Hindistanda daşqın faciəsi can aldı.
Turkustan.az xəbər verir ki, Hindistanın Uttarxand ştatında yerləşən dağlıq Dharali kəndində baş vermiş daşqın nəticəsində azı 4 nəfər həyatını itirib, 50 nəfər isə itkin düşmüş hesab olunur.
Səlahiyyətli orqanların verdiyi məlumata görə, güclü bulud partlayışı bölgədə torpaq sürüşməsi və daşqınlara səbəb olub. Sürətlə yağan yağış dağlardan aşağı enərək kəndi bürüyüb, qarşısına çıxan evləri, otelləri və qonaq evlərini dağıdıb.
Yerli telekanalların yayımladığı görüntülərdə daşqın sularının yaşayış məntəqələrini bürüməsi, insanların təşviş içində qaçmağa çalışması və polisin çay sahillərindən uzaq durmaq barədə xəbərdarlıqları əks olunub.
Şahidlərin sözlərinə görə, 10-12 nəfər dağıntılar altında qalıb, 20-dən çox otel və qonaq evi isə su altında qalıb. Polis əhaliyə və ərazidə olan heyvanlara təhlükə səbəbindən su basmış zonalardan uzaq durmaq çağırışı edib.
Uttarxand ştatının baş naziri Pușkar Singh Dhami açıqlamasında bildirib ki, bölgəyə çoxsaylı axtarış-xilasetmə qrupları göndərilib:
“Dharalidəki dağıntılar çox üzücüdür. Bütün komandalar fəal şəkildə işləyir. Hər kəsin təhlükəsizliyi üçün dua edirəm.”
Himalay dağlarında yerləşən Uttarxand əyaləti son illərdə iqlim dəyişikliyinin təsiri ilə tez-tez daşqınlar və torpaq sürüşmələri ilə qarşılaşır. Bu gün bölgə üçün qırmızı kodlu hava xəbərdarlığı elan olunub. Sinoptiklər yağışların həftə boyunca davam edəcəyini proqnozlaşdırırlar.
Aytən Yaşar/ Turkustan.az