Sentyabr ayına qədəm qoyandan yollarda nəqliyyat vasitələrinin artımını müşahidə edirik. Sentyabrın 15-dən, yəni yeni dərs ili başlayanda isə tıxacların daha da artacağı ehtimal olunur.
Belə baxanda heç yay aylarında da tıxacsız günümüz olmur. Dərs ili başlayanda isə yollarda nəqliyyat sıxlığı dözülməz hal alır. Yenə də tıxac ucbatından işə, görüşə gecikmələrlə, yollarda lüzumsuz zaman itkisi ilə üzləşəcəyik. Tıxac dünyanın demək olar ki, hər ölkəsində var. Xüsusən də paytaxt sakinləri pik saatlarında çox əziyyət çəkir.
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycan bəlkə də nadir ölkələrdəndir ki, burada günün pik saatını müəyyənləşdirmək mümkün deyil.
Mütəxəssis qeyd edib ki, tıxacların aradan qaldırılması ilə bağlı atılan addımlar isə səmərə vermir, çünki kompleks xarakter daşımır:
“Məsələn, yollar genişləndirilir ,effekti qısamüddətli olur. Şəhərsalma ekspertləri deyir ki, yeni və geniş yol özünə yeni maşınlar cəlb edir. Yəni nə qədər yolu genişləndirsən bir o qədər çoxlu maşın həmin yola üz tutar. İctimai nəqliyyat üçün ayrıca zolaqlar çəkildi, yolun digər hissəsində tıxac daha da çoxaldı. Əlbəttə, bu addım düzgün idi. Heç olmasa, ictimai nəqliyyatın funksionallığı artmağa başladı. Ancaq ictimai nəqliyyat yollarının ayrılması digər maşınların yolunu daha da darlaşdırdı və tıxacı artırdı. Hətta elə küçələr oldu ki, orada maşınların gediş zolağı dəfələrlə azaldıldı. Çünki avtobus zolağı ilə yanaşı hələ ki, populyar olmayan velosiped zolaqları da peyda oldu. Qarşıda bizi yeni tıxac dövrü gözləyir. Yenə də narazılıqlar, hökumətdən gözləntilər, təkliflər artacaq”.
S.Əliyevin fikrincə, hökumətin əsas hədəfi yolları genişləndirmək, şəxsi maşınların istifadəsini məhdudlaşdırmaq yox, ictimai nəqliyyatın əhali üçün cəlbediciliyini artırmaq olmalıdır. Müəyyən hallarda şəxsi maşınlara münasibətdə məhdudlaşdırma tətbiq edilə bilər, ancaq əsas vurğu ictimai nəqliyyatın populyaşması üzərinə qoyulmalıdır:
“Hər gün Sumqayıt-Xırdalan -Bakı -Xırdalan-Sumqayıt marşrutu üzrə qatar işləyir. Bu marşrut üzrə qatarlar gün ərzində cəmisi 10-12 reys (səhər və axşam saatlarında) edir. Halbuki həmin reys gün ərzində hər 20-30 dəqiqədən bir təşkil edilsə, sərnişinlərin də sayı artar. Bu reys 10:30-16.00 arası və 21:00-dan sonra işləmir. Halbuki mütəmadi reyslər Sumqayıt-Bakı yolunda tıxacı əhəmiyyətli dərəcədə azaldar”.
Ekspert metro xəttinin Xırdalanadək uzadılmasını təklif edib. Onun sözlərinə görə, bu, Bakı-Sumqayıt yolunda tıxacları əhəmiyyətli dərəcədə azaldar. Xocahəsəndən Xırdalan metro xətti çəkmək üçün ciddi maneə yoxdur. Metro xəttinin çəkilişinin həm də ekoloji faydası var.
O, ictimai nəqliyyatın pulsuz olması ilə bağlı fikirlər də səsləndirib:
“Yəqin ki, ictimai nəqliyyatda qiymətlərin bahalaşacağı ilə bağlı xəbərlərin dolaşdığı bir vaxtda belə təklif utopik səslənə bilər. Ancaq niyə də yox? Lüksemburq, Malta, Serbiya və hətta vaxtilə Azərbaycanla eyni siyasi-iqtisadi məkanı bölüşmüş Estoniyada ictimai nəqliyyat pulsuzdur. Fransa, Böyük Britaniya, Polşa, İsveç, İslandiya kimi ölkələrin bəzi şəhərlərində sərnişinlər pulsuz nəqliyyatdan istifadə etmək imkanına malikdirlər. Getdikcə ictimai nəqliyyatı əhaliyə pulsuz xidmət göstərən ölkələrin sayı artır. Azərbaycanda Bakıda bunu tətbiq etmək olar. İlk olaraq metrodan başlamaq olar”.
Ekspert sonda vurğulayıb ki, bütün bunlarla yanaşı, şəxsi maşınlara münasibətdə məhdudiyyətlərin tətbiqinə başlamaq olar. /Sfera.az/