DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən sosial şəbəkə və digər onlayn platformalarda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
DİN-dənverilən xəbərə görə, növbəti tədbir zamanı “TikTok”, “Instagram” və bu kimi sosial şəbəkələrdən istifadə edən qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən 22 yaşlı Rəşad Məmmədov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, R.Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsi ilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb. Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.
Onun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digər şəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.