiya İnstitutu
Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı
elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
do
sent, Qabaqcıl Maarif Xadimi

(I yazı)

Azərbaycan xalqının mədəniyyət tarixində görkəmli maarifpərvər və təbiətşünas alim H.B.Zərdabi xüsusi mövqeyə malikdir. O, 40 ildən artıq bir dövr ərzində Azərbaycan xalqının səadəti və tərəqqisi uğrunda əzm ilə mübarizə aparmışdır. Öz həyatının mənasını xalqının xoşbəxtliyi uğrunda mübarizədə görən Zərdabi zəngin və çoxşaxəli bir həyat yolu keçmişdir. Xalqımızın maddi və mənəvi həyatının elə bir sahəsi olmamışdır ki, bu böyük şəxsiyyəti düşündürməsin.

Zərdabi öz qarşısına məhrumiyyət içərisində yaşayan Azərbaycan xalqını yoxsulluqdan, cəhalət və avamlıqdan xilas etmək kimi nəcib bir məqsəd qoymuşdu və bunun üçün ən uğurlu bir vasitə kimi maarifçiliyi seçmişdi. Azərbaycan xalqının mövhumat, xurafat və orta əsr geriliyinin hökm sürdüyü, rəzalət və zülmət içərisində çapaladığı bir dövrdə Zərdabi maarif məşəli yandırmış və omrünün sonuna kimi bu məşəli əlindən yerə qoymamışdır. “Maarifdən, elmdən məhrum olan bir xalq işıqdan məhrumdur, ” – deyən Həsən bəyin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı olmuşdur. O, haqlı olaraq Azərbaycanda ana dilində təhsilin, özü də qadın təhsilinin banisi hesab olunur.

Moskvada təhsil aldığı illər Zərdabinin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Bu illərdə o, mütərəqqi fikirli, sağlam düşüncəli rus ziyalıları ilə tanış olmuş, inqilabi əhval-ruhiyyəli tələbələrlə daim təmasda olmuşdur. Tələbəlik illəri Rusiya ictimai həyatının çox mühüm bir dövrünə təsadüf edir. 60-cı illərdə Rusiyada inqilabi şəraitin təsiri altında ictimai həyatda canlanma prosesi başlanmışdı. Elmə, biliyə həvəs xeyli artmışdı. Həsən bəy Zərdabiyə Moskvada qalmaq təklif edilsə də, o, böyük ideal və amallarla doğma vətəniAzərbaycana qayıdır. Bütün ömrünü xalqını gerilikdən və fəlakətdən xilas etmək uğrunda mübarizəyə sərf edir.

Zərdabinin qələm yoldaçlarından biri olan publisist H.Bayzdenko Həsən bəyin fəaliyyətindən danışarkən, onu Çernışevskinin qəhrəmanına bənzətmiş və yazmışdı: “Çernışevskinin qəhrəmanları necə hərəkət etmişsə, Həsən bəy də o cür hərəkət etmişdi. Həsən bəy “Nə etməli?” nin resepti üzrə fəaliyyət göstərirdi.”

Zərdabi təhsildən qayıtdıqdan sonra Tiflis “Mejevaya palata” idarəsinin 8-ci mejevoy komissiyasında xidmət edir, bir müddət sonra Qubada məhkəmə katibi vəzifəsində işləyir. Bu vəzifələrdə çalışarkən, o, yerli mülkədarların, bəylərin, çar məmurlarının özbaşınalığının, kəndlərdə hökm sürən hüquqsuzluğun, rüşvətxorluğun şahidi olmuş, hüquqları tapdalanan, var-yoxdan çıxmış yoxsul kəndlilərin müdafiəçisi kimi çıxış etmişdir. Zərdabi kəndlilərin hüquqlarını onlara başa salmaqla bərabər, mülkədar və çar çinovnikləri ilə də açıq mübarizəyə girişmişdir.

1869-cu il noyabr ayının18-də Qafqaz məktəb dairəsi müdirinin əmri ilə Bakı realnı gimnaziyasına təbiiyyat tarixi müəllimi vəzifəsinə təyin edilir. Zərdabi bütün səy və bacarığını xalqa xidmət işinə sərf etməyə başlayır. O, yalnız dərs deməklə kifayətlənmir, həm də azərbaycanlıları məktəbə cəlb etmək, “cəmiyyəti-xeyriyyə” düzəltmək və sair işlərlə məşğul olur.

1872-ci ildə Zərdabi yoxsul tələbələrə maddi kömək etmək və bəzi mədəni tədbirləri həyata keçirmək üçün “cəmiyyəti-xeyriyyə” düzəldir və bu məqsədlə Şamaxıdan başlamış Gəncəyə-Qarabağa qədər, demək olar ki, Azərbaycanın bütün şəhər və kəndlərini gəzir.

Zərdabi realnı məktəbdə işlərkən, Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatını dərindən öyrənir və belə bir qənaətə gəlir ki, uzun illər ərzində xalqın yadelli işğalçıların hücumuna məruz qalması, habelə, çarizmin başqa ucqarlar kimi, burada da müstəmləkə siyasəti yeritməsi nəticəsində çoxəsrlik bir mədəniyyətə malik olan Azərbaycanda əhalinin əksəriyyəti cəhalət və zülmət dumanı içərisində boğulmaqdadır.

Keçən əsrin sonuna kimi Azərbaycan kənd təsərrüfatı ölkəsi olaraq qalmaqda idi. Azərbaycan başdan-başa savadsızlar ölkəsi idi. Çar hökumətinin yerli idarə orqanları və habelə yerli feodallar, zəhmətkeşlərin ağır zülm və işkəncələrə dözə bilməyəcəklərindən qorxaraq, hər vasitə ilə xalqı cəhalət, əsarət və zülmətdə saxlamağa çalışırdılar.

Həsən bəy fəaliyyətə başladığı dövrdə Azərbaycanda hələ də feodal-patriarxal münasibətləri, mövhumat, cəhalət və xurafat hökm sürməkdə idi. Buna görə də Zərdabi anlayırdı ki, yalnız bir-iki mədəni tədbiri həyata keçirməklə iş bitməz. O özünün dediyi kimi, “yuxulu qardaşlarını qəflət yuxusundan oyatmaq və bütün xalqın “qəlbinə daxil olmaq” üçün daha kəsərli vasitə axtarır. O belə bir vasitəni xalqın mənəvi inkişafında, elmin və maarifin geniş yayılmasında misilsiz əhəmiyyəti olan , xalqın öz ana dilində qəzetin çıxmasında görürdü.

Həsən bəy Zərdabi bu barədə yazırdı: “ Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb , küçə və bazarlarda qalan uşaqları oxutmalıyıq. Elmsiz isə bu zəmanədə dolanmaq mümkün deyil. Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir əlac yoxdur. Olmaz ki, mənim səsimi eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə əriyib deşilər, habelə söz də , ələlxüsus, doğru söz, mirur ilə qanmazın başını deşib beyninə əsər edər. Belədə qəzet çıxartmaqdan savay bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın.

Hər ildə on qəzet oxuyanlardan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi, suyu axmağa qoymurdu, rəxnə tapar və su mirur ilə bəndi uçurub aparar.”

Nəhayət, 1875-ci il iyul ayının 22-də Həsən bəy Zərdabi Rusiyada Azərbaycan dilində ilk qəzet olan “Əkinçi”ni nəşr etməyə müvəffəq olur. O öz qəzetinin əsas məqsədini və vəzifəsini şərh edərkən yazırda: “Qəzetin muradı xalqın gözünü açmaqdır. Qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikü bədindən xəbərdar olub, onun əlacının dalıncan olsun.”

“Əkinçi” qəzeti öz nəşri illərində (1875-1877) məhz bu vəzifələri layiqincə yerinə yetirmişdir. Xalqın səadəti uğrunda, xalqın gözünü açmaq, onu elmə, mədəniyyətə qovuşdurmaq uğrunda mübarizə “Əkinçi” qəzetinin əsas məzmununu təşkil etmişdir. Mülkədarlar, bəylər, ruhanilər, çar çinovnikləri, xalqın avamlıq və cəhalətindən öz məqsədləri üçün istifadə edənlərin hamısı qəzetə düşmənçilik münasibəti bəsləyirdi. “Əkinçi”nin maarifçilik fəaliyyəti onların hamısının nifrət və qəzəbinə səbəb olmuşdu.

Zərdabiyə və “Əkinçi”yə qarşı böhtan və hədələrin ardı-arası kəsilmirdi. Lakin bu böhtan və hədələr , açıq hücumlar xalq işi uğrunda mübariz olan Zərdabinin mətin iradəsini qıra bilmədi. O, gələcəyə dərin bir inamla baxırdı Onda xalqın cəhalət və qəflət yuxusundan oyanacağına qəti bir inam hasil olmuşdu. Qarabağdan aldığı kobud və təhqiredici bir həcvə o, belə cavab vermişdi: “Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhədində bir daş qoyub, üstündə zikr olunan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar o yazılara baxıb bilsinlər ki, mən bu cəhalət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda

Necə nadanlara rast gəlmişəm.” Zərdabi öz həmfikirləri və məsləkdaşları- maarifpərvər şair S.Ə.Şirvani, dramaturq Nəcəf bəy Vəzirov, Əhsənül Qəvaid, Əskər Gorani, Əlizadə Şirvani və başqaları ilə birlikdə irticaçılara qarşı kəskin ideya mübarizəsi aparmışdır. “Əkinçi”nin maarifçilik fəaliyyətindən çar hökuməti də narahat olmağa başlamışdı. Zərdabi özü “siyasi cəhətdən etibarsız, hökumət və dövlət üçün çox təhlükəli adam” elan edilərək gizli və aşkar surətdə təqiblərə məruz qalırdı.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ