Aİ Latın Amerikası ölkələri ilə ticarət sazişi imzalamağa hazırlaşır


Avropa İttifaqı (Aİ) Komissiyası Argentina, Braziliya, Paraqvay və Uruqvayın daxil olduğu MERCOSUR bloku və Meksika ilə imzalanması nəzərdə tutulan ticarət razılaşmalarının hüquqi mətnlərini hazırlayaraq üzv dövlətlərə təqdim edib.

Turkustan.az xəbər verir ki, Aİ Komissiyası bu sənədləri təsdiq və imza üçün Aİ Şurasına göndərib. Məlumatda bildirilir ki, Aİ-MERCOSUR Tərəfdaşlıq Sazişi və Aİ-Meksika Modernləşdirilmiş Qlobal Sazişi, Aİ-nin iqtisadi əlaqələrini şaxələndirmək və siyasi mövqeyini gücləndirmək məqsədilə atdığı mühüm addımlardır.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bu razılaşmaları "Aİ-nin iqtisadi gələcəyi üçün dönüş nöqtəsi" adlandıraraq bildirib:

“Biz ticarətimizi şaxələndirir, yeni tərəfdaşlıqlar qurur və iş imkanları yaradırıq. Bu razılaşmalar şirkətlərə, kənd təsərrüfatı və qida sektoruna aşağı tariflər və xərclər vasitəsilə sürətli faydalar gətirəcək.”

Von der Leyen vurğulayıb ki, geosiyasi qeyri-sabitliyin artdığı dövrdə bu sazişlər Aİ-ni etibarlı ticarət tərəfdaşlarına daha da yaxınlaşdıracaq və qlobal çağırışlarla birgə mübarizə üçün güclü platforma yaradacaq.

O əlavə edib ki, Aİ-nin fermerləri və üzv dövlətlərinin narahatlıqları nəzərə alınıb və onların dəstəyini təmin etmək üçün hüquqi zəmanətlər hazırlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ